İnsanlara hürriyət, millətlərə istiqlal!

Bolqarıstanda imzalanan memorandumun önəmi: logistik xəritə necə dəyişəcək...

388 27.04.2023 13:45 Siyasət A A

Xəbər verdiyimiz kimi, aprelin 25-də Sofiyada Bolqarıstanın “Bulgartransgas”, Rumıniyanın “Transgas”, Macarıstanın FGSZ, Slovakiyanın “Eustream” və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanma mərasimi baş tutub.

Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Bolqarıstan Prezidenti Rumen Radev, Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Bolqarıstan energetika naziri Rosen Xristov, Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto, Rumıniyanın energetika naziri Vircil Daniyel Popesku, Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman və “Bulgartransgas” şirkətinin icraçı direktoru Vladimir Malinov iştirak ediblər.

Anlaşma Memorandumunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Bolqarıstanın energetika naziri Rosen Xristov, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, Rumıniyanın energetika naziri Vircil Daniyel Popesku və Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman imzalayıblar.

İmzalanma mərasiminə videomüraciətində Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson Anlaşma Memorandumunun regiona əlavə qaz təchizatı baxımından alternativ marşrutlar üçün çərçivə təmin edəcəyini vurğulayıb, bu məsələdə Azərbaycanın roluna toxunaraq deyib: “Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu sübuta yetirdi. Bu qış enerji təchizatının təhlükəsizliyini təmin etmək üçün Azərbaycan tərəfindən enerji təchizatı həlledici olub. Komissiya Xəzər dənizindən təbii qazın Mərkəzi və Şərqi Avropaya çatdırılması üçün alternativ marşrutların təmin edilməsi üzrə əlavə səyləri dəstəkləyir”.

Azərbaycan Prezidenti bildirib ki, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi Azərbaycanın Avropaya qaz tədarükü coğrafiyasının genişləndirilməsini mümkün edib: “Bu təşəbbüs enerji resurslarının daha da şaxələndirilməsi və enerji təhlükəsizliyi baxımından çox vacib addımdır və olduqca vaxtında atılmış addımdır. 6 ay öncə mən Bolqarıstana rəsmi səfər etmişdim və 6 ay sonra geri qayıtmışam. Biz eyni zamanda, Bolqarıstanla interkonnekter layihəsinin inaqurasiya mərasimində iştirak etdik. Bu layihə Azərbaycanın Avropada milli qaz tədarükü coğrafiyasının genişlənməsini mümkün etdi və bu layihə eyni zamanda artıq Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə yardım edir”.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan təkcə enerji sektorunda deyil, digər sahələrdə də Avropanın mühüm və sınaqdan çıxmış tərəfdaşıdır: “Anlaşma Memorandumu ilə Azərbaycanın Avropa ölkələrinə daha çox qaz ixrac edəcək ki, bu da ittifaqın enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verəcək. Anlaşma Memorandumu Avropanın enerji təhlükəsizliyini gücləndirəcək və Azərbaycanın bir çox Avropa ölkəsinə daha çox qaz ixrac etməsinə imkan verəcək . Bu gün artıq burada Avropa Komissiyasının enerji komissarı xanım Kadri Simson, eləcə də Avropa Komissiyasının digər rəsmiləri və digər dostlar tərəfindən də qeyd edildiyi kimi, Azərbaycan Avropanın etibarlı tərəfdaşıdır və bu, sadəcə, enerji sahəsində deyil, bir çox digər sahələrdə də belədir. Həmçinin sizə bildirmək istərdim ki, Azərbaycan Avropa İttifaqı üzvü olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında razılaşma və bəyannamələr imzalayıb və qəbul edib. Beləliklə, bu o deməkdir ki, Aİ ölkələrinin üçdə biri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox vacib gələcəyi var”.

Prezident İlham Əliyev deyib ki, Azərbaycan Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan və İtaliyaya, bu ildən başlayaraq isə Rumıniyaya təbii qaz ixrac edir, ilin sonunadək isə Macarıstan və Slovakiya da Azərbaycandan qaz idxal edən ölkələrin sırasına qoşula bilər: “Bütün zəruri interkonnektorlar yerində olarsa, biz ilin sonunadək Macarıstan və Slovakiyaya qaz tədarükünə başlamağı planlaşdırırıq. Biz Albaniya ilə yerli qazpaylayıcı sistemin tikintisi ilə bağlı danışıqlar prosesindəyik. Çünki Cənub Qaz Dəhlizi Albaniya ərazisindən keçir. Həmçinin "Həmrəylik Halqası" üzvü olaraq Slovakiya da əminəm ki, tezliklə bizim enerji sahəsində tərəfdaşımız olacaq. Biz qaz tədarükümüzün coğrafiyasını genişləndirərək 6 ölkədən ən azı 10 ölkəyə çatdıracağıq. Mən “ən azı” dedim, çünki düşünürəm ki, bu hekayənin sonu deyil, biz Avropa qaz bazarındakı mövcudluğumuzu daha da genişləndirməyi planlaşdırırıq".

“Bu yeni təşəbbüslər beynəlxalq logistika xəritəsini dəyişəcək”. Bunu isə Bolqarıstan Prezidenti Rumen Radev deyib.

Bolqarıstan Prezidenti vurğulayıb ki, imzalanan memorandum əməkdaşlığı gücləndirəcək, bölgədəki qaz transmissiyasının həcmini artıracaq: “Biz artıq həm də yaşıl energetika haqqında da danışmalıyıq. Biz Azərbaycan Prezidenti ilə birlikdə SOCAR-ın Sofiyadakı ofisini açacağıq. Demək istərdim ki, geosiyasi vəziyyət bizi bir olmağa təşviq edir”.

Vüqar Bayramov: “Minimum əməkhaqqının artırılması vahid tarif cədvəlinin  bütün pillələrinə təsir göstərəcək”

Vüqar Bayramov: “Bu anlaşma Azərbaycanla Avropa arasında yeni əməkdaşlıq səhifəsidir”

İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, Bolqarıstan Şərqi Avropada Azərbaycanın strateji tərəfdaşlarındandır: “İki ölkə arasındakı ticarət dövriyyəsindəki artımlar münasibətlərin inkişafını bir daha təsdiq edir. 2022-ci ildə ölkələr arasındakı ticarət dövriyyəsi 325 milyon 391 min dollar olub. Bu o deməkdir ki, ötən il Azərbaycanla Bolqarıstan arasındakı ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 4.5 dəfə artıb. 2022-ci ildən başlayaraq Azərbaycan Bolqarıstanla enerji əməkdaşlığını gücləndirib. Bolqarıstan Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB) vasitəsilə Azərbaycan mavi qazını istehlak edir. Bu il Bolqarıstana 1 milyard kub metrdən çox qaz nəql ediləcək. İstər Cənub Qaz Dəhlizi, istər də Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun reallaşması Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində mümkün oldu. Bunu Avropa rəsmilərinin etiraf etməsi də məhz ölkəmizin regional enerji təhlükəsizliyinin formalaşmasına xüsusi töhfəsini bir daha təsdiq edir.

İGB-nin ötürmə qabiliyyətinin 3,5 milyard kubmetrdən 5,5 milyard kubmetrdək artırılması isə Bolqarıstan və Ruminiya ilə yanaşı, Macarıstan, Slovakiya, Şimalı Makedoniya kimi ölkələrin də Azərbaycan qazını almasına imkan yarada bilər".

Millət vəkili bildirir ki, Sofiyada imzalanan Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir: “Əlavə qaz tədarükü "Həmrəylik halqası" adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək. Bu anlaşma Azərbaycanla Avropa arasında yeni əməkdaşlıq səhifəsidir. Azərbaycanın regional geosiyasi və geoiqtisadi mövqeyi möhkəmlənməkdədir".

Rəsmi statistikaya əsasən, Azərbaycan 2023-cü ilin birinci rübündə qaz hasilatını 3 faiz artıraraq 12,2 milyard kubmetrə çatdırıb. Bu həcmin yarıdan çoxu və ya 6,5 milyard kubmetri beynəlxalq bazarlara çıxarılıb. Energetika Nazirliyinin məlumatına görə, 2023-cü ilin yanvar-mart aylarında Azərbaycan qaz ixracını 2022-ci ilin birinci rübü ilə müqayisədə 11,2 faiz artırıb. Ümumi ixracın 2,9 milyard kubmetri Avropaya, 2,7 milyard kubmetri Türkiyəyə, 0,9 milyard kubmetri isə Gürcüstana çatdırılıb.

İlham Şaban: “Neftin qiyməti bu səbəblərə görə bahalaşır” - 20.12.2020,  Sputnik Azərbaycan

İlham Şaban: “Azərbaycanın Avropaya nəql edəcəyi əlavə qazın 90 faizinin alıcısı artıq məlumdur”

Sofiyada imzalanan memorandum Azərbaycan qazının Avropadakı alıcılarının sayını, həmçinin alınacaq qaz həcmlərini artırır. Bu, Cənub Qaz Dəhlizinin genişləndirilməsi prosesinə necə təsir edəcək? Enerji məsələləri üzrə ekspert İlham Şabanın “Yeni Müsavat”a dediyinə görə, Azərbaycan 2022-ci ilin iyulunda Avropa İttifaqı ilə enerji əməkdaşlığına dair memorandum imzalayıb: “Həmin memorandumla Avropa İttifaqı gələcəkdə Cənub Qaz dəhlizi ilə Avropaya gələcək bütün qazın alınmasına özünün razılığını ifadə etdi. Avropa İttifaqının qaydalarına əsasən bir kəmərlə bir mənbədən 50 faizdən artıq qaz gəlməsinə icazə verilmir. Bu qayda Avropa İttifaqının 3-cü enerji paketində əksini tapıb. Lakin mövcud vəziyyəti nəzərə alaraq Avropa Komissiyası Cənub Qaz Dəhlizi ilə Avropaya çatdırılacaq bütün qaz həcmlərinin alınmasına razılıq verdi. Bundan sonrakı dövrdə aparılan danışıqlar, araşdırmalar qazın hara, Avropanın hansı istiqamətinə axması üzərində gedirdi. Sofiyada imzalanan memorandum qaz infrastrukturunun yaxşılaşdırılması, qaz təminatı məsələsini özündə ehtiva edir. Yəni bu ölkələr özlərinin qaz təchizatı şəbəkələrini Azərbaycandan gələcək qazı ala bilmək üçün modernləşdirirlər. Nəticə etibarilə Azərbaycan uzunmüddətli müqavilə əsasında 3 ölkəyə - Yunanıstan, Bolqarıstan, İtaliyaya qaz ixrac edirdisə, bu memorandumla bu ixrac coğrafiyası şaxələnir, genişlənir. Artıq Avropaya çıxarılacaq 10 milyard kubmetr əlavə qaz həcmlərinin 7-8 milyard kubmetri cənuba doğru deyil, Şərqi və Mərkəzi Avropaya, qismən də Balkanlara istiqamətlənəcək. Bu qazın alıcıları Bolqarıstan - mövcud 1 milyard kubmetrdən əlavə 1 milyard kubmetr də istəyir, Rumıniya ən azı 2 milyard kubmetr, Macarıstan 2-3 milyard kubmetr, Slovakiya isə 1 milyard kubmetr qaz almaq istəyir. Bu, 6-7 milyard kubmetr qazın uzunmüddətli alıcısının olduğu deməkdir. Daha 2 milyard kubmetri də Serbiya və Xorvatiya istəyir. Beləliklə, cənuba 1-2 milyard əlavə qaz gedə bilər. Bunun da 0,5 milyard kubmetri Albaniyaya, 1,5 milyarddan çoxu İtaliyaya gedəcək. Yəni faktiki olaraq, Azərbaycanın genişlənmiş Cənub Qaz Dəhlizi ilə nəql edəcəyi bütün əlavə həcmlərin alıcısı artıq müəyyənləşib”.

Ekspert bildirir ki, Azərbaycanın Avropaya qaz nəqli planları Avropa İttifaqı və ABŞ tərəfindən çox ciddi şəkildə dəstəklənir. CQD-nin genişlənməsi üçün maliyyə vəsaitlərinin cəlb edilməsi məsələsinə gəlincə, İ.Şaban qeyd edir ki, bu sahədə də işlər gedir: “Növbəti mərhələdə biz məhz maliyyələşmə ilə bağlı yenilikləri izləyəcəyik. Hələlik danışıqlar qapalı gedir, şərtlər məlum deyil. Lakin mən əminəm ki, Qərb maliyyə institutları bu planın icrasında da Bakı-Tiflis-Ceyhan, Cənubi Qafqaz Qaz Boru Kəməri layihələrindəki kimi aktiv iştirakda maraqlı olacaqlar”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR