İnsanlara hürriyət, millətlərə istiqlal!

Birinci prezident

1739 29.03.2022 10:00 Yazarlar A A

Yaxud saxtakarlığın siftəsi haçandan tarixi əməl sayılır

Ayaz Mütəllibov öldü, əlbəttə, hamımız bir gün öləcəyik, bunda qeyri-adi heç nə yoxdur. Ancaq mən Ayaz müəllimin haqqında bəzi həqiqətlərin təhrif olunmasını istəmirəm.

İlk növbədə, onun “Azərbaycanın ilk prezidenti” adlandırılması tarixi kontekstin kökündən təhrif edilməsidir. Mütəllibov müstəqil Azərbaycan Respublikasının yox, SSRİ tərkibindəki Azərbaycan Sovet Sosialist Respublikası adlı oyuncaq dövlətin ilk prezidenti olub. SSRİ-nin son illərində onun başçısı Mixail Qorbaçovun ağlına gəlmişdi ki, özünü tək Sov. İKP MK-nın birinci katibi yox, həm də prezident adlandırsın, Qorbaçov tarixdə də elə “SSRİ-nin ilk və son prezidenti” adıyla qaldı. Bu mənasız ad dəyişdirmə avtomatik olaraq tabelikdəki “müttəfiq” respublikalara yoluxmuşdu. Mənasız ona görə adlandırıram ki, əslində sivil dünyada keçirilən prezident seçkilərinin SSRİ-yə heç bir aidiyyəti olmurdu, bütün seçkilər saxta, administrativ üsulla təşkil olunurdu.

1990-cu ilin yanvar qırğını zamanı Vəzirov Moskvaya qaç(ırıl)andan sonra ruslar onun yerinə Mütəllibovu qoymuşdular. Və bu hadisədən cəmi 3 ay sonra, mayın 18-də Ayaz Mütəllibov Ali Sovetin yığıncağında “Azərbaycan SSR prezidenti” elan olunmuşdu. Rus-sovet ordusunun nəzarəti, fövqəladə vəziyyət şəraitində.

1991-ci ilin 8 sentyabr seçkisinə gəlsək, o vaxt formal olaraq avqustun 30-da Ali Sovet “Azərbaycanın müstəqilliyi haqda konstitusiya bəyannaməsi” qəbul etsə də, biz bunu müstəqilliyimizin bərpası günü kimi qəbul etmirik və həmin tarixi 18 oktyabrdan götürürük - müstəqillik haqda aktın qəbulu günündən. Yəni, Ayaz müəllim 8 sentyabrda özünü təzədən prezident elan edərkən Azərbaycan de fakto və de yure hələ müstəqil sayılmırdı, SSRİ-nin tərkibində idik və elə o SSRİ-nin rəsmən cəhənnəmə vasil olmasına (1991, 26 dekabr) aylar qalırdı.

8 sentyabr seçkisinin necə karikatur əhvalat olmasını isə rəqəmlər də göstərir. Məsələn, o seçkidə Ayaz Mütəllibovdan başqa heç bir namizəd qeydə alınmamışdı. (Yeganə alternativ Zərdüşt Əlizadə namizədliyini geri götürmüşdü). Mütəllibovun həmin “seçkidə” topladığı səs faizinə isə bəlkə Şimali Koreya liderləri həsəd aparar: 98,50 faiz! Guya onu xalqın dəstəkləməsi bu miqyasda idi. Təbii ki, bütün seçki total saxtakarlıq, repressiya şəraitində keçmişdi və qısa müddət sonra həmin “xalq” Mütəllibovu aşırtmaq üçün meydanlara axışmışdı. Ardını özünüz bilirsiniz, nə baş ağrıdım...

Əlbəttə, məşhur afyorizmdən qanadlanaraq (“ölülər haqda ya yaxşı, ya da heç nə”; sözgəlişi, bunun “... ya da həqiqətdən başqa heç nə” variantı nəsə bizdə o qədər populyar deyil) Mütəllibovun əməlləri, həyat və yaradıcılığı haqda əlavə şeylər yazmaq istəmirəm. Yenə “bilənlər bilməyənlərə danışsın”. O cümlədən, Azərbaycan xalqı da məncə, nəhayət, papağını qarşısına qoyub dərindən düşünməlidir ki, niyə onun hansısa ünlü şəxsiyyəti öləndə camaat adətən yuxarıdakı latın məsəlini xatırlayır. Sanki bizdə populyarlığın, yuxarı çıxmağın günaha batmaqdan başqa yolu yoxdur. İlk prezident söhbətinə qeydlərim də, bayaq yazdığım kimi, faktları yerbəyer eləmək məqsədimdən irəli gəlirdi. Özümüzü aldatmayaq. Hər ilk müqəddəs deyil. Hər birincilik yaxşılıq üçün olmaya bilər. Tariximizə siyasi konyuktur, kiməsə xoş gəlmək və ya kimisə qaralamaq məqsədiylə baxmaqdan əl çəkməsək gələcəyimiz də yaxşı olmayacaq.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR