İnsanlara hürriyət, millətlərə istiqlal!

Bitməyən Türk düşmənçiliyi - FİFA Ermənistanı cəzalandıracaqmı?

1454 28.03.2023 19:42 İdman A A

Şəhla Cəlilzadə: “Bu, daha çox “düşmənçiliyin davamı” təəssüratını yaratdı”

Kənan Məstəliyev: “UEFA həmişə belə məsələlərdə ermənilərin tərəfini tutur”

Nəsiman Yaqublu: “Türkiyə bu istiqamətdə addımlar atmalı və biz də ona dəstək olmalıyıq”

Martın 25-də İrəvanda keçirilən və qardaş ölkənin qələbəsi ilə bitən Ermənistan-Türkiyə futbol oyununda erməni azarkeşlər gözlənildiyi kimi, Türkiyə və Azərbaycan əleyhinə bir sıra təxribatlara yol veriblər. Əvvəlcə azarkeşlər Türkiyənin himni səslənərkən onu fitə basaraq eşidilməz ediblər, habelə qondarma DGR-ın “bayraq” adandırdıqları əski parçasını və bir neçə millətçi-terrorçu şüarlar qaldırıblar. Onların arasında NEMEZİS şüarı da olub.

nem.PNG (1.16 MB)

NEMEZİS şüarı isə 20-ci əsrin əvvəllərində onlarla Türkiyə və Azərbaycan dövlət xadiminin öldürüldüyü bir sıra terror aktları əməliyyatının ümumi adıdır. Terror aktları “Daşnaksütyun” partiyası tərəfindən hazırlanıb və Türkiyədə, Tiflis və Avropanın müxtəlif şəhərlərində daşnak silahlıları tərəfindən həyata keçirilib. Bu hücumların qurbanları arasında Osmanlı İmperiyasının daxili işlər naziri Tələt Paşa, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin üzvləri - baş nazir Fətəli Xan Xoyski və başqaları da var. FİFA qaydalarına görə, bu cür şüarlardan və tanınmamış dövlətlərin atributlarından istifadə qadağandır və buna müvafiq qiymət verilməlidir. Veriləcəkmi, yoxsa yenə “ikili standart” yanaşmanın şahidi olacağıq? Cəza nədən ibarət ola bilər? Bunun üçün Türkiyə rəsmi müraciətmi etməlidir, yoxsa?

18f7e91cd180f84a8490b99f742dd8fa.jpg (119 KB)

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə bu suallar ətrafında çox maraqlı bir araşdırma apararaq, “Yeni Müsavat”a təqdim etdi:

“Futbol və siyasət iki ayrı sahələr olaraq görülsə də, əslində siyasət hər yerdə, həyatımızın hər anında, o cümlədən əyləncədə, futbolda da özünü büruzə verir. Bu cür oyunlar əslində yarışan komandaların aid olduğu dövlətlərin barış içərisində olduğunu, barış oyunları münaqişə tərəflərini bir yerə gətirən platforma xarakteri daşıyır. Xüsusilə dövlətlərarası yarışlarda açılan pankartlar, etiraz şüarları və s. bunlar siyasətin futboldakı təzahürləridir. FİFA mütəmadi olaraq buna etiraz edərək siyasət və futbol arasında “bəlli bir cizgi” çəkməyə çalışsa da, meydanda “ənənə” davam edir.

Məsələn, ən son, 2022-ci il Qətərdə baş tutan Dünya Çempionatında Norveçin milli komandasının Cəbəllütariq və Almaniya ilə oyunları zamanı geydikləri köynəklərində “İnsan haqları – meydanda və ondan kənarda” (human rights- on and off the pitch), Almaniya komandasının da İslandiya ilə oyunda bənzər davranışı, bunlar FİFA tərəfindən etirazla qarşılanmış, qurumun rəsmi açıqlamasında bildirilmişdi ki, hər hansı oyunçu siyasi sloqanlı köynəklə meydana çıxsa ona “sarı vərəqə” veriləcək. Belə ki, FİFA-nın disiplin və etik kodeksinə görə siyasi, dini və şəxsi mesajlar və ya şüarlar qadağandır. FİFA Qatardakı çempionat zamanı “LGBT qolbağı” taxan komanda kapitanlarının oyundan uzaqlaşdırılacağını açıqladıqdan sonra bu tətbiq də aradan qaldırılmışdı. Hətta 2014-cü ildə Argentina komandası “Las Malvinas son Argentinas” (Folkland adaları Argentinadır) yazılı bannerin arxasında şəkil çəkdirdikdən sonra FİFA tərəfindən 30 min frank (31,9 min dollar) məbləğində cərimələniblər.  2013-cü ildə Xorvat müdafiəçisi Josip Simuniç Dünya Çempionatı zamanı baş tutan oyunun sonunda siyasi sloqanlar səsləndirdiyi üçün növbəti 10 oyunda iştirakdan məhrum edilmiş, hətta növbəti Dünya Çempionatında da iştirak edə bilməmişdi.

Göründüyü kimi, FİFA qanunlarının tətbiqində yetəri qədər sərt mövqe nümayiş etdirir. Lakin sual yaranır ki, bu qanunlar Ermənistan-Türkiyə oyununa da tətbiq olunacaqmı?

Bir misal: İlk dəfə Türkiyə-Ermənistan “normallaşma prosesi”nin birinci mərhələsi (2009-Zürix protokolları) zamanı baş tutan dostluq maçında türklərin Azərbaycan bayrağı qaldırmasına ermənilər etiraz etmiş, FİFA da məsələyə Dissiplin Təlimatnaməsinin 26-cı maddəsinə əsaslanaraq müdaxilə edərək arenaya bayrağımızın çıxarılmasını qadağan etmişdi. Halbuki, Kiprdəki maça rumlar yunan bayrağı ilə gedəndə buna FİFA heç bir etiraz bildirməmişdi. Anlaşılan odur ki, “ikili standartlar” var.

Digər bir misal, Ukrayna komandası 7 iyun 2021-ci ildə Kiprlə dostluq görüşü zamanı Rusiyanın Krımı işğalına etiraz olaraq “Glory to Ukraine! Glory to the heroes” ifadəsinin yer aldığı köynəklər geydiyi üçün UEFA, qarşıdan gələn Euro Cup 2020 oyunlarında bənzər köynəklərin geyilməyəcəyini bəyan etmiş və müvafiq etirazını bildirib.

Ermənistanın Türkiyə ilə II Qarabağ müharibəsindən sonra təkrar başlanan normallaşma prosesində ilk dəfə uzun illərdən sonra iki ölkə komandası qarşılaşdı, lakin bu, daha çox “düşmənçiliyin davamı” təəssüratını yaratdı. Türkiyə Ermənistanın və erməni azarkeşlərin müvafiq davranışını beynəlxalq qurumların diqqətinə çatdıraraq, ermənilərin qaydaları necə “barbarcasına” pozduqlarını nümayiş etdirə bilər. FİFA-nın və UEFA-nın nə qərar verəcəyini isə onların “ədalət anlayışına” və “prinsipial mövqelərinə sadiqliyinə” bağlayırıq”.

kenan.PNG (1023 KB)

İdman mütəxəssisi Kənan Məstəliyev bu tipli məsələlərdə daim FİFA-nın ermənilərin tərəfini tutduğunu bildirdi:

“Dünya (Avropa) futbolunda türk düşmənçiliyinin olmasına şübhə yoxdur, dəfələrlə baş verən hadisələr bunun təsdiqi sayıla bilər. Məsələyə iki cür baxış olmalıdır: qlobal və lokal. Qlobal miqyasda danışsaq, Türkiyəyə böyük beynəlxalq turnirlərin verilməməsini müzakirə etməliyik. Məsələn, Avropa çempionatını qəbul etməyə hazır olduğunu dəfələrlə bildirsə də, namizədliyini irəli sürsə də, dəfələrlə yoxlanış və təftişlərdən uğurla çıxsa da, bu yarış hər dəfə müxtəlif bəhanələrlə başqalarına “təslim edilir”. Türkiyənin futbol infrastrukturu yüksək səviyyədədir, loqistika problemi yoxdur, istirahət, əyləncə, xidmət şəbəkəsi bütün standartlara uyğun gəlir. Bu ölkənin güclü komandaları var, avrokuboklarda mütəmadi uğurlar qazanırlar, türkiyəli çox sayda futbolçular dünya nəhənglərinin şərəfini qoruyurlar. Bir sözlə, bütün meyarlara görə uyğun gəlsə də, daima “ofsayda salınır”. Arada avrokubok matçlarının finallarını – mötəbər də olsa, bir matçın ev sahibliyini verib “baş qatmağa” çalışırlar ki, bu da ciddi qəbul olunmamalıdır, olunmur da. Nisbətən lokal isə sizin qeyd etdiyiniz, məsələn, himnin fitə basılması, pankartların açılmasıdır. UEFA həmişə belə məsələlərdə ermənilərin tərəfini tutur. Bizim milli komandanın matçlarında da bu hadisələr dəfələrlə olub. Elə Azərbaycanın son olaraq İsveçlə oyununda da eyni təxribata əl atdılar, separatçı rejimin bayrağı qaldırıldı, pankart açıldı. Hələ səfirliyimiz vasitəsilə bunun olacağı yerli mühafizə orqanlarına çatdırılsa da, onların da lazımi tədbirləri görəcəklərini desələr də, ermənilər istədiklərini etdilər. Əsas Avropa ümidimiz “Qarabağ”ın başına mütəmadi gətirilən oyunları da unutmuruq. 2019-cu ildə Avroliqada “Düdelanj” səfərində ermənilərin dron təxribatını xatırlayaq. Separatçıların “bayrağı” hava ilə gətirilmiş, böyük qalmaqal və həyasızlığa imza atmışdılar. Oyundan sonra Henrix Mxitaryan bu təxribatı törədənə zəng vurmuş, açıq şəkildə dəstəyini bildirmişdi. Nəticəsi necə oldu? AFFA-nın UEFA və FİFA-ya rəsmi etirazına baxmayaraq, Mxitaryana “gözün üstə qaşın var” deyən də, adları və yerləri bilinsə də, erməni dəstəni cəzalandıran da olmadı. İş elə də qaldı. “Qarabağ” sonralar da “Sevilya”, “APOEL” və digər səfərlərdə də müxtəlif təxribatlarla üzləşib, etiraz etsə də, ciddi tədbirlər görülməyib. AFFA-nın bəyanatları, etirazları da effekt verməyib, çünki qarşı tərəfin buna niyyəti olmayıb, hər dəfə də müxtəlif bəhanələrlə məsələ “yayındırılıb”. Mən hələ “Qarabağ”a qarşı biabırçı hakim səhvləri, bu yolla idman prinsiplərinin pozularaq qarşısının bilərəkdən alınmasını demirəm. Bir sözlə, bu proses illərdi davam edir və səngiyənə də oxşamır. Türkiyə yığmasının İrəvandakı matçında baş verənlərə etirazın da heç bir əhəmiyyəti olmayacaq. Ən yaxşı halda, ermənilərə 3-5 manat maliyyə cəzası kəsəcəklər, bir də “ciddi xəbədarlıq” bildiriləcək. Qurtardı getdi. Türk dünyası buna hazır olmalı, belə “oyun”lardan məyus olmamalı, güclənməli, haqq səsini bəyan etmək üçün usanmadan çalışmalıdır. Əminəm ki, belə də olacaq və biz istəyimizə çatacağıq. Türkün qarşısında kimsə dura bilməz. Bu, tarixən belə olub, belədir, bundan sonra da belə olacaq”.

nesiman.jpg (69 KB)

Tarix elmləri doktoru, professor Nəsiman Yaqublu isə bildirdi ki, Ermənistanın bu tipli addımları yeni deyil:

“Səhv etmirəmsə, onların dövlət atributlarında da Ağrı dağın fotosu var. Türkiyə dövləti indiyə qədər bir neçə dəfə buna etiraz edib. Ağrı dağın Ermənistana heç bir aidiyyatı yoxdur. İndiyə qədər o fotonu haqlı etirazlara baxmayaraq götürməyiblər. Onların bu addımları beynəlxalq hüquq normalarının tam ziddinə gedir, insanlığın əleyhinədir. Hələ siz bunu deyirsiniz. Onların seçkilərində səhv etmirəmsə, bir namizədin övladı Türkiyənin görkəmli sərkərdələrinin, ermənilərin terror aktı nəticəsində öldürülən türklərin əleyhinə olan onlardan qisas alacağıq kimi mahnılar oxuyurdular. Bu da əslində çağırışdır. Beynəlxalq hüquq normalarına görə, insanlara qarşı sui-qəsd törətməyə olan çağırışlar cinayətdir. Əslində burada da təəccüblü heç nə yoxdur. Ermənilərin bu hərəkətləri ciddi şəkildə cavabını almalıdır. Türkiyə bu istiqamətdə addımlar atmalı və biz də ona dəstək olmalıyıq. Bu istiqamətdə Azərbaycan da haqlı müraciətlərini beynəlxalq qurumlara etməlidir. Ermənilər bizə qarşı bu tipli nə qədər hadisələr törədiblər. Sərvətlərimizi talayıblar, bizə aid olanları aparıb beynəlxalq aləmdə özlərininki kimi təqdim ediblər. Bütün bunlar da cinayətlərin tərkib hissəsidir”.

Cavanşir ABBASLI,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR