İnsanlara hürriyət, millətlərə istiqlal!

BVF rəhbərindən 2023 xəbərdarlığı - Azərbaycan iqtisadiyyatını nə gözləyir?

1154 07.01.2023 09:29 İqtisadiyyat A A

Ekspert: “İqtisadiyyatımız enerji bazarlarına bağlı olaraq qalırsa...”

Postpandemiya dövrünü keçmədən Ukraynadakı işğalçı müharibənin ağır mənfi təsirləri ilə üzləşən qlobal iqtisadiyyatla bağlı 2023-cü ilə dair gözləntilər xeyli ziddiyyətlidir. Məsələn, Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti Kristalina Georgiyeva xəbərdarlıq edib ki, 2023 dünya iqtisadiyyatının böyük hissəsi üçün çətin il olacaq. O, CBS televiziyasına müsahibəsində qlobal iqtisadiyyatla bağlı qiymətləndirmələr edib.

BVF-nin 2023-cü ildə mümkün iqtisadi tənəzzül gözləntilərinə dair suala Georgiyeva “Dünya iqtisadiyyatının çox hissəsi üçün bu il, geridə qoyduğumuz ildən daha çətin olacaq”, - şəklində cavab verib.

BVF rəhbəri buna səbəb kimi ABŞ, Avropa İttifaqı (Aİ) və Çin kimi 3 böyük ölkənin iqtisadiyyatının yavaşlamasını göstərib. Eyni zamanda ABŞ-ın ən dözümlü olduğuna diqqət çəkən Georgiyeva ölkədə əmək bazarının kifayət qədər güclü olduğunu, ABŞ iqtisadiyyatının tənəzzüldən sağ çıxa biləcəyini bildirib.

BVF İcraçı direktorunun birinci müavini Gita Qopinat isə hesab edir ki, ABŞ-da inflyasiyanın tam cilovlandığını söyləmək çox tezdir. Onun “Financial Times” müsahibəsində qeyd olunur ki, Federal Ehtiyatlar Sisteminin(FED) qələbədən danışması mümkün deyil: “Əmək bazarı indikatorlarına, həmçinin inflyasiyanın davamlı komponentlərinə nəzər yetirsək, inflyasiya probleminin həll olunduğunu söyləyə bilməri. Xüsusilə xidmət sektorundakı qiymətlər buna imkan vermir”.

G.Qopinatın sözlərinə görə, BVF buna görə də FED-ə sərt monetar siyasəti davam etdirməsini məsləhət görür. BVF rəsmisinin fikrincə, ABŞ Mərkəzi Bankı məhdudlaşdırıcı monetar siyasətini inflyasiyanın enerjidaşıyıcıları və ərzaq bazarından kənardakı seqmentlərdə də qəti azalmasına qədər davam etdirməlidir.

BVF rəhbərindən ŞOK XƏBƏRDARLIQ

BVF rəsmisi FED-in uçot dərəcəsini 5 faizə qaldırmasını və 2023-cü ilin axırınadək bu səviyyədə saxlamasını zəruri hesab edir. Digər bir çox maliyyəçilərdən fərqli olaraq, G.Qopinat FED-in uçot siyasətini ifrat sərt saymır.

Maraqlıdır ki, iki gün əvvəl FED üzvlərinin müzakirə protokolunun mətbuata sızması faktı qeydə alınıb. Protokoldan aydın olur ki, qurum rəhbərliyi ən azı cari ilin sonunadək uçot dərəcəsinin azaldılmasını müzakirə belə etmək niyyətində deyil. Bu məlumatın yayılması qlobal bazarlarda, xüsusilə səhm və maliyyə sahəsində bədbinliyin artmasına səbəb olub.

Qeyd edək ki, son iki ayda ABŞ və Avropa İttifaqında inflyasiyanın sürətində azalma qeydə alınmaqdadır. “Evrostat” statistika agentliyinin məlumatına əsasən, ötən ilin dekabrında zonada inflyasiya noyabrdakı 10,1 faizdən 9,2 faizə düşüb.

Xatırladaq ki, noyabrda Avrozonada inflyasiya oktyabrdakı 10,6 faizdən 10,1 faizə düşmüşdü. Analitiklər dekabrda inflyasiyanın 9,6 faizə qədər zəifləyəcəyini proqnozlaşdırırdılar. Daha kəskin azalmada əsas rolu neft və qaz qiymətlərinin azalması oynayıb. Buna görə də anailitiklər inflyasiyanın azalma dinamikasının  davamlı olması üçün enerjidaşıyıcıları bazarında sabitliyin olmasını əsas şərtlərdən biri hesab edirlər.

Dünya iqtisadi mərkəzlərindən biri olan Çində pandemik vəziyyət getdikcə kəskinləşir, koronavirusa yoluxma halları milyonlarla ölçülür. Bu amil əksər qlobal bazarlarda enişə səbəb olmaqdadır. Pandemiyanın geniş yayılması fonunda Çində gözlənilən iqtisadi artıma nail olunması real görünmür ki, bu da bazarlar üçün ciddi neqativ təsir deməkdir.

BVF rəhbərinin gözləntiləri nə qədər realdır? Qlobal iqtisadiyyat, o cümlədən Azərbaycan iqtisadiyyatı bu ili necə başa vuracaq?

Yaxın gələcəkdə siyasi məhbus problemi gündəmdən düşəcək" - Natiq Cəfərli »  Qlobal.Az

Natiq Cəfərli

İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, dünya son 3 ildir ki, orbitindən çıxıb: “Bütün bilinən-bilinməyən, yazılan-yazılmayan qaydalar pozulub, insan haqq və azadlıqlarına təhdidlər artıb, qlobal dünyadan fraqmental dünyaya sancılı, ağrılı, təhlükələrlə dolu keçid baş verir və bu keçid sürəci azı bir neçə il hələ çəkəcək. 2020-ci ildə elan olunan ”pandemiyanın" idarə edilməsində dünya sinifdə qaldı, bilərəkdən, ya bilməyərək iqtisadiyyata ağır zərbə vuruldu, virusla mücadilədə biznesə və ev təsərrüfatlarına dəstək adı altında 17 trilyon dollarlıq vəsait iqtisadiyyata səpildi. Amma bu vəsait real sektora, vətəndaşlara deyil də, səhm bazarında, əmtəə və ərzaq bazarında “balonların” şişməsinə səbəb oldu, nəticədə böyük inflyasiya dalğası yarandı, bütün dünyada qiymət artımı baş verdi.

Təəssüf ki, o zaman müxtəlif nüfuzlu mütəxəssislərin xəbərdarlıqlarına fikir verilmədi, nəticədə dünyada son 40 ilin ən yüksək inflyasiya rəqəmlərini gördük, inflyasiya isə vətəndaşa yüklənən əlavə “vergi” növüdür, vətəndaşların real gəlirlərini azaldan təhlükəli tendensiyadır. 2022-də bunun nəticələrinin nə qədər ağır olduğunu görsələr də etiraf etmədilər, sadəcə, Mərkəzi Banklar uçot dərəcəsinin artırılması yolu ilə inflyasiyanı cilovlamağa başladılar, nəticəsi 2023-də özünü göstərəcək - inflyasiya səngisə də, vəsait qıtlığı və “ucuz və uzun” pullara (kreditlərə) çıxış imkanlarının məhdudlaşdırılması ressesiya effekti yaradacaq, dünyada işsizlik artacaq, iqtisadi aktivlik zəifləyəcək. Nəticədə istehlakın azaldılması, tələbin azalması yolu ilə inflyasiyaya təsir effekti yolu, dünyada aktivliyin azalmasına görə iqtisadiyyat daralacaq".

Ekspert bildirir ki, artıq birjalarda yaradılan “şarlar” partlamağa başlayıb: “2022-ci ildə dünya birjaları, qiymətli kağızlar, dövlətlərin borc kağızları, kriptovalyuta bazarı tam 30 trilyon dollar vəsait itirib və bu tendensiya 2023-də də davam edə bilər. Belə ki, inkişaf etmiş və etməkdə olan ölkələrin birjalarını əhatə edən ”MSCI All-World" indeksi 2022-də 20 faiz, dünyaya yön verən ABŞ-ın “S&P 500" indeksi 19 faiz, ”Nasdaq" indeksi isə 33 faiz dəyər itirib. Çin birjalar indeksi yuan ifadəsində 22 faiz, dollar ifadəsində isə 28 faiz ucuzlaşıb. Avropa ölkələrini əhatə edən “MSCI Europe” indeksi isə 16 faiz dəyər itirib. 2022-ci ildə Moskva Birjalar İndeksi tam 43 faiz çöküb, dollarla hesablanan “RTS” indeksi isə 39,18 faiz dəyər itirib. Bundan başqa, bir tək ABŞ-da şirkətlərin 998 milyard dollarlıq toksik borcu silinib, kriptovalyuta birjaları və qiymətləri isə il ərazində 1,8 trilyon dollar dəyər itiriblər - və bütün bunlar dünyada səhv siyasətin nəticəsidir".

N.Cəfərlinin sözlərinə görə, məntiqlə dünyada iqtisadi ressesiya gözləntiləri, aktivliyin azalması enerjidaşıyıcılarına tələbatı azaltmalı, deməli, qiymətlərin ucuzlaşması baş verməlidir: “Amma Rusiyanın Ukraynaya təcavüzü, işğalçı ölkəyə qoyulan sanksiyalar neft-qazın qiymətlərinin kəskin ucuzlaşmasının qarşısını alan faktora çevriləcək. Daha bir məsələ odur ki, Çin mənasız ”kovid" məhdudiyyətlərini aradan qaldırır, onlar da səhv, yanlış qapanma siyasətindən geri dönürlər, deməli, Çin daha çox neft-qaz istehlak edəcək, bu da neft qiymətlərinin kəskin enməsinin qarşısını alacaq növbəti faktor ola bilər. Deməli, 2023-də də biz yüksək enerji qiymətləri görəcəyik, bu həm də qlobal “yaşıl enerji” lobbiçilərinə sərf edir - yüksək neft qiymətləri bərpaolunan enerjiyə yatırımları artırır. Ucuz neft dövründə enerji keçidi ancaq subsidiyalarla mümkün olur, dövlətlər isə uzunmüddətli subsidiyalara hazır deyil, ona görə də özəl sektoru bu sahəyə cəlb etmək istəyirlər deyə, rentabellik üçün neft-qaz hələ bir müddət baha olmalıdır".

Ekspertin fikrincə, bu il  Rusiya iqtisadiyyatına sanksiyaların kəskin təsiri ili olacaq: “Daxili resurslar və Qərb ölkələrinin müəyyən güzəşt siyasəti 2022-də sanksiyaların təsirlərini yumşaltdı, amma getdikcə təsirlər artır-artacaq. 2023-cü ildə rublun növbəti kəskin ucuzlaşmasını, Rusiyada daha yüksək inflyasiyanı görəcəyik. Qeyd edim ki, bir tək fenomenal nəticələr Türkiyədədir - ”BIST 100" indeksi 2022-də 196,57 faiz artaraq 5.509,16 punkta yüksəlib və dünyada ən yaxşı nəticə göstərən birja olub. Amma bütün bunlar lirənin kəskin ucuzlaşması, Türkiyə dövlət borc kağızlarının gəlirliliyinin artması (risk çoxalanda gəlir də artır) və ölkəyə daxil olan spekulyativ valyuta hesabına baş verib - bu isə çox təhlükəli gedişatdır. Əgər seçkilər öncəsi daxil olan və artıq qazanan xarici kapital gəlirlərini fiksə edib ölkədən çıxmağa başlasa, birja çökəcək, lirə daha kəskin dəyər itirməyə başlayacaq, bu isə qardaş ölkədə daxili siyasi-iqtisadi vəziyyəti daha da kəskinləşdirəcək.

Qardaş ölkə üçün 2023-cü il bir tək Cümhuriyyətin elanının 100 illiyi ilə deyil, həm da taleyüklü seçkilərlə yadda qalacaq. Çox güman, qardaş ölkədə seçkilər yaxınlaşdıqca siyasətdə və iqtisadiyyatda populist addımlar görəcəyik, hökumət kisənin ağzını açıb çoxlu sosial ödənişlərə gedəcək, bu isə zatən fantastik olan inflyasiyanı daha da tətikləyəcək. Əgər AKP həm parlament, həm də prezident seçkilərini uduzsa, Türkiyənin başı uzun müddət daxili sistem dəyişikliklərinə qarışa bilər ki, bu da son illər yaranmış Türkiyə-Azərbaycan birgə addımlarında (xarici siyasət və təhlükəsizlik məsələlərində) axsamalara gətirib çıxara bilər".

N.Cəfərli qeyd edir ki, Azərbaycan ciddi institutsional və sistem dəyişikliyinə “hamilədir”: “Ölkə qarşısında duran çağırışlar və problemlər kadr dəyişiklikləri ilə həll edilə bilməz, ona görə də 2023-də ölkədə növbəti Konstitusiya dəyişiklikləri referendumu olacaq (olmalıdır) - bu addım bir çox problemlərin həllinə qapı açacaq (açmalıdır).

Ötən ili məmləkət yenə neft-qaza görə yaxşı nəticələrlə başa vurdu. Doğrudur, ilin sözü “inflyasiya”, qiymət artımı olsa da, ciddi makroiqtisadi problemlər yaşanmadı. Amma bu, hökumətin yaxşı işləməsinə görə deyil də, “əlahəzrət neftə” görə, enerjidaşıyıcılarının qiymətinin yüksək olmasına görə baş verdi - tədiyyə balansında, ticarət balansında yüksək müsbət göstəricilər qeyd olundu. Bu il də ölkə iqtisadiyyatı enerji bazarlarına bağlı olaraq qalacaq".

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR