İnsanlara hürriyət, millətlərə istiqlal!

Büdcəyə 3 milyardlıq əlavə - hara xərclənəcək...

1297 20.04.2023 13:31 İqtisadiyyat A A

Ekspert: “İnflyasiya bu templə davam edərsə, cari il ərzində yeni sosial paketə ehtiyac yaranacaq”

Aprelin 18-də Salyan rayonunda səfərdə olan Prezident İlham Əliyev dövlət televiziyasına müsahibəsində dövlət büdcəsinə dəyişiklik olunacağını deyib. Onun sözlərinə görə, dövlət büdcəsinin gəlirləri proqnozlaşdırılandan xeyli yüksəkdir: “Hazırda infrastruktur layihələri davam etdirilir. Bu ilin 3 ayında əldə edilmiş nailiyyətlər imkan verir ki, biz büdcəyə əlavələr edək. Artıq hökumətə göstəriş verilmişdir ki, büdcə dürüstləşməsi aparılsın və Milli Məclisə təqdim edilsin. İlk növbədə Vergi Xidməti xətti ilə üç ay ərzində proqnozdan 1,1 milyard manat çox vəsait toplanmışdır. Bu da şəffaflıq nəticəsində olmuşdur, yeni idarəetmə nəticəsində olmuşdur. Gömrük sektorunda isə proqnozdan əlavə toplanan vəsait 400 milyon manatdan çoxdur.

Hazırda gömrük sahəsində də aparılan islahatlar, əvvəlki dövrlərdə buraxılan nöqsanların aradan qaldırılması prosesi uğurla gedir. Təkcə 3 ay ərzində proqnozdan əlavə 1,5 milyard manat vəsait yığılıbdır. Əlbəttə ki, biz ilin ancaq üç ayını başa vurmuşuq, ilin sonuna qədər, təbii ki, bu rəqəm artacaq. Ona görə işləri sürətləndirmək və ölkə qarşısında duran digər vəzifələri yerinə yetirmək üçün, hesab edirəm ki, büdcə dürüstləşməsi aparılmalıdır.

Bütövlükdə, hesab edirəm ki, büdcəyə əlavələr ən azı 3 milyard manat səviyyəsində olacaq, ondan da çox ola bilər".

Prezident büdcəyə daxil olan proqnozdan artıq gəlirlərin əsas xərc istiqamətlərini də açıqlayıb: “Bunun əsas hissəsi Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında istifadə ediləcək. İkinci yerdə bizim hərbi xərclərimiz olacaq. Çünki buna da böyük ehtiyac var. Dünyada gedən prosesləri hər kəs izləyir. Dünyada təhdidlər artır, təhlükələr artır. Düzdür, biz İkinci Qarabağ müharibəsində düşmənin başını əzərək möhtəşəm Qələbə əldə etmişik. Ancaq Ermənistanda revanşist qüvvələr yenə baş qaldırır, biz istənilən vəziyyətə hazır olmalıyıq və elə bir ordu yaratmalıyıq ki, dünya miqyasında nümunəvi olsun və ən güclü ordulardan biri olsun”.

Maliyyə Nazirliyinin açıqladığı məlumata əsasən, 2023-cü ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 8 milyard 290 milyon manat, xərcləri 6 milyard 566,9 milyon manat olub. Nəticədə büdcədə 1 milyard 723,1 milyon manat məbləğində profisit yaranıb ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 343,0 milyon manat və ya 24,9 faiz çoxdur.

Dövlət Neft Fondundan büdcəyə transfert 19% azalıb | KONKRET

Dövlət Neft Fondundan transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 131,9 faiz icra edilməklə 6 milyard 714,0 milyon manat təşkil edib ki, bu da əvvəlki illərlə müqayisədə ilk dəfə olaraq 147,1 milyon manat olmaqla dövlət büdcəsində profisitin qeydə alınması deməkdir.

Birinci rübdə büdcə gəlirləri 7 milyard 908,8 milyon manat proqnoza qarşı 8 milyard 290,0 milyon manat təşkil edib ki, bu da proqnozla müqayisədə 381,2 min manat və ya 4,8 faiz, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 18,3 faiz və ya 1 milyard 280,4 milyon manat çoxdur. Hesabat dövründə icrası təmin edilmiş gəlirlər cari ilin dövlət büdcəsi gəlirlərinin 26,9 faizini təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz bəndi çoxdur.

2023-cü ilin yanvar-mart aylarında dövlət büdcəsinin daxilolmalarının 4 milyard 899,5 milyon manatı və ya 59,1 faizi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, 1 milyard 576,0 milyon manatı və ya 19,0 faizi Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 1 milyard 545,0 milyon manatı və ya 18,6 faizi Dövlət Gömrük Komitəsinin daxilolmalarının, 198,4 milyon manatı və ya 2,4 faizi dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmaların, 63,2 milyon manatı və ya 0,8 faizi sair daxilolmaların, 7,9 milyon manatı və ya 0,1 faizi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin payına düşür.

2023-cü ilin yanvar-mart ayları ərzində dövlət büdcəsinin gəlirləri təsdiq edilmiş proqnozdan Dövlət Vergi Xidməti üzrə 1 milyard 131,6 milyon manat və ya 30,0 faiz, Dövlət Gömrük Komitəsi üzrə  407,0 milyon manat və ya 35,8 faiz, Əmlak Məsələləri üzrə Dövlət Xidməti üzrə 3,1 milyon manat və ya 64,6 faiz, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar üzrə 74,2 milyon manat və ya 59,7 faiz, sair daxilolmalar üzrə 18,3 milyon manat və ya 40,8 faiz çox icra edilib. 

Birinci rübdə Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulan 2 milyard 820,0 milyon manat məbləğində transfertə qarşı 1 milyard 576,0 milyon manat transfert daxil olub. Hesabat dövründə vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olmalarda müşahidə olunan müsbət dinamika Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertdən 1 milyard 244,0 milyon manat və ya 44,1 faiz az istifadə olunmasına imkan verib.

2023-cü ilin yanvar-mart ayları üzrə dövlət büdcəsinin gəlirləri 2022-ci ilin həmin dövrü ilə müqayisədə Dövlət Vergi Xidməti üzrə 2 milyard 97,3 milyon manat və ya 74,8 faiz, Dövlət Gömrük Komitəsi üzrə 313,0 milyon manat və ya 25,4 faiz, Əmlak Məsələləri Dövlət Xidməti üzrə 1,5 milyon manat və ya 23,4 faiz, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar üzrə 33,3 milyon manat və ya 20,2 faiz, sair daxilolmalar üzrə 16,3 milyon manat və ya 34,8 faiz çox, Dövlət Neft Fondundan transfert üzrə 1 milyard 181,0 milyon manat və ya 42,8 faiz az icra edilib.

2023-cü ilin yanvar-mart aylarında dövlət büdcəsinin xərcləri 6 milyard 566,9 milyon manat və ya rüblük proqnoza qarşı 11,6 faiz çox icra edilib. Hesabat dövründə icrası təmin edilmiş xərclər 2023-cü ilin dövlət büdcəsi xərclərinin 19,7 faizini təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz bəndi çoxdur.  Üç ay ərzində dövlət büdcəsi xərclərinin 4 milyard 749,6 milyon manatı və ya 72,3 faizi cari xərclərə, 1 milyard 619,3 milyon manatı və ya 24,7 faizi əsaslı xərclərə, 198,0 milyon manatı və ya 3,0 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

Nazirliyin məlumatına əsasən, 2023-cü ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə nəzərdə tutulmuş 3 milyard manat vəsaitin hesabat dövrü ərzində sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında 35,5 faizi və ya 1 milyard 67,0 milyon manatı istifadə olunub. Bu vəsaitlərin 1 milyard 42,5 milyon manatı avtomobil yollarının layihələndirilməsi və tikilməsi məqsədilə  Avtomobil Yolları Dövlət Agentliyinə, 13,0 milyon manatı işğaldan azad olunmuş ərazilərdə suvarma sistemlərinin yaradılması məqsədilə “Meliorasiya və Su Təsərüffatı” ASC-yə, 6,0 milyon manatı işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi məqsədilə Minatəmizləmə Agentliyinə, 5,5 milyon manatı isə digər zəruri infrastrukturun yaradılması məqsədilə müvafiq icraçılara ayrılıb.

Birinci rübdə büdcədə nəzərdə tutulan müdafiə və milli təhlükəsizlik xərcləri 82,6 faiz icra edilib, bu istiqamətə 777,3 milyon manat yönəldilib.

Göründüyü kimi, Azərbaycan hökuməti bu il də dövlət büdcəsinə artım istiqamətindən dəyişiklik edəcək. Bu, ölkəyə neft gəlirlərinin daxil olmağa başlamasından sonra demək olar ki, hər il rast gəlinən praktikadır. Dövlət başçısı büdcəyə artıq daxil olacaq vəsaitlərin iki əsas xərc istiqamətini deyib: ərazilərin bərpası və ordu quruculuğu. Bəs daha hansı istiqamətlərdə əlavə vəsaitə ehtiyac var?

Ən möhtəşəm iqtisadi göstəricilərindən biri də...” –

Pərviz Heydərov

İqtisadçı-ekspert Pərviz Heydərovun “Yeni Müsavat”a dediyinə görə, 3 aylıq büdcə göstəriciləri müsbət qiymətləndirilməlidir: “Sözsüz, onu da nəzərə almalıyıq ki, neftin beynəlxalq bazarlarda qiyməti ilə bağlı konyuktur vəziyyət də bizim üçün əlverişli səviyyədədir. Və bu, artıq xeyli müddətdir belədir. Əlbəttə, bütün bunlara nəzərən büdcədə dürüstləşdirmə aparmaq olar və ölkədə aparılan işlərlə əlaqədar həqiqətən də bəlkə bu, zəruridir. Söhbət xüsusən də işğaldan azad olunan ərazilərdə həyata keçirilən yenidənqurma, bərpa və tikinti-quraşdırma işlərindən gedir, hansı ki, möhtəşəmliyi ilə seçilir. Cari ilin büdcəsindən bunun üçün 3 milyard manat vəsait xərclənəcəyi artıq büdcədə nəzərdə tutulub. Bu, keçən ildəkindən 330 milyon manat çoxdur. Xatırladıram ki, keçən il əvvəl 2,2 milyard ayrılsa da, sonra 470 milyon manat artırıldı”.

Ekspertə görə, azad olunan  ərazilərin bərpası və ordu quruculuğu çox vacib istiqamətlərdir: “Lakin düşünürəm ki, bahalaşma və inflyasiya ilə əlaqədar sosial istiqamətdə yanvarın 1-dən tətbiq edilən artımlar keçənilki tendensiyadan nə qədər yüksək olsa da, sözügedən temp dayanmadığından artımlar az qala  "yemə çevrilmək" üzrədir. Ona görə də belə görünür ki, qeyd olunan artımlar əhalinin sosial müdafiəsinin təşkilində yalnız ilin birinci yarısı üçün daha çox yararlı xarakteri daşıyacaq, bahalaşma dayanmadığı təqdirdə isə il ərzində daha belə bir addım atmağa ehtiyac yaranacaq.

Xatırladım ki, Prezidentin 5 yanvar 2023-cü il tarixli Sərəncamı ilə minimum əmək haqqı yanvarın 1-dən 15 faiz artırılaraq 300 manatdan 345 manata, minimum pensiya məbləği isə 240 manatdan 280 manata çatdırılmaqla müavinət və təqaüdlər artırılıb. Sənədə əsasən, 1,9 milyon vətəndaşı əhatə edən sözügedən yeni sosial paketin icrası üçün il ərzində əlavə olaraq 750 milyon manat vəsait xərclənməsinə qərar verilib. Ancaq bir reallıq da var ki, il ərzində daha bir sosial paket hazırlayıb reallaşdırmaq üçün dövlət büdcəmizin ona heç dürüstləşdirmə aparmadan belə imkanı çatır. Yetər ki, müntəzəm sosial artımlar ölkəyə idxalı stimullaşdırmasın. Və bu yolla da bahalaşma və inflyasiya əlavə olaraq alovlanlanmasın. Hökuməti də çəkindirən məhz budur".

Dünya SAKİT,
“Yeni Müsavat”

 

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR