İnsanlara hürriyət, millətlərə istiqlal!

­ “Bu, Türkiyə- Azərbaycan münasibətlərində tamamilə yeni bir tarixi mərhələ yaradır”- ŞƏRH

443 16.05.2022 16:10 Region A A

 

“Türkiyə-Azərbaycan münasibətləri dünya ölkələri arasında bənzəri olmayan münasibətlərdir. Bu münasibətlər Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi strateji siyasət sayəsində, hər iki qardaş xalqın maraqları kontekstində durmadan inkişaf edir”.

Deputat Hikmət Babaoğlu bu fikirləri Musavat.com-a Azərbaycan Prezidentinin ötən həftə Türkiyənin Rize şəhərindəki hava limanının açılış mərasimində iştirakı, çıxışı, səsləndirdiyi önəmli mesajlar, qardaşlıq nümayişi barədə danışarkən söylədi.

 H.Babaoğlu öncə hava limanının önəmindən bəhs etdi: “Qara dənizin üzərində inşa edilən nəhəng layihənin, Rize-Artvin Hava Limanının açılış mərasimində də iki qardaş ölkənin prezidentlərinin birgə iştirakı həm ölkələrimiz arasında olan qardaşlıq və strateji müttəfiqlik münasibətlərimizin göstəricisi, həm də ön Asiyadan Qafqazlar və Orta Asiyaya qədər uzanan böyük etnosiyasi coğrafiyada nəqliyyat- kommunikasiya xətlərinin yaradılması baxımından olduqca əhəmiyyətli hadisədir. Hazırda Türkiyə-Azərbaycan tandemi iqtisadi-siyasi və mədəni-humanitar sahədə geniş geostrateji rayonda təyinedici faktordur. Açılan hər yeni hava limanı da, yaradılan hər müəssisə də regional inkişaf və inteqrasiyaya xidmət edir”.



Deputat bildirdi ki, bir müddət öncə işğaldan azad edilmiş ərazilərimizdə inşa edilən Füzuli Beynəlxalq Hava Limanında qardaş ölkənin prezidenti, cənab Rəcəb Tayyib Ərdoğanın da iştirak etməsi iki qardaş ölkənin tarixi-təbii müttəfiqliyinin bütün sahələrdə inkişaf etdirilməsi əzminin göstəricisi idi: “2021-ci il iyun ayının 15 - də Şuşada imzalanan Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi iki hərbi-strateji kontekstə Türkiyə-Azərbaycan münasibətlərinin dövlətçilik tarixində mühüm bir hadisə idi. Bu Bəyannamə “Bir millət, iki dövlət” anlayışının real dövlətlərarası münasibətlərdə rəsmiləşdirilməsi kimi də qəbul edilə bilər. Eyni zamanda Şuşa Bəyannaməsi hazırkı mürəkkəb tarixi mərhələdə hər şeydən öncə milli təhlükəsizliyimiz baxımından strateji çağırış idi. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında qeyd etdi ki, biz həm dost, həm qardaş, həm də müttəfiqik”.

H.Babaoğlu qeyd etdi ki, yeni açılan Rizə-Artvin hava limanı Türkiyə ilə Azərbaycan arasında məsafəni bir qədər daha qısaltmış oldu, iki ölkəni məsafə baxımından daha da yaxınlaşdırdı: “Rizə-Artvin hava limanı Türkiyənin Qafqaza açılan yeni səma qapısı oldu. Ancaq şübhəsiz ki, Türkiyə-Azərbaycan ikitərəfli müttəfiqlik münasibətlərinin bir də ümumi regional və qlobal proseslər baxımından ayrıca əhəmiyyəti də var. Azərbaycan Prezidenti çıxışında bu məsələni də diqqətə çatdıraraq bildirdi ki, Türkiyə dünya çapında bir gücdür. Yəni Türkiyə ilə Azərbaycanın birlikdə aldığı qərarlar regionda və dünyada baş verən proseslərə də təsirsiz ötüşmür. Məsələn, Qafqaz kimi mürəkkəb bir bölgədə güc balansını dəyişir, yeni reallıqlar yaradır. Ona görə də bu münasibətlər böyük bir geostrateji coğrafiyaya təhlükəsizlik, rifah və əməkdaşlıq gətirir”.

Deputat qeyd etdi ki, qardaş Türkiyədə milliyyətçi və dövlətçi hərəkatın lideri Devlət Bahçelinin bu mühüm tədbirdə iştirakı və Azərbaycan Prezidenti İlham Əliyevə hədiyyə təqdim etməsi isə ayrıca bir hadisə idi:

“Milli mühafizəkar siyasi düşüncə və dövlətçi siyasi görüşün təmsilçiləri başda hörmətli Devlət Bahçeli olmaqla, 30 il davam edən milli davamızda həmişə yanımızda olublar. Bu prinsipial mövqe və mənəvi-siyasi dəstək heç bir zaman heç bir halda əsla dəyişməyib. Elə 44 günlük Zəfər savaşımızda da hörmətli Devlət Bahçeli verdiyi bəyanatlarla, söylədiyi fikirlərlə yenə də müqəddəs davamızda yanımızda oldu . Onun rəhbərlik etdiyi partiyanın millət vəkilləri qardaş ölkənin Qazi Məclisində Azərbaycanın səsinə çevirildilər. Rize-Artvin hava limanının açılış mərasimində isə Devlet Bahçeli Azərbaycan prezidenti İlham Əliyevə üzərində “Qarabağ Fatehi” yazılmış tapança hədiyyə etdi. Belə hədiyyələr xalqının xilası üçün qan tökən, tarixi qələbələr qazanan böyük dövlət adamı və müzəffər sərkərdələrə verilir. Həm də belə hədiyyələr qardaşının davasını öz davası hesab edən şəxsiyyətlər tərəfindən verilir. Ona görə də bu rəmzi hədiyyə hər iki mənada məzmunlu və yerində idi. İstər qardaş Türkiyədə, istərsə də Azərbaycanda millətini, dövlətini sevən hər bir kəsdə qürur və fəxarət hissi yaratdı”.

Deputat əlavə etdi ki, önümüzdəki günlərdə qardaş ölkənin hörmətli Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri planlaşdırılır: “Belə qarşılıqlı səfərlərin tez-tez baş turması isə Prezident İlham Əliyevin ifadəsi ilə desək, dostluğun, qardaşlığın və müttəfiqliyin gərəyidir. Ancaq bir xüsusi əsla unutmamalıyıq ki, Türkiyə ilə Azərbaycan arasında olan qardaşlığın və dostluğun strateji müttəfiqlik səviyyəsinə qaldırmasının siyasi memarları Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğandır! Bu, Türkiyə- Azərbaycan münasibətlərində tamamilə yeni bir tarixi mərhələ yaradır”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR