İnsanlara hürriyət, millətlərə istiqlal!

Billi Bob Torntonun mehmanxana xərcləri

1509 29.12.2022 11:34 Yazarlar A A

Deyir mədəniyyət naziri Anar müəllim işdən çıxarılandan sonra yoxlama müfəttişləri də şələ-küləsini yığışdırıb kukla teatrımızdan əkilmişlər. Heyf. Gül kimi proses yarıda qırıldı. Biz daha cırtdanların teatrın altında basdırdığı gizli qızılların izinə düşə bilməyəcəyik. Mən təklif edirəm yoxlama təzədən bərpa olunsun. O köhnə lətifədə deyilən kimi, “çörək qurtardı, bunu başa düşdük, ta gül kimi növbəni niyə dağıdırsınız?”

Aktiv işləməliyik. Məsələn, kino işçiləri bu boyda mərəkənin, Əliağa Vahid demişkən, soxasoxun içində andeqraund qurultay qayırmağa imkan tapdılar, Şəfiqə xanımı təzədən sədr qoydular. Həqiqətən, çox unikal tədbir olubdur, lap kefin istəsə “Azərbaycansayağı art haus” adlandırmaq olar. Təsəvvür elə, kinematoqrafçılarımıza təzə sədr seçiblər, daha doğrusu, köhnə sədri təsdiqləyiblər, lakin bundan nə iclasda iştirak edənlərin, nə də etməyənlərin xəbəri vardır. Yəqin Anar müəllim kədərlə bu əhvalatı kənardan seyr edib düşünür: “Elə gücünüz mən yazığa çatırdı”.

O cümlədən prosesin özü də çox maraqlıdır ki, bizdə kino yoxdur, lakin azı 2 kino ittifaqı vardır. Bu il guya Qarabağ mövzusunda hansısa kinolar çəkilməliydi, hətta bir-iki ay qabaq Vaqif Mustafayevin partapartlı treylerini yaydılar, ancaq kino özü çıxmadı. Dəli şeytan deyir treylerin barıtını çox qoyublar, kino özü də partlayıb havaya uçmuşdur. Allah Əmir Kusturitsaya rəhmət eləsin.

Ümumiyyətlə, mən təklif edirəm biz heç yaradıcılıqla məşğul olmayaq, kino çəkməyi də Hollivuda-zada tapşıraq. Guya hər xalqın özünün sənətkarlığı olanda nə olur? Ona qalsa biz maşın da düzəldə bilmirik, lakin Bakıda itə daş atsan “Prius”a, “Mercedes” və “Prado”ya dəyir. Kinoya ayrılan dövlət vəsaitini isə Netfliks-ə verməliyik. Zarafat eləmirəm. Hələ keçən il mədəniyyət nazirimizin kino işlərinə baxan Rüfət müəllim uca millətə gözaydınlığı vermişdi, demişdi Netflikc Bakıda kino çəkir, ay can, ay can. Biz də bu möhtəşəm muştuluğun həsrəti ilə birtəhər dözdük, yayda həmin kino efirə buraxıldı. Kinonun adı “Boz adam”dır. Orijinal adı “The Gray Man”. Kino babat gəlir gətirib, dünyada milyonlarla adam izləyib. Mən də baxdım, açığı, həyatımda gördüyüm ən mənasız kinolardan biri idi. “Boz adam” yerinə “Boz kardinal” adı ilə Ramiz Mehdiyevin həyatını çəksələr daha maraqlı alınardı. Yoxsa iki saat bambılı təpikləşmə, partlama, atışma izləyirsən, ortada nə süjet var, nə aktyor oyunu var, nə görüntü, nə musiqi... Yəni böyük bir boşluq. Azərbaycan da bu filmin içində bir neçə saniyə keçir. Guya qəhrəmanlardan biri Bakıda hansısa hoteldə qalır. O cümlədən Alov qüllələrinin fonunda kimisə dəfn edirlər, Azərbaycan bayrağı altında. Ən gülməlisi odur ki, arxada Alov binamız və üstdə bayrağımız görünsə də dəfn... Praqadakı heykəlin altında baş tutur. Sanki Netfliks-in operator və rejissorları bu boyda çiçəklənən paytaxtımızda fon olara bir normal yer tapa bilməyibdir. Və görəsən, bu kadrlara nə qədər pul ödəmişik?

Lakin yenə yuxarıda yazdığıma qayıdıram: mən bu cür reklama pis baxmıram. Əksinə, karikatur milli kinomuz yerinə elə bu cür tanınmış studiyalara pul ayırmaq daha səmərəlidir. Billi Bob Tornton və Rayan Qoslinqi (“Boz adam”da bunlar da çəkilib) axırda Hesablama Palatasına çağırıb xərclərin istiqamətini öyrənmək şərti ilə.

Mədəniyyət Nazirliyimiz isə Netfliks-i yoxlayar. Ora da haradasa kukla teatrıdır. 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR