İnsanlara hürriyət, millətlərə istiqlal!

Bülletendə adı birinci, pul xərclərində sonuncudur

1044 31.01.2024 09:42 Gündəm A A

Seçkilərlə bağlı maraqlı detallar açıqlanıb

Fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkisində prezidentliyə namizədlərin seçki fondlarının gəlir və xərclərinin ikinci ilkin maliyyə hesabatı açıqlanıb.

Prezidentliyə namizəd İlham Əliyevin seçki fondunun gəlirləri 720 200,  Zahid Orucun seçki fondunun gəlirləri 43 000 manatdır. Prezidentliyə namizəd Razi Nurullayevin seçki fondunun gəlirləri 3 000 (fiziki şəxslərin könüllü ianəsi) manatdır. Qüdrət Həsənquliyevin seçki fondunun gəlirləri 30 000 manatdır.  Fazil Mustafanın seçki fondunun gəlirləri 61 400, Elşad Musayevin seçki fondunun gəlirləri 5000 (fiziki şəxslərin könüllü ianəsi) manatdır.  Nəhayət, adı seçki bülletenində birinci olan Fuad Əliyevin seçki fondunun gəlirləri 2 500 (namizədin xüsusu vəsaiti) manatdır. Bu vəsaitin hamısı seçkiqabağı təşviqatla bağlı tədbirlərin, habelə informasiya və məşvərət xidməti dəyərlərinin ödənilməsinə xərclənib.

Qeyd edək ki, Seçki Məcəlləsinin 94.3.2-ci maddəsinə əsasən, ikinci ilkin maliyyə hesabatı səsvermə gününə ən tezi 20 gün qalmış və səsvermə gününə ən geci 10 gün qalmış təqdim edilir. Bu hesabata orada göstərilmiş tarixə 7 gün qalmışdan əvvəlki dövr üçün məlumatlar daxil edilir. İkinci ilkin maliyyə hesabatının təqdim edilməsi müddəti 2024-cü il yanvarın 18-dən 28-dək olan dövrü əhatə edib.

Seçkilər isə 6 gün qalır. Namizədlərlə bağlı hər bir məlumat ictimaiyyətin maraq dairəsinə düşür. Modern.az saytı xəbər verir ki, namizədliyi özü tərəfindən irəli sürülən və bülletendə adı birinci olsa da seçki fondunun gəlirləri ən az olan namizəd Fuad Əliyev məşhur zavod direktorunun oğluymuş. Belə ki, onun atası Ağası Heydər oğlu Əliyev sovetlər dövründə 20 ilə yaxın müddətdə zavod direktoru işləyib. Ağası Əliyev əvvəlcə “XXII qurultay” adına zavodun - “Azərneftyağ”ın, daha sonra Bakı Şin zavodunun direktoru vəzifələrində çalışıb. Keçmiş zavod direktoru dünyasını dəyişib.

Seçki qanunvericiliyində prezidentliyə namizədlər üçün bir sıra güzəştlər nəzərdə tutulub. Namizədlərin toxunulmazlığı olur və təhlükəsizliyi təmin edilir.

Prezidentliyə namizədlər bölgələrdə

Bundan başqa, namizədlər üçün nəqliyyat xərclərinin ödənilməsi nəzərdə tutulur. Belə ki, şəxs prezidentliyə namizədliyi qeydə alındığı gündən seçkinin nəticələrinin rəsmi dərci gününədək Azərbaycan Respublikası ərazisində gediş-gəliş üçün ictimai nəqliyyatın bütün növlərindən (taksi və sifarişli reyslər istisna olmaqla) dövlət vəsaiti hesabına istifadə etmək hüququna malikdir.

Ölkə ərazisində göstərilən nəqliyyatdakı gediş-gəliş xərcləri Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərin hazırlanması və keçirilməsi üçün ayrılmış vəsait hesabına və təqdim edilmiş gediş-gəliş sənədləri əsasında ödənilir. Bu zaman namizədə dəmir yolu ilə 8 dəfə və təyyarə ilə 4 dəfə gediş-gəliş xərcləri ödənilir.

Prezidentliyə namizəd, Milli Məclisin deputatı Fazil Mustafa bu hüquqlarından zərurət yarandığı halda istifadə edəcəyini söyləyib: “Təyyarədən, qatardan və ictimai nəqliyyatdan hələ ki ödənişsiz istifadə etməmişəm. Amma sözügedən nəqliyyat vasitələrindən istifadə etmə imkanları nəzərdə tutulub. Zərurət olduqda bu hüququmuzdan istifadə edəcəyik”.

F.Mustafa bu yaxınlarda təşviqat üçün Naxçıvanda səfərdə olub. O, səfər zamanı təcili qərarlar aldığı üçün bu hüquqlarından istifadə etmədiyini vurğulayıb: “Biz gedişatda və başqa məsələlərdə təcili qərarlar qəbul etdiyimizə görə formal tərəfləri çox da nəzərə almadan addım atırıq. Məsələn, qəfildən Naxçıvana uçuşla bağlı qərar verdim. Ona görə də Naxçıvana gedəndə təyyarə biletini öz vəsaitim hesabına aldım. Bunu daha məqsədəuyğun saydım”.

Prezidentliyə namizədlər üçün çətin dövr başladı

Prezidentliyə namizəd, Milli Məclisin deputatı Razi Nurullayev də sözügedən hüquqlarından istifadə etmədiyini bildirib: “Mən qatardan və təyyarədən istifadə etməmişəm. Bundan sonra da bu hüququmdan istifadə etməklə bağlı hələ ki planım yoxdur. Lakin Gəncəyə səfərimiz olacaq. Həmin gün təyyarə olacaqsa, ödənişsiz səyahət hüququmdan istifadə edəcəm. Məsələ ilə bağlı bu gün yardımçılarıma demişəm, indi araşdırma gedir. Mənim Naxçıvanda görüşüm nəzərdə tutulmayıb. Təəssüf ki, ora gedə bilmirəm. Qrafik çox sıx oldu. Naxçıvana getsəydim, təyyarədən pulsuz gediş hüququmdan istifadə edərdim. Qatardan da istifadə etməmişəm. Çünki buna ehtiyac olmayıb”.

R.Nurullayev ictimai nəqliyyatdan istifadə etməməsinin səbəbini isə belə izah edib: “İctimai nəqliyyatdan da, təbii ki, istifadə etməmişəm. Çünki hazırda ancaq görüşlərə gedirəm. Görüşlərə vaxtında getməliyəm. Bizdə də ictimai nəqliyyat elə bir vəziyyətdədir ki, onunla hər hansı bir görüşə getmək, gecikmək anlamına gəlir. Ona görə də avtomobillə alternativ yollardan istifadə etməklə görüş yerinə daha tez çatmaq olur”.

Bu arada məlum olub ki, azad edilmiş ərazilərdə ilk dəfə 22 mindən çox seçici səs verəcək. 

Seçki ilə bağlı daha bir maraqlı detal isə məhz 7 fevralda 18 yaşı tamam olan və buna görə səsvermə hüququ əldə edən vətəndaşların olmasıdır. Fevralın 7-də, məhz prezident seçkisi günü 228 şəxsin 18 yaşı tamam olur və onlar məhz seçki günü səsvermə hüququ əldə edəcəklər. Seçkilərdə ilk dəfə səs verən iki zümrə seçicilər var. Ümumiyyətlə, seçkilərdə ilk dəfə səs verənlərin sayı 407 mindən yuxarıdır. Digəri isə prezident seçkisində ilk dəfə səs verən şəxslərdir ki, onların da sayı təxminən 590 min ətrafındadır. Prezident seçkisində ilk dəfə səs verən 2018-ci ildən bəri, ancaq ümumilikdə ilk dəfə səs verənlər isə 2020-ci ildən hesablanan gənc seçicilərimizdir.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR