İnsanlara hürriyət, millətlərə istiqlal!

Brejnevin kosmosda mənzil iddiası – Qrişin baş katibin arzusunu həyata keçirməkdə özünü səlahiyyətsiz sayıb

1839 29.05.2024 14:11 Yaxın tarix A A

Sovet dövründə Kremlin saray və zalları təkcə rəsmi siyasi tədbirlərlə deyil, həm də ziyafətlərlə yadda qalıb. Əlamətdar günlərdə, birincilərin yubileylərində, ölkə üçün mühüm sayılan hadisələrdə Kreml öz qapılarını çoxsaylı qonaqların üzünə açıb. Xüsusilə, Leonid Brejnevin hakimiyyəti illərində Kreml ziyafətlərinin sayı daha çox olub. Ümumiyyətlə, Brejnev özündən əvvəlki və sonrakı sovet liderlərindən fərqli olaraq “səmimi” məclislərə daha çox üstünlük verib.

Belə görüşlərdən biri də 1969-cu ilin oktyabr ayında keçirilib. Kosmonavt Vladimir Şatalovun kosmosa ikinci uğurlu uçuşunun şərəfinə Kremldə ziyafət təşkil olunub. Ziyafətə Siyasi Büro üzvləri, Mərkəzi Komitənin katibləri və şöbə müdirləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, kosmonavtın həmkarları dəvət olunublar.

SATAL.jpg (51 KB)

Tədbirin rəsmi hissəsində Brejnev Şatalova “Qızıl ulduz”u təqdim etdikdən sonra kiçik nitq söyləyib və mərasim iştirakçılarını ziyafətə dəvət edib. Süfrə arxasında ilk tostu da baş katib söyləyib, şampan şərabı süzülmüş qədəhini qaldıraraq Şatalova müraciət edib:

- Vladimir Aleksandroviç, siz bu il artıq ikinci dəfədir ki, Kremldə olursunuz. Biz heç Amerika prezidentlərini ildə iki dəfə Kremldə qəbul etmək həvəsində deyilik. Bu o deməkdir ki, sizin SSRİ üçün xidmətləriniz olduqca böyükdür. Siz kosmosa tez-tez uçun ki, biz də tez-tez bir yerə toplaşaq. Yoxsa məmurlarımız kabinetlərdə mürgüləməkdən yorulublar. Lazım olsa, kosmosda sizə bir mənzil də verərik.

Mənzil söhbətindən sonra Brejnev üzünü Moskva şəhər Partiya Komitəsinin birinci katibi Viktor Qrişinə tutub:

- Viktor Vasilyeviç, mənzil məsələləri ilə siz məşğul olursunuz. Şatalov üçün yuxarılarda bir mənzil ayırın.

Qrişin bu zarafatdan özünü itirməyib:

- Leonid İliç, kosmosda hakim partiyanın Kommunist Partiyası olmasına şübhə etmirəm. Amma oranın birinci katibi mən deyiləm, buna görə də mənim səlahiyyətim daxilində deyil.

- Onda siz uçuşa hazırlaşın, mən sizi kosmosda ən yüksək vəzifəyə təyin edəcəm. Elə kosmosda mənə də bir mənzil ayırsanız pis olmaz. Kommunist Partiyası planetə göydən nəzarət etməlidir.

BREJ SON.jpg (104 KB)

Qrişin bu təklifi də cavabsız qoymayıb:

- Leonid İliç, biz bu məsələni əvvəlcə yerdə də həll edə bilərik. Şatalova Moskvada yeni mənzil verməklə onun məişət şəraitini yaxşılaşdırarıq.

Məhz həmin tədbirdə Vladimir Şatalova Moskvanın Kutuzov prospektində mənzil verilməsi məsələsi həll olunub.

Viktor Qrişin sonralar yazdığı xatirələrdə həmin tədbiri belə xatırlayıb:

“Kosmonavtların mənzil məsələsi həmişə diqqətimizdə olurdu. Şatalova da yeni mənzilin verilməsi iki-üç aya həll olunacaqdı. Biz ona mənzil təklif etmişdik. Amma o, məhz Moskvanın mərkəzində ev istəyirdi. Şatalov Ulduz şəhərciyində mənzilə sahib idi. Ona görə də biz bu məsələdə çox da tələsmirdik. Həmin tədbir isə məsələni tezləşdirdi. Adətən Brejnevin əhvalı xoş olanda çox səxavətli olurdu. Bu görüşdə də onun kefi kök idi. Amma məni kosmosa “göndərməsi” bir müddət Kremldə əsl lətifəyə çevrilmişdi. Həmkarlarım tez-tez məndən soruşurdular ki, kosmosda bağ evi, mənzil məsələsi necə həll olunur...”

Qeyd edək ki, kosmonavt Şatalov 1969-cu ildə iki dəfə Sovet İttifaqı Qəhrəmanı adı ilə təltif edilib. Hər ikisində də “Qızıl ulduz”u kosmonavta Brejnev təqdim edib.

İlk baxışdan ciddi və sərt insan təəssüratı yaradan kosmonavt çox mehriban, qayğıkeş, maraqlı və həm də güclü yumor hissinə malik bir şəxs olub. O, əsasən mədəniyyət və incəsənət xadimləri ilə dostluq edib. Lev Leşenko, İosif Kobzon kimi tanınmışlar Şatalovun ailə dostları olublar.

KASTRO.jpg (66 KB)

Şatalovla Fidel Kastro arasında da dostluq münasibətləri olub. Kuba lideri SSRİ-yə səfərində Şatalovla birlikdə balıq ovunda əyləniblər, daha sonra Kastro onun mənzilində qonaq olub.

1971-ci ilin iyul ayında Şatalov SSRİ Silahlı Qüvvələri hərbi hava qüvvələrinin komandanının köməkçisi vəzifəsinə təyin olunub. 1987-ci ildən 1991-ci ilə qədər isə Kosmonavtların Hazırlıq Mərkəzinin rəisi vəzifəsində xidmət edib.

Aviasiya general-leytenantı rütbəsini daşıyan Şatalov 1972-ci ildə dissertasiya müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsini alıb.

Uşaqlıq dövrü ağır Leninqrad mühasirəsi illərinə düşsə də, həmişə fiziki gərginlikdə olsa da Vladimir Şatalov uzun ömür sürüb. O, 2021-ci ildə, 93 yaşında vəfat edib. Kosmonavt hərbi şərəflə federal hərbi memorial qəbiristanlığında dəfn olunub.

İlham Cəmiloğlu,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR