İnsanlara hürriyət, millətlərə istiqlal!

Beynəlxalq Valyuta Fondu Azərbaycandan gedir - Bizə nə verdi, nə apardı?

1121 20.05.2023 10:24 İqtisadiyyat A A

İqtisadçı-deputat: “Azərbaycan iqtisadiyyatı genişlənib”

Xəbər verdiyimiz kimi, Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycandakı ofisini 2023-cü ilin iyun ayının sonunda bağlamaq haqda qərar qəbul edib. Fondun Yaxın Şərq və Mərkəzi Asiya Departamentindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə ünvanlanmış məktubda belə bir qərarın verilməsinin səbəbi kimi Azərbaycanın güclü iqtisadiyyata və maliyyə ehtiyatlarına malik olması və yaxın gələcəkdə ölkəmizlə BVF arasında proqram xarakterli əməkdaşlığın gözlənilməməsidir.

Fondun Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin rəhbəri Cihad Azurun məktubunda qeyd olunur ki, ofisin bağlanması BVF-nin Azərbaycanla əlaqələrini zəiflətməyəcək, Azərbaycanın inkişaf strategiyası ilə bağlı iqtisadi və maliyyə siyasətini müzakirə etmək üçün müntəzəm missiyalar təşkil edəcək və zərurət yarandıqda texniki yardım göstərəcək.

Məlumat üçün qeyd edək ki, BVF dünyanın iki ən böyük maliyyə qurumundan biridir. Fond valyuta münasibətləri sahəsində qlobal əməkdaşlığı stimullaşdırmaq, maliyyə stabilliyini təmin etmək, beynəlxalq ticarətə köməklik etmək, yüksək məşğulluq səviyyəsini və davamlı iqtisadi artımı təmin etmək, və bütün dünyada yoxsulluğun azaldılması məqsədilə fəaliyyət göstərən, 188 ölkədən ibarət təşkilatdır. Beynəlxalq Valyuta Fondunun əsası 1944-cü ilin iyul ayında ABŞ-ın şimal-şərqində yerləşən Nyu-Hempşir ştatının Bretton Vuds şəhərində keçirilən görüşdə 44 ölkənin nümayəndəsinin İkinci Dünya Müharibəsindən sonra yaradılacaq beynəlxalq iqtisadi əməkdaşlığın strukturu haqqında razılığa gəldikləri zaman qoyulub. Onlar hesab edirdilər ki, belə struktur Böyük Depressiyaya səbəb olan zərərli iqtisadi siyasətin təkrarlanmasının qarşısının alınması üçün zəruridir. Beynəlxalq Valyuta Fondu rəsmi olaraq 1945-ci ilin dekabr ayında, ilk 29 üzv ölkənin onun Razılaşma Maddələrini imzalanmasından sonra formalaşdırılıb, 1 mart 1947-ci ildə fəaliyyətə başlayıb. Elə həmin il Fransa Beynəlxalq Valyuta Fondundan borc alan ilk ölkə olub.

Beynəlxalq Valyuta Fonduna üzvlük prosesi 1950-ci illərin sonlarında və 1960-cı illərdə genişlənməyə başlayıb. Həmin dövrdə Afrika ölkələrinin əksəriyyəti müstəqillik qazanaraq BVF-yə üzv olmaq üçün müraciət ediblər. Lakin dünyadakı kəskin siyasi qetbləşmə, Soyuq müharibə Fondun üzvlüyünü məhdudlaşdırırdı. Bu məhdudiyyətlər Sovet İttifaqı dağılandan sonra aradan qalxdı, BVF-nin hökumətlərə yönəlik dəstək mexanizmləri genişləndirildi.

BVF Azərbaycana yardım edə bilər

BVF-də əsas mövqe ABŞ-a məxsusdur. Ən çox səs hüququ ABŞ-a məxsusdur. Qərar qəbulunda fondun səslərinin 26,4 faizi Avropa İttifaqı ölkələrinə aiddir. Ümumilikdə götürüldükdə səslərin  59,6 faiz ABŞ və Avropa İttifaqının, 40,4 faizi isə yerdə qalan üzvlərindir.

Fondun hüquqi sənədlərinə görə, BVF qlobal inkişaf və iqtisadi sabitliyə kömək etmək məqsədilə fəaliyyət göstərir: O, iqtisadi çətinliklərlə üzləşən üzvlərə siyasət məsələləri üzrə məsləhət verir və onları maliyyələşdirir, həmçinin inkişaf etməkdə olan ölkələrlə işləyərək, makroiqtisadi stabilliyə nail olmaq və yoxsulluğu azaltmaq üçün onlara kömək edir. Demək olar ki qlobal üzvlüyə malik 188 ölkəni əhatə edən BVF, imkanlardan istifadə etmək və qloballaşmanın tələblərini və ümumiyyətlə iqtisadi inkişafı idarə etmək üçün üzv ölkələrin hökumətlərinə yardım göstərilməsinə dair unikal imkanlara malikdir. BVF qlobal iqtisadi tendensiya və göstəriciləri izləyir, yarana biləcək problemlər haqqında üzv ölkələri xəbərdar edir, siyasət dialoqlarının aparılması üçün forumlar təşkil edir və iqtisadi çətinliklərlə mübarizə aparmaq məqsədilə hökumətlərə nou-xau təqdim edir.

BVF aşağıdakılar vasitəsilə üzv ölkələri dəstəkləyir:

İqtisadi tendensiyalara və ölkələrin təcrübələrinə əsaslanaraq hökumətlərə və mərkəzi banklara siyasət üzrə məsləhətlərin verilməsi;

Qlobal, regional və fərdi iqtisadiyyatların və bazarların monitorinqinə əsaslanan tədqiqatların, statistikaların, proqnozlaşdırmanın və təhlillərin aparılması;

İqtisadi çətinliklərin öhdəsindən gəlmək üçün ölkələrə borcların verilməsi;

İnkişaf etməkdə olan ölkələrdə yoxsulluqla mübarizədə köməklik etmək üçün güzəştli borcların verilməsi; və

İqtisadiyyatlarnın idarə olunmasının yaxşılaşdırılmasında ölkələrə köməklik göstərilməsi üçün texniki yardım və treninqlərin keçirilməsi.

Bu dəstək mexanizmlərindən bəhrələnmək üçün üzv ölkələr BVF-nin maliyyə və iqtisadi idarəetmə sahəsində tövsiyələrinə əməl etməli, hər bir ölkə üçün ayrıca işlənən fəaliyyət proqramlarını həyata keçirməlidilər.

Azərbaycan BVF-yə 1992-ci ilin 18 sentyabrından üzv qəbul olunub. 1993-cü ildən 2009-cu ilədək Azərbaycanda BVF-nin rezident nümayəndəliyi fəaliyyət göstərib. Bundan sonra BVF Azərbaycandakı fəaliyyətini daha aşağı statuslu yerli əlaqələndirici vasitəsilə həyata keçirib. 2005-ci ildən Azərbaycanın BVF ilə əməkdaşlığı yalnız məsləhətləşmələr formatında reallaşdırır.

BVF üzvü olan ölkələrin bu qurumdan güzəştli kredit almaq limitləri var. BVF-nin kvotasında Azərbaycanın payı 391.7 milyon Xüsusi Borcalma Hüququdur (special drawing right - SDR). Kvota BVF-də səsvermə hüququnu, üzvlük haqqını və BVF-dən götürülə biləcək kreditin məbləğini müəyyən edir.

Azərbaycanı BVF-də rəhbər olaraq maliyyə naziri və alternativ rəhbər olaraq Mərkəzi Bankın İdarə Heyətinin sədri təmsil edir.

BVF tərəfindən Azərbaycanla bağlı 4 istiqamətdə proqramlar həyata keçirilib. Bunlar “Yoxsulluğun azaldılması və iqtisadi inkişaf”, “Struktur quruculuğunun artırılması”, “Sistem dəyişikliyi” və “Əlavə maliyyələşmə proqramları”.

1996-cı ildən başlayaraq BVF Azərbaycana bu proqramlar çərçivəsində dəstək məqsədilə 278 milyon dollar kredit ayırıb, ondan 258 milyon dolları istifadə olunub.

BVF-nin Azərbaycanla ilk əməkdaşlığı Struktur İslahatları Proqramı kontekstində qurulub. Bu çərçivədə BFV-nin hazırladığı tədbirlər planının Azərbaycanda həyata keçirilməsinin böyük iqtisadi səmərəsi olub.  Belə ki, müstəqilliyin yenidən bərpa olunması dövründə BVF-nin göstərdiyi maliyyə dəstəyi ilə aparılmış islahatları proqramı xarici və daxili balansın tarazlaşdırılması və sabitliyin təmin olunmasına töhfə veribir.

Bu günə qədər Azərbaycan hökumətinə iqtisadi proqramların reallaşmasının dəstəklənməsinə təqdim olunmuş maliyyə yardımları ilə bərabər BVF texniki yardım, monetar idarəetmə üzrə inkişafın artırılması üzrə ölkədə bir sıra sektorlarda, o cümlədən dövlət xərclərinin düzgün idarə edilməsi, vergi-gömrük siyasəti, mərkəzi bankçılıq, nəzarət, pul siyasəti və eyni  zamanda statistika sektorlarında texniki yardımlar göstərib. Ölkədə makroiqtisadi təhlillər, fiskal siyasət, maliyyə proqramlaşdırılması və idarəçilik, mühasibatlığı və bank nəzarəti sektorlarında BVF tərəfindən təmin olunmuş təlimlərdən faydalanılıb.

BVF ölkə haqqında valyuta siyasətinin təhlilini aparmaq məqsədi ilə hər il Azərbaycana missiya təşkil edir. Ölkəmiz hər il Fondun iqtisadi-maliyyə proqnozlaşdırılmasına daxil edilib. Məsələn, Fond aprel ayında Azərbaycanda bu il real ümumi daxili məhsul artımına dair proqnozunu 2,5 faizdən 3 faizə yüksəldib. BVF-nin proqnozuna görə, 2024-cü ildə Azərbaycanda ÜDM-in real artımı 2,6 faizə çatacaq.

Fond bu il üçün Azərbaycanda inflyasiya proqnozunu 10,8 faizdən 11,3 faizə qədər artırıb. BVF hesab edir ki, 2024-cü ildə Azərbaycanda istehlak qiymətləri indeksi 8 faiz artacaq.

BVF Azərbaycanda işsizlik səviyyəsinin bu il və 2024-cü ildə 5,8 faiz olacağını proqnozlaşdırır. Fondun “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” hesabatının aprel sayına əsasən 2022-ci ildə bu göstərici 5,9 faiz səviyyəsində olub.

Sənədə əsasən, region ölkələrindən Ermənistanda işsizlik bu il 12,5 faiz, gələn il isə 13 faiz, Gürcüstanda müvafiq olaraq 19,5 faiz və 20,2 faiz səviyyəsində proqnozlaşdırılır.

Vugar Bayramov - Wikipedia

Vüqar Bayramov

İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun “Yeni Müsavat”a dediyinə görə, Azərbaycan beynəlxalq maliyyə qurumları ilə əlaqələrini müstəqilliyin ilk illərində qurub: “Bu əlaqələr 90-cı illərin əvvəllərindən yaradılıb. Beynəlxalq Valyuta Fondu da daxil olmaqla, müstəqilliyin ilkin dövründə beynəlxalq qurumlardan cəlb olunan kreditlər ölkə üçün çox faydalı oldu. Lakin sonradan ölkənin iqtisadi imkanları, dovlət gəlirləri artdı, beynəlxalq qurumların dəstəyinə ehtiyacı isə azaldı. Bu isə Azərbaycanın beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığında yeni yanaşmaların yaranmasına səbəb oldu. Baxmayaraq ki, Valyuta Fondu Bakıdakı ofisini bağlayır, digər beynəlxalq maliyyə qurumları, xüsusilə də Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı ilə əməkdaşlığını davam etdirir. Valyuta Fondu ilə eyni qrupa daxil olan Dünya Bankı ilə növbəti mərhələdə əməkdaşlıq planı da hazırlanıb. Yəni bü gün Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı ofisini bağlaması ölkəmizin digər beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığının dayanması deyil”.

Bir çox mütəxəssislər hesab edirlər ki, Azərbaycanın BVF proqramları çərçivəsində güzəştli kreditlər almağı dayandırmasının əsas səbəbi beynəlxalq qurumun qoyduğu tələblər olub. Belə ki, BVF yardım proqramlarından istifadə üçün idarəetmədə, iqtisadi və maliyyə siyasətində şəffaflığın, hesabatlığın təmin olunması əsas şərtlərdən biri kimi çıxış edir. Fond bu şərtlərə əməl olunması vəziyyətini hər il ölkələrə göndərdiyi missiyaların vasitəsilə qiymətləndirərək, hökumətlərə tövsiyələr verir. Azərbaycan belə nəzarəti qəbul etmədiyinə görə artan gəlirlərinə arxayın olmaqla BVF ilə əməkdaşlığı formal hala gətirib.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR