İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir partlayışdan doğan dini müzakirələr-kim haqlıdır?

640 08.04.2022 08:05 Gündəm A A

Ekspert: “İslam bəzi əməlləri günah adlandırır, amma...”

Bir neçə gün öncə  Bakıda “Location” gecə klubunda baş verən partlayış və onun ətrafında dolaşan söz-söhbətlər günlərdir ki, səngimək bilmir. Sosial şəbəkələrdə bununla bağlı müxtəlif fikirlər, ittihamlar, hətta  iddialar da  səsləndirilir. Faciə haqda, “ Ramazanda barda əyləndiniz, ona görə başınıza gəldi, haqq etdiniz” kimi fikirlər səsləndirənlər oldu ki, bu da sekulyar kəsimdə qıcıq yaratdı.

Bu hadisədən sonra özünü inanclı hesab edən bəziləri sosial şəbəkədə yazdılar ki, bardakılar əxlaqsız davranışlarına görə Allahın qəzəbinə düçar olublar. Bir çoxları isə hesab edir ki, inanclı olmayan, oruc tutmayan, namaz qılmayan insanları bu dini ayinləri yerinə yetirmədikləri üçün qınamaq dini baxımdan sağlam yanaşma deyil. Bununla belə, Azərbaycan şəriət dövləti deyil. Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülük dövlət siyasəti səviyyəsində inkişaf etdirilib. Dindarlarla sekulyarların, inanclılarla ateistlərin, deistlərin rahat, problemsiz şəkildə birgə yaşaması üçün dövlət əlindən gələni edir. Amma bəziləri hesab ediblər ki, gecə klubunda əylənənlərin inanclılar tərəfindən lənətlənməsi dini dözümlülüklə, tolerantlıqla bir araya sığmayan əməldir. Bu belədirmi, dindarlarımız dözümlülük göstərə bilmirlərmi?

İslam elmləri tədqiqatçısı Samir Əzizov mövzu ilə bağlı “Yeni Müsavat”a bunları bildirib: “İlk növbədə bildirim ki, tolerantlıq baxımından   digər  müsəlmanlar yaşayan coğrafiyalara nisbətdə ölkəmizdə xeyli irəliləyişlər vardır. Amma hələ də iş aparılmalıdır. Qeyd etdiyiniz kimi,  məlum hadisə zamanı sosial portallarda olan dini yanaşmalar birmənalı olmadı. Bunun psixoloji alt qatları da mövcuddur. Amma deyərdim ki, əsas etibarilə dini mətn və hadisələri qiymətləndirərkən 2 cür yanaşma mövcuddur. Birinci yanaşma dini və ya hər hansı hadisəni  qiymətləndirərkən özünə uyğunlaşdırıb təfsir etməkdir. İkinci yanaşma isə dinə daha geniş aspektdən baxılmasıdır.

Gənclərin İmam Hüseyn (ə) yolunu dini radikalizmdən necə ayırmalıdır?-Hacı Samir  Əzizov - YouTube

Samir Əzizov

Birinci halda, biz kiməsə qarşı olan hisslərimizi din adı ilə təfsir etməli olacağıq. Qəzəbimiz nifrətimiz, kinimiz xoşlamadığımız, özümüzdən hesab etmədiyimiz cəmiyyətə Allahın adı ilə yönəlmiş olacaqdır. Burada insan öz fikirlərini mərkəzə yerləşdirib Allahdan istifadə etmiş olacaq ki, bu olduqca təhlükəlidir. İkinci halda, ilahi rəhmətin hər kəsi əhatə edəcəyini düşünərək Allah Rəsulunun (s.ə.ə) belə hallarda necə davranacağını düşünərək dözümlü mövqe göstərə bilərik. İslam bəzi əməlləri fəsad, günah adlandırır. Cəmiyyətdə fəsadın yayılmasının da əleyhinədir. Amma bu daha ali şəkildə icra olunmalı, insanlar arasında mehriban üslubla, ayırımçılıq etmədən baş tutmalıdır. Unutmayaq ki, Mütəal Allah (c.c) hər bir kəsin Rəbbidir, onu inhisara salmaq olmaz. Allah dünyasını dəyişənlərə rəhmət eləsin”.

azer huseynov.jpg (95 KB)

Azər Hüseynov

AĞ Partiya başqanının ideoloji məsələlər üzrə müşaviri Azər Hüseynov da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirib: “Bu hadisə zamanı gördük ki, dindarları ön plana çəkənlərin böyük hissəsi özləri dindarlara antipatiya duyur. Ona görə qərəzli yanaşırlar. Dindarların içində də münasibətini sərt ifadə edənlər ola bilər. Bu, onların dinlərinə duyduğu qısqanclıqdan qaynaqlana bilər. Əgər biz tolerant cəmiyyətiksə, o zaman onların dinlərini, milli dəyərlərini, kimliklərini əsas alan bu fikirlərinə dözümlü olmalıyıq. Bununla belə, dünyasını dəyişən insanları müzakirəyə çıxarmağın tərəfdarı deyiləm. Eyni zamanda dindarların münasibətini marginal görmək istəyinə qarşıyam. Əhalinin əksəriyyəti nə deistdir, nə də ateist, bunu da nəzərə almalıyıq. İslam insanları xilas etməyə gəlib. İslam təbliğat metodunu seçir. Təbliğatı isə insanların şəxsiyyətini zədələmədən aparmaq lazımdır. İnsanların ölümü Allahın təqdiridir. Quran buyurur ki, hər bir nəfs ölümü dadacaqdır. Bu məsələdə inanclı ilə inancsızın qarşı qoyulması düzgün deyil. Amma bu faciəyə ibrət olaraq yanaşılması lazımdır. Hər kəs öz seçimində sərbəstdir, öz etdiklərinə Allah qarşısında özü cavab verir. Dinimiz insanın fitrətinə zidd olan, mənəvi dəyərləri zəiflədən, içki, qumar və zinaya yol açan hər cür əyləncəni qadağan edir. Biz İslam dövləti deyilik, amma özünü İslama nisbət edən xalqıq. Ona görə ən azı kimliyimizə uyğun olaraq Ramazan ayına ehtiram etməliyik”.

Hazırladı: Afaq Mirayiq

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR