Avropa Birliyinin (AB) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Azərbaycana səfər etməyi planlaşdırır.
Bu barədə Report-a diplomatik mənbə məlumat verib. “O, sabah Bakıya gələcək", - mənbə qeyd edib. Mənbə səfərin təfərrüatlarını açıqlamayıb.
Qeyd edək ki, Maqdalena Qrono sonuncu dəfə Azərbaycana 2026-cı ilin yanvarında səfər edib. Bəs əsas müzakirə mövzuları nə ola bilər?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a bildirib ki, Maqdalena Qrononun Bakıya səfərinin əsas mövzusunun Azərbaycan-Avropa İttifaqı münasibətlərinin hazırkı mərhələsi, regional təhlükəsizlik və Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı olması ehtimalı yüksəkdir: “Qrono son aylarda regionda baş verən geosiyasi dəyişikliklər fonunda bir neçə istiqamətdə müzakirələr apara bilər. Azərbaycan-Ermənistan sülh sazişi məsələsi ən vacib mövzulardan biri hesab olunur. Tərəflər arasında sülh sazişinin mətni üzrə əsas məsələlərin böyük hissəsi razılaşdırılıb. Lakin sazişin imzalanması üçün Ermənistan Konstitusiyasında dəyişiklik, qarşılıqlı etimad tədbirləri və kommunikasiyaların açılması kimi məsələlər gündəmdə qalır. Aİ bu prosesdə vasitəçi olmasa da, sülh gündəliyinə siyasi dəstək verməyə çalışır.
Zəngəzur dəhlizi və regional kommunikasiyalar Son həftələrdə nəqliyyat marşrutları və regionun tranzit potensialı ətrafında müzakirələr yenidən intensivləşib. Aİ üçün Orta Dəhlizin inkişafı strateji əhəmiyyət daşıyır və Azərbaycan bu marşrutun əsas iştirakçılarından biridir. Bu baxımdan kommunikasiya xətlərinin açılması məsələsi diqqət mərkəzində ola bilər”.
Ç.Qənizadə hesab edir ki, enerji əməkdaşlığının genişləndirilməsi və yeni layihələr də danışıqların mövzularından biri ola bilər: “Bundan başqa, İran və Rusiya amili regionda İran-ABŞ münasibətlərindəki dəyişikliklər, həmçinin Ermənistanın Rusiya ilə münasibətlərində müşahidə olunan gərginlik Aİ-ni Cənubi Qafqazda daha fəal olmağa sövq edir. Brüssel Azərbaycanın bu proseslərə baxışını öyrənməkdə maraqlı ola bilər. Xüsusilə son dövrdə Ermənistanın Qərblə yaxınlaşması və regionda yeni geosiyasi balansın formalaşması fonunda Bakı ilə birbaşa məsləhətləşmələr Brüssel üçün mühüm əhəmiyyət daşıyır”.
Etibar Seyidağa,
Musavat.com






