İnsanlara hürriyət, millətlərə istiqlal!

Birdəfəlik ödəmə alan Birinci Qarabağ müharibəsi əlilinin sevinci - VİDEO

776 03.08.2022 17:07 Sosial A A

"Birinci Qarabağ müharibəsi əlili olaraq dövlət tərəfindən müxtəlif zamanlarda mənzil və avtomobillə təmin olunmuşam. Birdəfəlik ödəmə - 6 600 manat pul da bank hesabıma köçürülüb”.

Bunu "Report"a açıqlamasında Birinci Qarabağ müharibəsi qazisi, II qrup əlili Salahəddin Allahverdiyev deyib.

O bildirib ki, 1993-1994-cü illərdə müharibədə könüllü olaraq iştirak edib:

"Kəlbəcər istiqamətində "N" saylı hərbi hissənin tərkibində döyüşmüşəm. Yaralanmışam, ayaq barmaqlarım amputasiya olunub", - S.Allahverdiyev vurğulayıb.

Aldığı vəsaiti hara xərcləyəcəyinə gəlincə, Qarabağ əlili söyləyib ki, buna ailəsi ilə birlikdə qərar verəcək: "Ailədə 7 nəfərik. Pulu hara xərcləyəcəyimi hələlik dəqiq bilmirəm. Buna ailəmlə birlikdə qərar verəcəm".

Birinci Qarabağ müharibəsi qazisi onlara göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Qeyd edək ki, Baş nazir Əli Əsədov avqustun 2-də “1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərar imzalayıb.

Qərarla Birinci Qarabağ müharibəsi əlillərinə I dərəcə əlilliyə görə – 8 800 manat, II dərəcə əlilliyə görə – 6 600 manat, III dərəcə əlilliyə görə – 4 400 manat məbləğində birdəfəlik ödəmə ediləcək.

Birdəfəlik ödəmə almaq hüququ olan şəxslər aşağıdakılardır:

- 1997-ci il avqustun 2-dək olan xidmət dövründə aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər;

- Hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər;

- Xidmətlə əlaqədar əlilliyi müəyyən edilmiş, lakin sonradan reabilitasiya olunmuş şəxslər;

- Müəyyən edilmiş məbləğdən az məbləğdə sığorta ödənişi almış şəxslər;

- Yuxarıda göstərilən kateqoriyadan olan şəxslər vəfat etdikdə onların vərəsələri.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR