İnsanlara hürriyət, millətlərə istiqlal!

“Biz bu üstünlüyümüzə görə də diqtə edən tərəfik”-Elçin Mirzəbəyli  

411 13.01.2023 15:22 Region A A

 

“Artıq istefaya göndərilən Filip Riker ABŞ Dövlət departamentinin Qafqazda danışıqlar üzrə baş məsləhətçisi vəzifəsini icra edirdi və onun, artıq ömrünü başa vurmuş ATƏT-in Minsk Qrupunun Birləşmiş Ştatları təmsil edən həmsədri kimi təqdim etmək doğru olmazdı”.

Siyasi şərhçi Elçin Mirzəbəyli bu fikirləri Musavat.com-a açıqlamasında söylədi. ABŞ-ın yenidən bölgəmizdəki proseslərə hansısa müdaxilə etmək, “vasitəçi” statusunda görünmək cəhdlərinə reaksiyasında analitik bunları söylədi: “Azərbaycanla Ermənistan arasında nə zamansa imzalanacaq sülh müqaviləsinə və bu müqavilə, eləcə də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı ABŞ və Rusiyanın, eləcə də Avropa İttifaqının baxış bucağına gəldikdə isə, qeyd edim ki, ortalıqda bu yanaşmaları hansısa rəsmi təkliflər paketi, “yol xəritəsi” kimi rəsmi şəkildə təsdiq edə biləcək hər hansı bir sənəd yoxdur. Rusiyanın yanaşmasının detallarına diqqət çəkmək üçün, şübhəsiz ki, hələlik yalnız bu ölkənin vasitəçiliyi ilə imzalanan 10 noyabr 2020-ci il bəyanatının müddəalarına və bu müddəalardan doğan normallaşma prosesinə nəzər salmalıyıq. Şübhəsiz ki, 10 noyabr bəyanatı sülh müqaviləsinə qədər olan dövrü əhatə edir və bu bəyanatda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin hansı prinsiplər və müddəalar əsasında imzalanacağı barədə müddəalar yoxdur. Rusiya sülh müqaviləsinə münasibətdə, öz ənənəvi siyasətinə uyğun olaraq, ikili mövqe sərgiləyir. Bölgədəki mövcudluğunu alternativlərlə və gələcəkdə təzahür edə biləcək çağırışlara cavab verə biləcək, seçim imkanı yaradacaq mexanizmlərlə qoruyub saxlamağa çalışır. Moskva Azərbaycanın ərazi bütövlüyünü tanıyır, amma ənənəvi, sar Rusiyasından qalma etnik qruplardan nüfuz müvəkkilləri, cəsus şəbəkəsi kimi yararlanmaq təcrübəsindən də əl çəkmək istəmir”.

E.Mirzəbəyli bunu da bildirdi ki, əgər ABŞ-ın mövqeyi geosiyasi aspektlərdən və maraqlardan qaynaqlanırsa, Rusiyanın yanaşması klassik imperiya ambisiyalarına söykənir: “Rusiyanın geosiyasəti yoxdur və heç vaxt da olmayıb. Geosiyasət Rusiyada son 20-25 il ərzində özünü konkret və tətbiqi mümkün olan mexanizmlər üzərindən deyil, fəlsəfi yanaşmalar kontekstindən büruzə verməkdədir. Bu o deməkdir ki, Qərbin XVII-XVIII əsrlərdə keçdiyi yola Rusiya hələ indilərdə qədəm qoymağa başlayıb. Dahi ingilis filosofu, tarixçisi və dövlət xadimi Frensiz Bekon hələ XXVII əsrin əvvəllərində qələmə aldığı “Yeni Atlantida” əsərində Qərb sivilizasiyasının geosiyası baxış bucağını utopik fəlsəfi üslubda təqdim edirdi və bundan xeyli sonra alman geosiyasətçisi Karl Şmitt və Amerika geosiyasətinin yaradıcılarından biri olan Nikolas Spikmen “Yeni Atlantida” geosiyasi konsepsiyalarını ortaya qoydular. Bu baxımdan, Rusiya hələ geosiyasətin utopik dövrünü yaşayır və əgər tarixi şərait imkan versə, ola bilsin ki, XXI əsrdə özünün konseptual geosiyasi baxış bucağını müəyyənləşdirə bilsin. Bu isə o deməkdir ki, Rusiya hələ uzun müddət ənənəvi nəhəng, ətalət basmış, ağır imperiya siyasətindən əl çəkməyəcək. Və təbii ki, mövcud şəraitdə Rusiyanın Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı faktını qəbul etməklə etnik ermənilərə təsir imkanlarını qoruyub saxlamaqda maraqlı olduğunu, qlobal kataklizmlər sovuşana, yeni dünya düzəninin bütün konturları bəlli olanadək Cənubi Qafqazdakı mövqelərinin qorunub saxlanmasını bütün digərt məqamlardan, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasından öndə tutacağını düşünürəm”.

Birləşmiş Ştatların yanaşmasına gəldikdə, siyasi şərhçi qeyd etdi ki, Vaşinqtonun son 1 il ərzində sərgilədiyi mövqe, Ağ Evin Azərbaycan-Ermənistan münasibətlərinin tam normallaşmasında maraqlı olduğunu düşünməyə əsas verir: “Bu mövqenin yaxın zaman kəsiyində dəyişib-dəyişməyəcəyi ilə bağlı birmənalı fikir söyləmək çox çətindir. Amma Vaşinqton hazırda ərazi bütövlüyü amilini dəstəkləməyə məcburdur. Çünki Rusiyanın Ukraynaya müdaxiləsinin fonunda separatizmdən və kənar müdaxilələrdən əziyyət çəkən postsovet ölkələri ilə münasibətlərin qorunmasında başqa alternativlər yoxdur. Sirr deyil ki, Rusiya separatizmin dəstəklənməsi və stimullaşdırılması amilindən bütün postsovet məkanında, o cümlədən Cənubi Qafqaz, Orta Asiya və Şərqi Avropa region və subregionlarında istifadə edir və buna qarşı yeganə alternativ ölkələrin ərazi bütövlüyü amili üzərindən siyasət yürütməməkdir. Avropa İttifaqı ilə bağlı məsələ isə, qənaətimə görə daha aydındır. Fransa istisna olmaqla, Aİ-nin mərkəzi strukturlarının ərazi bütövlüyü amili üzərindən çəkindirici siyasət yürüdülməyəcəyi, daha ehtiyatlı bir mövqe sərgilənəcəyi qənaətindəyəm”.

Azərbaycanın sülh müqaviləsi ilə bağlı irəli sürdüyü 5 prinsipə gəldikdə isə, E.Mirzəbəyli dedi ki, bu prinsiplərin vasitəçiliyə can atan bütün qütblər tərəfindən qəbul edildiyini söyləmək mümkündür: “Bütün bunlarla yanaşı, önəmli olan məqam ilk növbədə Azərbaycanın dəyişməz, prinsipial mövqeyi və strateji hədəflərini, həmçinin bölgənin siyasi gündəmini dəqiq şəkildə müəyyənləşdiməsidir. Cənab Prezidentin də qeyd etdiyi kimi, sülh müqaviləsi sadə olmalıdır və bu müqavilə Azərbaycan-Ermənistan münasibətlərini əhatə etməlidir. Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərlə bağlı məsələ isə ölkəmizin daxili işidir və bununla bağlı hər hansı bir məsələnin müzakirəyə çıxarılması istisna olunur. Biz təkcə müharibədə qalib gəldiyimizə görə deyil, həm də hərbi, siyasi, coğrafi, mənəvi-psixoloji üstünlüyümüzə görə də diqtə edən tərəfik. Tarixi ədalət də, şərait də tərəfimizdədir və şübhə etmirəm ki, ölkəmiz bu tarixi şəraitdən maksimum faydalanacaq, gələcək nəsillərə heç bir problem saxlamayacaq”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR