İnsanlara hürriyət, millətlərə istiqlal!

Brejnevə süni nəfəs verən, Qorbaçovla dil tapmayan general - ŞOK DETALLAR

2484 25.07.2023 16:53 Yaxın tarix A A

Özünün söylədiyi kimi, onun rahat həyatına 1962-ci ildə, dövlət təhlükəsizlik orqanlarında xidmətə başladıqdan sonra son qoyulub.

dovlet.jpg (168 KB)

Vladimir Medvedyev uzun illər DTK-nın 9-cu idarəsinin zabiti olaraq Leonid Brejnevin, daha sonra isə Mixail Qorbaçovun şəxsi mühafizəçisi vəzifəsini daşıyıb. Bu illər ərzində general rütbəsinə qədər yüksələn baş mühafizəçinin xidməti fəaliyyəti maraqlı hadisələrlə zəngin olub.

medved.jpg (139 KB)

Əslində Medvedyev nə məktəb illərində, nə də tələbəlik dövründə birincilərin bir addımlığında olacağını ağlına belə gətirib. 1937-ci ildə Moskvada anadan olan Medvedyev orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılıb. Ordudan tərxis olunduqdan sonra Serpuxovda zavodda çilingər işləməyə başlayıb. Nümunəvi işçi olduğuna görə zavod rəhbərliyinin təqdimatı ilə onu Moskva Dövlət Hüquq Universitetinə qəbul ediblər. Medvedyev əmək fəaliyyətini davam etdirərək universitetdə qiyabi təhsil alıb. 1960-cı illərin əvvəllərində dövlət təhlükəsizlik orqanlarına zavod və fabriklərdən, müəssisələrdən kadr seçimi edəndə Medvedyevin də adı siyahıya düşüb və o, DTK-nın 9-cu İdarəsinə (partiya və hökumət rəhbərlərinin mühafizəsinə cavabdehlik daşıyan qurum) xidmətə qəbul edilib.

medal son.jpg (132 KB)

Medvedyev 1962-ci ildən 1982-ci ilə qədər Leonid Brejnevin, 1985-ci ildən 1991-ci ilə qədər isə Mixail Qorbaçovun mühafizə rəisi xidmətində çalışıb. General öz xatirələrində həmin illərin heç də asan keçmədiyinə toxunub:

“Mənim uşaqlıq və gənclik illərim rahat keçib. Qayğısız məktəb illəri, hərbi xidmət, daha sonra zavod həyatı problemsiz dövrlər idi. Zavodda işləyərkən mühəndis olmaq haqqında düşünürdüm. Bu arzumu zavod rəhbərliyi yarımçıq qoydu. Onlar məni hüquqşünas görmək istəyirdilər və elə məni də hüquq institutuna göndərdilər. Düşünürdüm ki, gələcəkdə də zavodun hüquq şöbəsində işləyərəm. Amma günlərin birində məni direktorun kabinetinə çağırdılar. Hərbi geyimdə olan bir neçə nəfər məni sorğu-suala tutdu. Daha sonra zavodun komsomol, həmkarlar və partiya təşkilatlarından mənim haqqımda xasiyyətnamə tələb etdilər. Bir aydan sonra DTK-ya çağırıldım. Yenidən sorğu-sual başlandı. İki aydan sonra isə zavoddan birdəfəlik ayrıldım. Artıq DTK-nın zabiti idim. Bununla da gərgin və narahat günlərim başlandı. Brejnevlə işləmək rahat olsa da, o, mühafizəçilərlə mehriban davransa da, baş katibin özünəməxsus şıltaqlıqları var idi. Leonid İliç rejimi pozmağa adət etmişdi. Bəzən gəzintilərin vaxtını uzadırdı, bəzən planlaşdırılmamış görüşlər keçirirdi, xarici səfərlərdə nəzərdə tutulmamış tədbirlərə qatılmağa cəhd edirdi. Təbii ki, biz öz səlahiyyətlərimiz çərçivəsində bunların qarşısını ala bilirdik. Ümumiyyətlə, biz Leonid İliçi özümüzə doğma bir adam kimi qəbul edirdik. Çünki o da mühafizəçilərə doğma münasibət bəsləyirdi. Tez-tez ailə və məişət qayğılarımızla maraqlanırdı, mövcud olan problemlər elə həmin andaca öz həllini tapırdı. Yay istirahətlərində məzuniyyətdə olarkən Brejnev öz sadəliyi ilə daha çox fərqlənirdi. O, şam yeməyində bizi də süfrəyə dəvət edirdi. Sonra təklif edirdi ki, iki qrupa bölünərək domino oynayaq. Bəzən oyunun arxasında hədiyyə maraqları da olurdu. 20 il ərzində baş katiblə aramızda heç bir narazılıq olmadı. Son anında da mən onun yanında oldum, süni nəfəs verdim. Amma gec idi, Brejnev yuxuda olarkən vəfat etmişdi...”

oxran.jpg (111 KB)

Brejnevin vəfatından sonra bir müddət 9-cu idarədə şöbə rəisi işləyən Medvedyev Qorbaçov hakimiyyətə gəldikdən sonra yenidən baş katibin mühafizə rəisi vəzifəsinə təyinat alıb. General öz xatirələrində Qorbaçovla işləməyin dözülməz olduğunu xüsusilə vurğulayıb:

“Qorbaçov mürəkkəb bir adam idi. Raisa Qorbaçova isə həyat yoldaşından heç də geri qalmırdı. Baş katibdən daha çox həyat yoldaşı bizim işlərimizə müdaxilə edirdi. 1985-ci ilin avqust ayında Qorbaçov ailəsi ilə birlikdə Krımda istirahət edirdi. Avqustun sonuncu günündə pansionatın mətbəxində işləyənlərdən üç nəfəri mənə yaxınlaşıb bir neçə saatlığa iş yerlərini tərk etmələrini xahiş etdilər, bildirdilər ki, uşaqlarına məktəb ləvazimatları almalıdırlar. Belə ki, səhəri gün - sentyabrın 1-də yeni dərs ili başlanırdı. Mən əvvəlcə görüləcək işlərlə maraqlandım, onlar həmin gün üçün bütün işlərini görmüşdülər. İcazə verdim. Yarım saatdan sonra Raisa Qorbaçova mətbəxdə göründü, mətbəxin işçilərinin harada olması ilə maraqlandı. Dedim ki, bir neçə saatlığa mən icazə vermişəm. Elə bunu demişdim ki, Raisa Qorbaçovanın səsi bütün mətbəxi götürdü. Qorbaçov üçün həyat yoldaşının sözü qanun idi. Mən həmin “icazə”yə görə baş katibdən ciddi töhmət aldım. Qorbaçov mühafizəçilərlə həmişə kobud rəftar edirdi. Yaponiyaya səfərimizin ikinci günü onların mühafizə rəisi məni görüşə çağırdı. Tərcüməçi vasitəsi ilə bildirdi ki, Qorbaçova maşından düşüb yerli sakinlərlə görüşməyə icazə verməyək. Əks halda sovet liderinin təhlükəsizliyinə cavabdah olmayacaqlar. Mən bunu baş katibə çatdırdım. Bu xəbərdarlığım Qorbaçovun qəzəbinə səbəb oldu:

- Siz kimsiniz axı? Mühafizəçi? Onda işinizlə məşğul olun. Mənə göstəriş verməyə sizə kim haqq verib? Mən görüşlərimdə, qəbullarımda sizdən icazə almalıyam?

Həmin gün Qorbaçovdan növbəti töhmətimi aldım...”

1991-ci ilin avqustun 19-da, “QKÇP” hadisələri zamanı Vladimir Medvedyev DTK orqanlarından xaric olunub. 85 yaşlı general hazırda “Antiterror” Fondunda müşavir vəzifəsində çalışır.

İlham Cəmiloğlu,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR