İnsanlara hürriyət, millətlərə istiqlal!

BQXK-nın Xankəndi ofisinin bağlanması tələbi - niyə əməl olunmur?

1180 08.02.2024 14:00 Gündəm A A

Hüquqşünasdan “Qırmızı Xaç”la bağlı ilginc məlumatlar: “Xankəndidə hər hansı ofisin fəaliyyətinə ehtiyac yoxdur”

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) həm birinci Qarabağ savaşı zamanı, həm Azərbaycan torpaqları işğal altında olduğu zamanlarda, həm İkinci Qarabağ savaşında Azərbaycana münasibətdə heç də obyektiv mövqe tutmayıb. 

Xüsusən azərbaycanlı əsir və girovlarla bağlı BQXK-nın sərgilədiyi mövqe həmin insanların taleyinin faciəli sonluqla bitməsində az rol oynamayıb. Keçmiş Qarabağ münaqişəsində əsir və girov götürülmüş 4 minə qədər azərbaycanlının aqibəti Ermənistanla yanaşı, məhz BQXK-nın yarıtmaz, məsuliyyətsiz, qeyri-şəffaf fəaliyyəti nəticəsində bu günə qədər də məlum deyil. Hansı ki, Ermənistanın kapitulyasiyası ilə başa çatan İkinci Qarabağ müharibəsindən sonra BQXK qısa vaxt ərzində 1700 nəfər erməni hərbçisinin cəsədini toplamağı bacardı, amma birinci müharibədə itkin düşmüş 4 min azərbaycanlı hərbçinin tapılması üçün heç nə etmədi. Digər tərəfdən, BQXK 1995-ci ildə 54 nəfər Azərbaycan vətəndaşının əsirlikdə saxlandığını müəyyənləşdirmişdi, onların məktublarını da təqdim etmişdi. Lakin həmin şəxslərin taleyindən xəbər çıxmadı. Eyni zamanda 44 günlük müharibədən sonrakı dövrdə BQXK-nın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə yaşayan erməni əhalisi üçün qaçaqmalçılıqla məşğul olduğu barədə də çoxsaylı təkzibolunmaz faktlar mövcuddur. BQXK-nın həmin dövrdə separatçı rejimlə qanunsuz əlaqələri, qanunsuz yüklər və adamlar daşınması faktları da ortadadır. Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) 2000-ci illərin əvvəllərində nəinki Azərbaycanla razılaşdırmadan, heç ona xəbər vermədən Xankəndidə ofisin açılmasını artıq Qarabağda tamamilə yox edilmiş separatçı rejimlə saziş imzalayaraq həyata keçirmişdi. Bu illər ərzində Xankəndi ofisi Bakı ofisinə yox, İrəvan və Cenevrə ofislərinə tabe olub. Vətən müharibəsindən sonra Azərbaycan tərəfi dəfələrlə BQXK qarşısında Xankəndi ofisinin Bakı ofisinə tabe etdirilməsi məsələsini qaldırmasına baxmayaraq, “Biz müstəqil, qərəzsiz, bitərəf təşkilatıq” iddiası, bəhanəsi ilə Azərbaycanın haqlı tələbini yerinə yetirməkdən boyun qaçırırlar.

BQXK-nın qəbuledilməz yanaşmasını görən Azərbaycan tərəfi 2023-cü ilin fevral ayında BQXK-ya rəsmi nota ünvanlamaq məcburiyyətində qalıb, BQXK-nın Xankəndi ofisinin birbaşa Bakı ofisinə tabe edilməsi və bu məqsədlə konkret vaxt cədvəlinin təqdim edilməsini tələb edib. Hazırda isə Xankəndi ofisi sülh razılaşmasına mane olan Fransanın, Qərb dövlətlərinin “gözü və qulağı” rolunu oynayır. Artıq bütün ərazilərimiz üzərində dövlət suverenliyimiz bərpa olunub, fevralın 7-də suverenliyimiz bərpa olunmuş halda, işğaldan azad edilmiş ərazilərimiz də daxil, bütün ölkə hüdudlarında prezident seçkisi keçirildi. Azərbaycan prezidentliyə namizəd, dövlət başçısı İlham Əliyev ailə üzvləri ilə birlikdə məhz Xankəndidə səs verdi. Bütün bunlardan sonra Azərbaycanın icazəsi olmadan hansısa beynəlxalq qurumun ofisinin qalması əcaib görünür. Üstəlik, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndidə BQXK-nın Xankəndi ofisinə olan ehtiyacı da tam olaraq aradan qaldıra bilər. BQXK-nın Xankəndi ofisinin bağlanmasının tam vaxtıdır. Faktiki olaraq BQXK-nın mərkəzi hakimiyyətlə anlaşması olmayan Xankəndi ofisi Azərbaycanın suverenliyinə hörmətsiz münasibətin elementidir. Bakı hazırkı durumda hansı addımı atmalıdır? BQXK-nın Xankəndidəki faktiki qanunsuz ofisini necə ləğv edə bilərik? Onları inzibati qaydada buradan çıxarmaq olarmı?

Sahib Məmmədov: “Azərbaycanda Əmək Məcəlləsi yenidən yazılmalıdır” -  12.06.2018, Sputnik Azərbaycan

 Sahib Məmmədov

Hüquqşünas, Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov “Yeni Müsavat”a açıqlamasında bu barədə maraqlı məlumatlar söylədi və bu qurumun tarixi ilə bağlı faktları açıqladı. Öncə qeyd etdi ki, ictimaiyyətdə, hətta bəzən də peşəkar dairələrdə Beynəlxalq Qırmızı Xaç Komitəsi haqqında bir qədər yanlış təsəvvürlər mövcuddur: “Çoxları hesab edir ki, bu təşkilat beynəlxalq təşkilatlardan biridir. Əslində isə BQXK beynəlxalq publik hüququn subyekti deyil. O, bir İsveçrə şirkətidir. Yəni dövlətlər onun nizamnaməsini ratifikasiya edib üzv olmayıblar. BQXK 161 yaşı olan unikal bir qurumdur. 1863-cü il 26 oktyabr tarixində 16 dövləti təmsil edən 39 nəfərin iştirak etdiyi konfransda "müharibə hüququ"nun əsasını qoyan Cenevrə Konvensiyası imzalanmışdı. Bu tədbir Jan Henri Dünantın (Jean Henri Dunant) çoxillik səylərinin nəticəsi idi. Beynəlxalq humanitar hüquqla (müharibə hüququ) və Qırmızı Xaç hərəkatı ilə bağlı nə varsa, hamısı bu şəxsin adı ilə bağlıdır. Onun yaradıcısı isveçrəli milyoner Henri Dünant özü var-dövlətini beynəlxalq hümanitar hüququn - müharibə hüququnun - yaradılmasına sərf edib və ömrünü evsizlər üçün sığınacaqda başa vurub. Hətta ona Nobel Sülh Mükafatı veriləndə belə, sığınacağı tərk etmədi və aldığı mükafatın hamısını sığınacağın abadlaşdırılmasına, genişlənməsinə xərclədi. Beləcə, ömrünü sığınacaqda da başa vurdu. 160 ildən artıq fəaliyyət göstərən bu qurum qəbul etdiyi 7 prinsip əsasında fəaliyyət göstərir. Bunlar: Humanizm, Qərəzsizlik, Neytrallıq, Müstəqillik, Könüllü xidmət, Vahidlik Universallıq prinsipləridir". S.Məmmədov bildirdi ki, hazırda bu qurumun dünyanın 90-dan çox ölkəsində milli bölmələri fəaliyyət göstərir: “Ümumiyyətlə, bu mövzu barədə danışmaqdan, yazmaqdan əvvəl Beynəlxalq Qırmızı Xaç Komitəsinin özü və mandatı, həmçinin Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası, Milli Qızıl Xaç və Qızıl Aypara cəmiyyətləri haqqında az da olsa, məlumatlı olmaq lazımdır. BQXK beynəlxalq təşkilat olmadığı üçün onun dövlətlər qarşısında da heç bir öhdəliyi yoxdur və o dövlətlərlə, hakimiyyətlərlə, üsyançı qruplarla, işğal administrasiyaları ilə, bir sözlə, mandatını həyata keçirmək istədiyi ərazidə mövcud olan de-fakto idarəetməni həyata keçirən istənilən tərəflə - o cümlədən separatçılarla - əməkdaşlıq edərək potensial qurbanlara kömək edir. Bu baxımdan biz BQXK-nın fəaliyyətini Ermənistanın 30 il işğal altında saxladığı və oyuncaq rejim yaratdığı ərazilərdə İrəvan ofisi vasitəsilə və ona tabe olaraq həyata keçirməsini ərazi bütövlüyümüzə hörmətsizlik kimi qəbul edə bilmərik. Onlar Bakıdakı ofis vasitəsilə həmin ərazilərdə mandatlarını həyata keçirə bilməyəcəkdi. Amma indi vəziyyət əsaslı surətdə dəyişib”. Hüquqşünasın sözlərinə görə, təəssüf ki, erməniçilik bu müqəddəs məqsədlərə xidmət edən təşkilatı da ən azı öz milli çərçivələrində ləkələyə bildi: “Bu təşkilatın eblemindən və bu emblem altında fəaliyyət göstərən nəqliyyat vasitələrindən öz çirkin məqsədləri üçün istifadə etdi. Laçın yolunda Azərbaycan dövlətinin nəzarəti təmin olunduqdan sonra BQXK emblemli avtomobillərdən qaçaqmalçılıq məqsədləri üçün istifadə olunması halı baş verdi. Əslində hər bir ölkənin cinayət qanunvericiliyində BQXK emblemlərindən sui-istifadəyə görə cinayət məsuliyyəti müəyyən edilib. Bizim Cinayət Məcəlləsinin 119-cu maddəsinə görə, belə sui-istifadəyə görə iki ilədək azadlıqdan məhrumetmə cəzası, ağırlaşdırıcı hallarda isə beş ildən on ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Lakin Ermənistan BQXK emblemi altında baş verən pozuntularla bağlı heç bir tədbir görmədi. Artıq vəziyyət əsaslı surətdə dəyişib. Biz işğal dövründə BQXK-nın İrəvan ofisinin Xankəndidəki fəaliyyətinə dözümlə yanaşsaq da artıq ərazilərdə Azərbaycanın de-fakto yurisdiksiyası təmin olunandan sonra onların fəaliyyətinə ehtiyac yoxdur”. Ekspert digər vacib məqamlara da toxundu: “Komitənin əvvəlki arqumentləri - Azərbaycan ofisini separatçılar ərazilərə buraxmayacağı səbəbindən onlar İrəvan ofisinin tabeliyində fəaliyyət göstərmək məcburiyyətində idi - aradan qalxıb. Bakıdakı ofis Azərbaycanın bütün ərazilərində mandatını yerinə yetirə bilər və bu baxımdan Xankəndidə hər hansı ofisin fəaliyyətinə ehtiyac yoxdur. Hazırda ərazidə hərbi münaqişə yoxdur. Orada yaşayan erməni mənşəli əhali içərisində kimsəsiz, ahıl və xəstələrə Azərbaycan dövləti hərtərəfli qayğı göstərir və onların tibbə çıxışı təmin olunub. Belə olan halda BQXK-nın Bakıdakı ofisi, sadəcə, ərazilərdə monitorinq keçirə bilər. Həmin şəxslərə baş çəkib vəziyyətləri ilə tanış ola bilər. Bu baxımdan BQXK ilə heç bir konflikdə getmədən məsələni həll etməliyik. Bakı ofisinə ərazilərə maneəsiz giriş imkanı təmin olunmalıdır. İrəvanla isə əlaqə kəsilməlidir. Yeri gəlmişkən, BQXK vaxtilə azərbaycanlı əsir və girovların, itkin düşmüş şəxslərin məsələləri ilə bağlı müəyyən işlər görüb. BQXK rəsmi veb səhifəsində 4,496 nəfər girov və əsir düşmüş və ya itkin hesab olunan azərbaycanlı, o cümlədən qadınlar, ahıllar və uşaqlar haqqında məlumat var”.

Azərbaycan heç bir beynəlxalq təşkilatla konfrontasiyaya getməyə maraqlı deyil. Ancaq beynəlxalq hüquq və ölkəmizin qanunlarını pozan təşkilatlarla əməkdaşlıq da imkansız...  

E.Paşasoy,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR