İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu, mənəvi baxımdan DƏHŞƏTLİ haldır, çünki...” - Ekspertdən İLGİNC AÇIQLAMA

1023 15.12.2023 17:23 Sosial A A

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 2854 əkiz, 123 üçəm, 4 dördəm uşaq doğulub.

Musavat.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında qeyd olunub.

Məlumata görə, 2023-cü ilin yanvar-oktyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 94 671 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,3-dən 11,2-yə düşüb.

Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub.

DOGUM.jpeg (71 KB)

Mütəxəssislər bildirir ki, ölkədə ildən-ilə yeni doğulan qız uşaqlarının sayının azalmasının əsas səbəblərindən biri cəmiyyətdə cinsi mənsubiyyətinə görə ayrı-seçkilik məsələsidir. Qeyd olunur ki, ölkədə ən geniş yayılmış cinsi mənsubiyyətə görə ayrı-seçkilik hallarından biri selektiv abortlardır. Belə ki, bir çox ailələrdə qadınların reproduktiv sağlamlıq hüquqları qorunmur, ailə üzvlərinin istəyinə əsasən qadın hamiləliyi süni şəkildə dayandırmağa məcbur edilir. Bəzən də qadın yalnız qız uşağı dünyaya gətirdiyi üçün tərk edilir. Oğlan uşaqlarına üstünlüyün verilməsi ölkədə mövcud olan gender stereotipləri, oğlan uşaqlarına daha yüksək dəyər aşılayan patriarxal ailə strukturu və sosial normaların təzahürüdür, ölkədə gender əsaslı cins seçiminin kökündə dayanan əsas səbəbdir.

Qeyd edək ki, “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər Planının əsas məqsədi uşaqların doğulanadək cins seçiminin qarşısının alınması və ailələrdə doğulan uşaqlar arasında qız uşağına nisbətən oğlan uşağına üstünlüyün azaldılması, bu üstünlüyün kökündə dayanan gender stereotiplərinin aradan qaldırılmasıdır.

Bəs ildən-ilə yeni doğulan qız uşaqlarının sayının azalması gələcəkdə hansı demoqrafik problemlərə gətirib çıxara bilər?

Mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu Musavat.com-a danışıb.

EHMED.jpg (47 KB)

Sosioloq qeyd edib ki, ölkədə yeni doğulan oğlan uşaqlarının sayının çox olması üstün, lakin mənəvi baxımdan dəhşətli haldır:

“Bu cür statistika gələcəkdə problem yaratmasa da, hazırkı vəziyyət üçün mənəvi problem yaradır. Çünki ölkədə oğlan uşaqlarının sayının çox olması ümumi mənada yaxşı haldır. Bunu da onunla əsaslandırıram ki, adətən gənclər orta məktəbi bitirdikdən sonra daha çox oğlan uşaqları ölkədən çıxıb gedir. Həmçinin daha çox oğlanlar yol qəzalarında, müharibələrdə, hərbi xidmətdə dünyasını dəyişir.

Hesab edirəm ki, əgər qız uşaqlarının sayı oğlan uşaqları ilə eyni olsa, bu, demoqrafik problemlərə səbəb ola bilər. Amma qeyd etdiyim kimi, bu statistika hazırkı vəziyyət üçün mənəvi problemlər yaradır”.

Əhməd Qəşəmoğlu bildirib ki, övladını selektiv abortla məhv edən valideyn övlad qatilidir:

“Yəni insan qərar verir ki, öz övladını öldürsün. Öz övladını öldürən valideynlərdə sonradan psixoloji sarsıntılar baş verir, istəsə də, istəməsə də. Bu, cəmiyyətin müəyyən təbəqəsini aqressivləşdirir, psixoloji sarsıntıya məruz qoyur.

Həmçinin məlum məsələdir ki, bir sıra ailələrdə oğlan uşaqlarına daha çox qayğı, diqqət olur ki, bu da ailədə olan qız uşaqlarında psixoloji sarsıntı yaradır, onlar özlərini “ikinci dərəcəli” şəxs kimi hesab edirlər. Bu baxımdan oğlanların çox doğulması demoqrafik cəhətdən qorxulu olmasa da, mənəvi cəhətdən çox qorxuludur. Ona görə də bu məsələlərə həssas yanaşmaq lazımdır.

Digər tərəfdən, gələcəkdə qız uşaqlarının təhsili, onların işlə təmin olunması ilə bağlı proqramlar hazırlanmalıdır. Erkən nikahla bağlı cənub bölgəsində araşdırma apararkən valideynlər mənə bildirirdilər ki, qızlarını Bakıda oxutmağa imkanları yoxdur. Məsələn, əvvəllər valideynlər qızlarını çox rahat şəkildə Bakıya təhsil almağa göndərirdilər, çünki bütün universitetlərin, kolleclərin yataqxanaları var idi. Bu, həm təhlükəsizlik, həm də maddi baxımdan çox sərfəli idi. Amma indi valideynin imkanı yoxdur ki, qızını Bakıda oxutdursun. Hər kəsə məlumdur ki, tələbə yataqxana tapmayanda kirayə ev tutub qalmalıdır ki, bu da ayda ən azı 200-300 manat edir. Axı tələbənin təkcə problemi bununla bitmir, onun gündəlik qidalanması, digər ehtiyacları da var ki, bir çox valideynlər bunu qarşılaya bilmir.

Üstəlik, valideynlər qızlarının təhlükəsizliyi ilə bağlı məsələlərdə də çox təşviş keçirirlər. Daha bir məsələ, tutaq ki, valideyn qızını çox böyük çətinliklə oxutdurur, amma sonra ona iş tapa bilmir. Bölgələrdə kifayət qədər işsizlik mövcuddur. Bütün bunları nəzərə alaraq valideyn qız uşaqlarını daha tez ərə verməyə çalışır. Beləliklə, qız uşaqlarının təhsil alması, onların işlə təmin olunması istiqamətində tədbirlər görülməlidir”.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR