İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir-biri ilə düşmən olanların Azərbaycanın əl-ayağına dolaşması

883 02.06.2023 13:50 Yazarlar A A

 

Nikol Paşinyan bu dəfə də Makronun yanında olmasından ruhlanıb, hansısa anlaşmaya imza atmadı. Əslində Rusiyadan aldığı tezislər də ona Kişinyovda hər hansı sənədin altında qol çəkməyə imkan verməzdi. Amma Ermənistan rəhbərliyi tam heyətdə anlayır ki, Azərbaycanın diqtə etdiyi icra olunmalıdır, geriyə yol yoxdur. Yalnız vaxtı maksimum uzatmağa çalışırlar. Lakin nə vaxta kimi?

Uzun xahiş-minnətdən sonra Azərbaycanın dövlət başçısı Fransa prezidentinin də iştirakı ilə təşkil olunan görüşə qatılmağa razılıq verdi. Amma Makron həmişə olduğu kimi, sonuncu görüşdən sonra da yanlış mövqe sərgilədi. Cavab özünü çox gözlətmədi. Azərbaycan XİN bəyan edib: “Əfsuslar olsun ki, Fransa tərəfindən belə davranışın sərgilənməsi ilk hal deyil və bu, Azərbaycanla Ermənistan arasında sülh prosesinə, bölgədə sülh və sabitliyə heç də müsbət töhfə vermir”.

Diqqət edin, Kişinyovda Avropa Siyasi İcması sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın Baş naziri arasında Aİ Şurasının Prezidenti Şarl Mişelin, Fransa Prezidentinin və Almaniya Kanslerinin iştirakı ilə görüşün yekunları üzrə mətbuata açıqlama ənənəyə uyğun olaraq Brüssel formatının təşkilatçısı kimi Şarl Mişel tərəfindən verilib. Amma Fransa prezidenti ermənlərə xoş gəlmək üçün ictimai fikri yanıldan açıqlama yayıb, rəsmi Bakının bəyan edib ki, “birtərəfli qaydada görüş barədə verilmiş açıqlama tərəflərin mövqeyini əks etdirmir və təhrif edir”.

Bu, nə centlmenlik, nə siyasət, nə diplomatiya? Belə davranışla Qarabağ məsələsini həll etmək istəyirdilər, indi də Ermənistanla Azərbaycan arasında guya sülh əldə olunmasına çalışırlar. Polzuculuq fəaliyyəti ilə sülh əldə etməkmi olur? Bu davranışı ilə Makron növbəti “beştərəfli” görüşün taleyini sual altına qoymuş oldu...

Fransa özünün missiyasını Ermənistana göndərib, guya gərginliyi azaldacaqmışlar. Amma elə onların gəlişindən sonra itkilərlə nəticələnən azı üç böyük toqquşma baş verib: ötən ilin sentyabr döyüşləri, Dığ təxribatı və Zod döyüşü. Özü də hər dəfə Ermənistan təxribatlara əl atanda əksəriyyəti fransız casuslardan ibarət olan Avropa İttifaqının missiyası yoxa çıxıb. Elə bu günlərdə, Kişinyox görüşü ərəfəsində şərti sərhədlər boyunca erməni ordusu mövqelərimizi atəşə tutanda da hansısa fransı müşahidəçi Makronun iştirak edəcəyi beştərəfli danışıqların pozulmasına hesablanmış təxribatlarla bağlı çağırış etmədi, bəyanat yaymadı. Amma Makron Moldovadan qayıdar-qayıtmaz prosesin pozulmasına yönələn mövqedən çıxış etdi. Çünki status-kvo onlara sərf edir. Bu günlərdə erməni ekspertlər bildirirlər ki, Paşinyanın ən böyük xidməti prosesi maksimum uzatmaq olar. Paşinyanla xosunlaşan Makronun davranışları da sülh prosesini pozmaq, yekun sənədin imzalanmasını daha bir neçə il əngəlləməkdir.

Pozuculuq niyyətində olan təkcə Fransa deyil təbii ki...Baxın, Kişinyov danışıqları ərəfəsində və sonra Moskvadan hər hansı bir açıqlama gəlmədi, hələ pozitivi bir kənara qoyaq. Çünki Rusiya açıq bəyan edib ki, onun üçün üçtərəfli bəyannamə əsasdır, hələ də azı iki bəndini Ermənistanla birgə icra etmədiyi 2020-ci il sənədi. Kommunikasiyaların açılmasından danışılır, amma Qarabağda, Rusiya hərbçilərinin qucağında oturmuş 10 minlik erməni ordusunun çıxarılmaması mövzusundan yan keçirlər. Çünki nizamlanmada maraqlı deyillər. ABŞ Dövlət Departamenti davamlı şəkildə prosesin gedişinə dəstəyini ifadə edir, Azərbaycan Prezidentinin Qarabağ ermənilərinə amnistiya vədini alqışlayır, nazirlər, liderlər səviyyəsində görüşlərin harda keçirilməsinə fərq qoymadan müsbət impulslar verir. Rusiya isə ya susur, ya da bəslədiyi silahlıların əli ilə gərginliyi tətikləyir.

Digər qonşumuz sanki neytraldır. Amma zahirən belə görünür, əslində istəmir bu savaş bitsin, yaxud da Azərbaycanın maraqları çərçivəsində, yəni ədalətli şəkildə tamamlansın.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov əminliklə bildirib ki, “Türkiyə ilə Azərbaycanı Zəngəzur dəhlizi birləşdirəcək. Bu dəhlizin açılması işi sürətlə davam edir və yavaş-yavaş sona yaxınlaşır”. Həm də “Zəngəzur bizim təbii haqqımızdır. O, 1920-ci ildə Sovet İttifaqı dövründə əlimizdən alınmış, Ermənistana verilmiş, Türkiyənin Azərbaycan sərhədində sədd çəkilmiş, əngəllər yaradılmış torpaqdır”.

Bəli, bu, tarixi faktdır. Zəngəzurun qoparılması prosesində iştirakçı olmuş qüvvələr bu gün yenə də bir yerdədirlər, bir-birinə düşmən olsalar da, Azərbaycana qarşı birləşirlər hansısa nöqtələrdə. Birinin “qırmızı xətti”dir, digərinin...Birisi tez-tələsik Zəngəzurda at tövləsinə bənzər, suvaqsız binada konsulluq açdı, digəri də tədarük görür, Avropa da Zəngəzurdakı gəlmələrə 100 milyon vəsait ayırır. Təki Azərbaycanın mövqeləri güclənməsin deyə, erməniləri “qayğı” ilə əhatəyə alıblar.

Hətta erməni politoloq Artur Xaçikyan da “Hadisələr eyni məcrada davam edərsə, o zaman bir neçə ildən sonra bütün Ermənistan İlham Əliyevdən amnistiya diləyəcək”-deyir, amma qonşu Rey məmləkəti hələ də reallığı qəbul etmək istəmir.

Düzdür, bəzi çevrələr artıq müəyyən məsələlərdən hali olduqlarını açıqlamağa başlayıblar. Məsələn, SEPAH Teleqram kanalı İsrail kəşfiyat idarəsi Mossadın əməkdaşlarının Ermənistana səfəri haqda yazıb. Bildirilir ki, Mossad-ın “İran Departamenti”-nin media komandasının üzvləri İrəvanda səfərdədir. SEPAH Ermənistanı İsrail ilə əlbir olub yerli mediada İrana qarşı birgə fəaliyyətini təşkil etməkdə suçlayıb və kəskin qınayıb.

Aylar öncə yazırdıq, deyirdik ki, İranın düşməni “qulağının dibindədir”, Azərbaycan hətta olmazın təzyiqlərə tuş gələndə də Tehrana qarşı planlarla yer almadı. Amma cənub qonşu bir qulağından alıb, o birisindən ötürdü, Tehran İrəvanla “bacı-qardaş” müqaviləsi bağladı. İndi SEPAH özü etiraf edir ki, Ermənistan günün birində onun boğazına ilan kimi dolanacaq, özü üçün “nəfəslik” olanın nəfəsini kəsməkdən ötrü əlindən gələni edəcək.

Bizdən demək...Hələ ki, əl-ayağımıza dolaşmaqda davam edirlər. İtirən özləri olacaq, biri vaxtını, o biri bəlkə də taxtını...

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR