İnsanlara hürriyət, millətlərə istiqlal!

Brüssel görüşünü keçirənlərin məqsədi...-deputatdan ilginc açıqlamalar

860 01.04.2024 15:25 Siyasət A A

 

“Brüsseldə keçirilməsi planlaşdırılan görüşdə nə qədər paradoksal görünsə də, Rusiya və İranın maraqlarına cavab verən məqamlar yox deyil. Çünki Rusiya da, İran da Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhün yaranmasını istəmirlər. Rusiya xarici işlər naziri Sergey Lavrovun Praqa danışıqlarına Putinin reaksiyası haqda söylədikləri elə məhz bu deməkdir”.

Deputat Sahib Alıyev bunu Musavat.com-a açıqlamasında bildirib. 5 apreldə Ermənistan-ABŞ-Avropa İttifaqı rəhbərliyinin keçirəcəyi görüşdən bəhs edən deputatın sözlərinə görə, Brüssel görüşünü keçirənlərin də məqsədi Azərbaycanla Ermənistan arasında bundan qaçmaq mümkün olmasa, elə bir sülh anlaşmasının bağlanmasına çalışmaqdır ki, gərginlik tam aradan qalxmasın:

“Xatırladım ki, bu görüşün anonsu ötən ilin oktyabrında Qranadada verilmişdi. O Qranadada ki, oradakı üçlük hayaların öz qanadları altında, qarşılarında Azərbaycan vətəndaşlığı tələbi qoyulmadan Qarabağa qaytarılmasını istəmişdilər. Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin son açıqlamsı göstərir ki, onların Qarabağdakı hərbi kontingentləri də hər gecə yatıb yuxularında hayların ora qayıtmasını görürlər. Bir sözlə, Moskvada yaxşı anlayırlar ki, qərbin Qarabağı kosovolaşdırması mümkünsüzdür, çünki Azərbaycan bunun qarşısını almaq üçün nə gərəkirsə edib, amma onların təzyiqlərinin Rusiya hərbi kontingentinin yuxusunun çin olmasına, hayların ora qayıtmsına az da olsa, təsir göstərə bilər. Yəni Moskvanın 5 aprel görüşünə qatılmağı planlaşdırdığına görə Paşinyanı sözdə asıb-kəsməsinə baxmayaraq, əməldə Ermənistanı yerində oturdacaq addımlar atmaması, bizim hətta yetərincə informasiyalı ekspertlərimizin də dedikləri kimi, heç də hay cəmiyyətinin gözündən daha da düşməmək istəyi ilə bağlı deyil. Burada istər-istəməz “islanmışın yağışdan nə qorxusu” deyimini xatırlatmalı olacağıq. Çünki Respublikaçılar İnstitutunun ötən ilin sonlarında Ermənistanda keçirdiyi sorğu da orada böyük çoxluğun Rusiyanın əleyhinə kökləndiyi, rəyi soruşulanların 40 faizinin isə onu düşmən gözündə gördüyün göstərir. Demək, Qərbin yeritdiyi siyasət və Paşinyanın onlarla cükküldəşməsində kremldəkilər özləri üçün hələ böyük təhlükə görmədiklərindən sözdən əmələ keçmirlər”.

Baş verənləri görməzdən gələn İranın mövqeyinə gəldikdə, S.Alıyevin fikrincə, qərbin regionda sülhə maneçilk törədən addımları təbii ki, Tehran rejiminin də maraqlarına cavab verir: “Ancaq İranı burada ən çox razı salan Birləşmiş Ştatların Zəngəzur dəhlizinin işə düşməsinə qarşı çıxmasıdır. İranı Avrasiyanın ən önəmli tranzit ölkələrindən birinə çevirəcək Paşinyanın əvvəl hay, sonra “sülh qovşağı” adlandırdığı layihə əslində mahiyyətcə, ABŞ qovşağıdır. ABŞ nəinki Zəngəzur dəhlizinə qarşı çıxır, Çini Avropa ilə birləşdirən Orta Dəhlizin cəlbediciliyinin azaldılmasında da əlindən gələni etməyə çalışır və çalışacaq. Bu, Vaşinqtona həm Çinin önünün kəsmək, həm də Türk dünyasının güc mərkəzinə çevrilməsinin qarşısını almaq üçün lazımdır. Ona görə də Ermənistandan və hay faktorundan alət kimi faydalanırlar ki, Qafqazda gərginlik ən azından qorunub saxlanılsın”.

Deputat yaxın perspektivdə, Orta Dəhliz boyunca yerləşən ölkələrdə çeşidli təxribatlara, o sıradan terrora da əl atılacağını istisna etmədi: “Bu haqda xəbərdarlıqlar da var. Sonda diqqətimi çəkən bir məsələyə də toxunum ki, o da ötən gün Roma Papasının özünün builki “Urbi et Orbi”sində “Azərbaycanla Ermənistan arasında beynəlxalq birliyin dəstəyi ilə sülh danışıqlarını dəstəkləməsi və “yerlərini tərk etmiş şəxslərə kömək, müxtəlif dini konfessiyadan olanların ibadət yerlərinə sayğıyla yanaşmaq” haqda dedikləridir. Məncə, bu, həm də 5 aprel görüşünə verilən “xeyir-dua” və bir növ onun gündəliyinin tam da olmasa, anonsu idi. Papa həzrətləri beynəlxalq birliyin “dəstəklədiyi”ndənsə, ikitərəfli formatda keçirilən danışıqların daha məhsuldar olduğunu yəqin ki, bilməmiş deyil. Və onun “yerlərini tərk etmiş şəxslərə kömək” çağırışında Qərbi Azərbaycandan deportasiya olunanlar unudularaq, ancaq Qarabağ hayları nəzərdə tutulursa, bu, o deməkdir ki, Brüssel görüşü sülh baxımından regiona yaxşı heç nə vəd etmir. Həmən görüşdə Qrandadakı sayaq hayların Qarabağa qaytarılması tələbi yenidən səslənərsə, bu, ABŞ və Avropa Birliyinin heç vaxt olmadığı qədər sülhə yaxın regionda onun baş tutmamasına çalışdıqları anlamı daşıyacaq ki, belə halla üzləşməyimiz birinci dəfə deyil”.

E.Paşasoy,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR