İnsanlara hürriyət, millətlərə istiqlal!

Brüs Uillis bu problemlərə görə karyerasını bitirir

1210 31.03.2022 15:41 Mədəniyyət A A

Hollivud ulduzu, dünya şöhrətli aktyor Brüs Uillis afaziya diaqnozu səbəbindən karyerasını bitirmək qərarına gəlib.

Musavat.com xəbər verir ki, bu barədə aktrisa Demi Mur şəxsi sosial media hesabında məlumat verib: “Bu, ailəmiz üçün həqiqətən çətin bir dövrdür. Sevginiz, şəfqətiniz və dəstəyiniz üçün minnətdarıq. Biz bunu onun pərəstişkarlarına bildirmək istədik, çünki onun sizin üçün nə qədər dəyərli olduğunu bilirik”, -deyə o yazıb.

Aktrisa ailə adından birgə bəyanat yayaraq bildirib ki, B.Uillis afaziya səbəbindən aktyorluq karyerasını bitirmək qərarına gəlib: “Bu nevroloji problem nitqin pozulmasına gətirib çıxarır və bəzi hallarda insanın başqalarının sözlərini oxumaq, yazmaq və anlamaq qabiliyyətinə təsir göstərir. Bu xəstəlik üçün xüsusi bir müalicə hələ hazırlanmayıb, lakin bir danışıq uzmanı və nevroloq ilə dərslər sağalma şansı verir”.

Bundan öncə bir sıra KİV-də 67 yaşlı Brüs Uillisin demensiyası barədə məlumatlar yayılmışdı. Məlumatda aktyorun təqaüdə çıxmağı planlaşdırdığı bildirilmişdi. Həmçinin qeyd olunmuşdu ki, aktyor məhz demensiyaya görə Nyu-Yorkdakı bütün daşınmaz əmlakını satmağa və Los-Ancelesdə yaşayan ailəsi ilə daha çox vaxt keçirməyə qərar verib. Aktyor demensiya ilə bağlı yayılan xəbərlərə münasibət bildirməmişdi. Bu diaqnozun rəsmi təsdiqi isə yoxdur.

Qeyd edək ki, kino tənqidçiləri Brüs Uillisin son işlərinin bir çoxunu uğursuz hesab edirdilər. Aktyorun Kventin Tarantino, Brayan De Palma və Ues Anderson kimi kult rejissorları ilə işləməməsinə səbəb kimi sağlamlıq problemləri göstərilirdi.

2022-ci ilin fevral ayında Uillis səkkiz layihədə çəkilişlərə görə “Qızıl Moruq” anti-mükafatının xüsusi kateqoriyasını aldı. “Qızıl moruq”un təşkilatçıları Uillisin 2021-ci ildə rol aldığı bütün filmləri uğursuz hesab edərək, onlardan ən pisini seçməyi təklif etdilər. Siyahıya “Amerika mühasirəsi”, “Kriminal qonaq”, “Ulduz xətti”, “Ölü nöqtə”, “Qala”, “Taxıl tarlasında gecə yarısı”, “Həyatdan kənarda” və “Oyundan sağ çıx” lentləri daxil idi. Xüsusi nominasiya "2021-ci ildə Brüs Uillisin ən pis performansı" adlanırdı.

Brüs Uillis karyerası boyunca yüzdən çox obraz yaradıb. Karyerasına 1980-ci illərin əvvəllərində teatrda başlayan aktyor daha sonra filmlərdə epizodik rollarda çəkilib. Brüs Uillisi şöhrətləndirən ilk rolu “Məğlubedilməz” döyüş filmində təqaüdçü polis Con Makleyn obrazı olub. Aktyor dünya şöhrətini “Beşinci Element”, “Ağır Ölmək”, “12 Meymun”, “Günah Şəhəri”, “Ucuz roman”, “Ölüm ona yaraşır”, “Hudson şahini” və “Doqquz yard” filmləri ilə qazanıb.

Brüs Uillis heç vaxt “Oskar” mükafatı almayıb. Bununla belə, ““Ay işığı” detektiv agentliyi” “Dostlar” serialında epizodik rola görə iki “Emmi” mükafatının qalibidir. ““Ay işığı” dedektiv agentliyi” filminə görə aktyor həmçinin “Qızıl Qlobus” mükafatına layiq görülüb.

2006-cı ildə Hollivudun Şöhrət Xiyabanında Brüs Uillisin adına olan lövhə döşənib.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR