İnsanlara hürriyət, millətlərə istiqlal!

Bloqer Hüseyn məktəbi

2311 19.04.2022 08:10 Yazarlar A A

SSRİ-də senzura vardı, texnogen qəzalar, böyük təbii fəlakətlər, insan faciələri haqda qəzetlərdə yazılmırdı, televizorda göstərilmirdi. O üzdən sovet adamlarında yanlış təsəvvür formalaşmışdı ki, guya SSRİ sabitliyin hökm sürdüyü, komfort bir rejimdir. Ta faciə adamların öz qapısını döyməyənə qədər oyanmırdılar. Hətta Çernobıl Atom Stansiyasındakı qorxunc qəza haqda ilk vaxtlar xəbər verilməmişdi, camaat radiasiya altında Kiyevdə 1 may nümayişinə çıxmışdı.

 

Biz o dövlətdəki əlləm-qəlləm işlərin çoxunu indiyəcən bilmirik. Məsələn, bu yaxında “Yeni Müsavat”da maraqlı tarixi fakt dərc edilmişdi (müəllifi İlham Cəmiloğlu), şəxsən mən onu ilk dəfə öyrəndim. 1975-ci il martın 10-da Kanadanın hansısa hokkey komandası Moskvada, “Sokolniki” stadionunda yarışa gəlib. Komandanın sponsoru olan ABŞ saqqız şirkəti kanadalı hokkeyçilərə azarkeşlərə paylamaq üçün çoxlu saqqız veribmiş. Saqqızı stadionda səpələyəndə basabas, xaos yaranır, çoxu uşaq olmaqla 21 nəfər ölür.

 

Xatırladıram, 1970-ci illər SSRİ-nin hələ nisbətən iqtisadi baxımdan babat epoxası sayılır. Ancaq insanlar saqqızdan ötrü sözün hər mənasında ölürmüş. Bəzi avamlar da o rejimin nostaljisiylə yaşayır. Biri elə Putin...

 

Nəsə, söhbətimizi uzaqdan başlamağın mənası var. Təzəlikcə Bakı bulvarında hansısa gülməşəkər rusiyalı, əslən azərbaycanlı bloqer tədbir keçirib, camaat bir-birinin belinə çıxıbmış. Doğrusu bu yoldaş hansı yuvanın quşudur, qəti informasiyam yoxdur. Mən, Youtube-də “Vannada çipsi yedik”, “Küçədə məni yalayanlara Ayfon verdim”, “Gəlin üzünüzə tüpürüm, 100 manat qazanın”, “Qarpızlara necə şıllaq atdım” tipli axmaq şeylər paylaşanları, ümumiyyətlə, izləmirəm. Başım o dərəcədə xarab olmayıb. Deyəsən bu cavan da tədbirlərində telefon-zad bağışlayırmış.

 

İndi millət bu “bloqer”in bulvardakı basabasına toplaşanları tənqid edirmiş. Üstəlik, orta məktəbin buraxılış imtahanında uşaqların pis nəticələr göstərməsi fonunda həmin basabas xüsusilə biabırçı görünür. Ancaq gəlin görək o uşaq-muşaqlara hansı alternativ, hansı müsbət gələcək imkanları buraxılıb? Faktiki heç zad. İbrahim Tatlısəs onu savadsızlıqda qınayanlara bir dəfə yaxşı demişdi: “Urfada Oksford vardı, oxumadıq?”

 

Məktəb alverxana, cəmiyyət işsiz, siyasi-sosial azadlıqlar sıfırın altında, seçkilərdə, biznesdə, lap elə kənd təsərrüfatında özünü göstərmək, özünü reallaşdırmaq imkanı kimlərə verilir - hamınız yaxşı bilirsiniz, mənim bunu burda yazmağıma da heç icazə yoxdur. Vəsiqəmizin təzəsini düzəltsinlər, inşallah, yazacağıq. Bəs bu vəziyyətdə o burnufırtıqlı gənclər və yeniyetmələr Qusikin ətrafına toplaşmasın, nə etsin? Quska variantımız, alternativimiz vardı, əlbəttə, ancaq onu türməyə basmışıq. Əfvə düşsün, baxarıq.

 

AYB sədri Anarın ətrafına yığışıb potensial Təhminə və Zaur olmaqdansa, bu daha yaxşıdır. Özü də, narahat olmayın, sabah İrəvanı-zadı almaq lazım olsa, qabaqda elə o bulvarda basabas salan uşaqlar gedəcək, icra hakimlərinin və “dəyərli ziyalıların” cocuqları yox.

 

Biləcəri tərəfdə pis-yaxşı, “Bakı” futbol klubunun bazası vardı. Balaca uşaqlar orda oynamağa gedirdi, seksiyalara yazılırdılar, başları qarışırdı. Əvvəl Ziya, sonra Hafka batdı, stadionun və bazanın yerində də bina tikirlər. İndi bu boyda (eşşək boyda yazmışdım, sildim) qəsəbədə uşaqların oynaması üçün yarım dənə pulsuz futbol meydançası yoxdur. Yazıq uşaqlar riskə girib maşın yolunda oynayır. Səki də yoxdur, barı səkidə oynasınlar! Həyətlərdə boş yer qalmayıb, hamısı “qaraj”dır. Sonra ağzımız köpüklənərək uşaqları sevdiyimizdən dəm vururuq. Yalançının soy-kökü kəsilsin... Sonra uşaqlar və yeniyetmələr boş-bekar tində oturub “patı-matı”ya qurşananda dızıldaşırıq.

 

Hələ bir poz-qazan lotoreyası çıxıb, millətin yarısı arvadlı-kişili pozmaqla, qalan yarısı da pozanları qınamaqla məşğuldur. Görürsən zəncirli ağsaqqallarımızdan hansısa efirdən ərz edir: “Müftə qazanc olmur. Qumar oynamaq həramdur” və sairə. Ta demir ki, bu yazıqların təsadüfən nəsə qazanmaqdan başqa heç nəyə ümidi və imkanı qalmamışdır. Bizim faktiki cəmi 2 sosial liftimiz var: ya şəhid olmaq, ya da pozub qazanmaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR