İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu məmurlar İSTEFA VERƏCƏK - ŞOK ADLAR

2600 27.07.2024 08:13 Siyasət A A

Onların sırasında baş nazirin müavini də var, səfir də...

Musavat.com modern.az-a istinadən xəbər verir ki, bu il sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. Seçkilərdə iştirak etmək istəyən məmurlar da çoxdur.

Belə ki, hakim Yeni Azərbaycan Partiyasının (YAP) ötən günlərdə açıqladığı namizəd siyahısında məmurların da adı var.

Onlardan biri Əli Əhmədovdur. O, 2013-cü ildə baş nazirin müavini təyin edilib. Əli Əhmədov I, III və IV çağırış parlamentin deputatı olub. YAP-ın sədr müavini 25 saylı Nizami ikinci seçki dairəsindən namizədliyi irəli sürülüb.

YAP-ın namizəd siyahısındakı digər məmur Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovdur. Asif Əsgərov 2000-2006-cı illərdə Gənclər, İdman və Turizm Nazirinin müavini, 2006-2009-cu illərdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı, 2009-2015-ci illərdə isə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. O, Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Onun namizədliyi 112 saylı Zaqatala seçki dairəsindən irəli sürülüb.

Namizədlərin siyahısında Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru olan Heydər Əsədovun da adı var. Onun namizədliyi 51 saylı Şirvan seçki dairəsindən irəli sürülüb. 65 yaşlı Heydər Əsədov Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri (2013-2018), Azərbaycan Respublikası Hesablama Palatasının sədri (2007-2013) kimi vəzifələrdə də çalışıb.

YAP-ın siyahısındakı növbəti məmur Mehriban Vəliyevadır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin keçmiş müdiri, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini 44 saylı Sumqayıt üçüncü seçki dairəsində YAP-ı təmsil edəcək.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Şahin Seyidzadə də 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün deputatlığa namizədliyini irəli sürüb. O, namizədliyini 87 saylı Qobustan - Şamaxı - İsmayıllı seçki dairəsindən irəli sürüb.

Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri Azər Əmiraslanov da deputat olmaq istəyənlər sırasındadır. O, 108 saylı Ağstafa seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Azər Əmiraslanov baş nazirin 2019-cu il 4 dekabr tarixli sərəncamı ilə Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 1-ci dərəcəli dövlət müşaviridir.

Namizədliyi 48 saylı Abşeron birinci seçki dairəsindən irəli sürülən Nigar Məmmədova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktorudur. 50 saylı Abşeron üçüncü seçki dairəsindən namizədliyi hakim partiya tərəfindən irəli sürülən Ramid Namazov isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici əlaqələr şöbəsində çalışır.

121 saylı Laçın seçki dairəsindən namizəd olan Rövşən Muradov Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini vəzifəsində işləyir.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da namizəd olacaq. O, 124 saylı seçki dairəsindən namizədliyini irəli sürüb.

Qeyd edək ki, müvafiq qanunvericiliyə görə deputat seçilən şəxslər hökumətdə vəzifə tuta bilməz. Sözügedən şəxslər deputat seçiləcəyi təqdirdə vəzifələri ilə vidalaşmalı olacaqlar...

Musavat.com



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR