İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu kimi proqramların icrası həm də milli qeyrət məsələsidir”

1163 21.12.2022 08:57 Media A A

Fikrət Yusifov: “Bu sənəd doğma torpaqlara dönüş etmək istəyən insanların arzularının reallaşdırılmasını hədəfləyir”

Ötən həftə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı təsdiq olundu. Bu da məcburi köçkünlər üçün növbəti il öncəsi müjdəli xəbərlərdən biri oldu. Bu proqram çərçivəsində bu ilkindən daha artıq sayda məcburi köçkün ailələrinin gələn il öz doğma torpaqlarına qaytarılacağı bildirilir. 

“İşğaldan azad edilmiş ərazilərə dəymiş maddi ziyanın həcmi hələ tam hesablanmayıb, lakin siz Zəngilanda olarkən nəzər salsanız, dağıntıların miqyasını görə biləcəksiniz”. “APA-Economics” xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı Krallığından olan nümayəndə heyətinin Zəngilan rayonuna səfəri zamanı maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, Səudiyyə Ərəbistanı Krallığının Azərbaycana qarşı təcavüzə, yüz minlərlə mülki azərbaycanlının öz doğma yurd-yuvasından və torpaqlarından zorla köçürülməsinə, dağıdılmasına səbəb olan, Azərbaycanın şəhər və kəndlərini xarabalığa çevirmiş, məscidlərimizə və digər müqəddəs yerlərimizə qarşı vandalizm törətmiş Ermənistanla diplomatik əlaqələr qurmamaq kimi prinsipial mövqeyini Azərbaycan yüksək qiymətləndirir.

“Təyyarəniz Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması ilə bağlı gördüyü işlər çərçivəsində işğaldan azad edilmiş Azərbaycan torpaqlarında inşa edilən Zəngilan Beynəlxalq Hava Limanına enib. Prezident İlham Əliyev işğal olunmuş ərazilər azad edildikdən dərhal sonra bütün dövlət orqanlarına tapşırıb ki, bu ərazilərin ölkə iqtisadiyyatına yenidən inteqrasiyası, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasını təmin etmək məqsədilə yenidənqurma işlərinə başlansın. Prezidentin sərəncamı ilə "Böyük Qayıdış Proqramı"nın 1-ci mərhələsi qüvvəyə minib və 2021-ci ildən icrasına başlanılıb", - deyə nazir əlavə edib.

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov proqram ətrafında bir sıra çox vacib məqamlara toxundu: “Böyük Qayıdışa dair I Dövlət Proqramı ilə tanış oldum. Proqram sənəd yaxşı tərtib edilib. Lakin bu əsas şərt deyil. Son illərin təcrübəsi hökumətin qəbul etdiyi bir sıra mühüm dövlət proqramı sənədlərinin icrasında ciddi nöqsanların olduğunu ortaya qoydu. Bəzi proqram sənədlərin icrası başlanğıcda yaxşı getsə də, sonradan səngimələr oldu və nəhayət, belə proqramlar unuduldu desək səhv etmərik. Bu proqram sənəd otuz ilə yaxın vətənə dönüş etmək istəyən insanların arzularının reallaşdırılmasını hədəfləyir. İnanıram ki, proqramın icrasına məsul olan bütün qurumlar bunun nə demək olduğunu yaxşı anlayırlar. Ən əsas məsələlərdən biri də proqramın icrasına ayrılacaq vəsaitlərdən istifadənin səmərəliliyini təmin edə bilməkdir. Bunun üçün bütün tenderlər şəffaf keçirilməli, hər bir tenderin icra nəticələri monitorinq edilib açıqlanmalıdır. Bu, icraçıların da məsuliyyətini yetərincə artıracaq və deməli, bu məqsədə istifadə olunacaq vəsaitlərin səmərəli istifadəsi təmin edilmiş olacaqdır. Bu proqramın reallaşdırılmasında iştirak edən, buna bilavasitə məsul olan bütün səviyyələrdən məmurlar yəqin ki, torpaqlarımızın azadlığı uğrunda 44 günlük Vətən müharibəsində verdiyimiz şəhidlərin ruhu qarşısında, qazilərimizin qarşısında gördükləri işlərin sağlamlığı üçün öz vicdanlarına hesabat verməyi bacaracaqlar. Bunu bacarmayanlara isə mümkün olandan daha ağır cəzalar vermək gərək olacaq. Bu kimi proqramların icrası həm də milli qeyrət və milli namus məsələsidir”.

Editor.az-a açıqlamasında Milli Məclisin deputatı, professor Kamilə Əliyeva da bu məsələyə toxunub. Onun sözlərinə görə, işğaldan azad edilmiş torpaqlarımızın sahəsi 10 min kvadrat kilometrdən çoxdur: “Bu, bəzi ölkələrin ərazisindən böyükdür. Bütün bunlara baxmayaraq, minalardan təmizlənmiş ərazilərdə böyük quruculuq və abadlıq işlərinə start verilib. Ərazilərin bərpası və yenidən qurulması üçün 2021-ci ilin dövlət büdcəsindən  ilkin olaraq 2,2 milyard manat vəsait ayrılmış, sonrakı illərdə bu vəsait daha da artırılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə "Azərbaycan 2030: sosial - iqtisadi inkişafa dair Milli Prioritetlər" təsdiq edilib. Bu prioritetlərə əsaslanan Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”nda əks olunmuş “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış” Milli Prioritetlərin icrasının təmin edilməsi məqsədilə Prezident cənab İlham Əliyevin 16.11.2022-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilib".

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıış" mövzusunda hazırlanıb.

Hazırladı: Cavanşir ABBASLI 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR