Bu gün Azərbaycan kinosu və teatrının bənzərsiz sənətkarı, Xalq artisti Bəşir Səfəroğlunun vəfatının ildönümüdür. Bu münasibətlə sənətkarın məzarı ziyarət olunub, xatirəsi ehtiramla anılaraq güllərə qərq edilib.
Musavat.com bildirir ki, bununla bağlı sənətkarın qızı, Xalq artisti Afaq Bəşirqızı sosial şəbəkə hesabında videogörüntülər paylaşıb.
O, paylaşdığı videoya “Allah sənə rəhmət eləsin, ata” sözlərini əlavə edərək duyğularını ifadə edib.
Xatırladaq ki, Bəşir Səfəroğlunun yaradıcılığında bir-birindən yaddaqalan obrazlar xüsusi yer tutur. Onun ifa etdiyi Möhsün (“Beş manatlıq gəlin”, Məmməd Səid Ordubadi və Səid Rüstəmov), Qaradavoy və Çiko (“Keto və Kote”, Vladimir Dolidze), Qoçu Əsgər və Məşədi İbad (“Məşədi İbad”, Üzeyir Hacıbəyli), Uzun və Nəcəf (“Durna”, Süleyman Rüstəm və Səid Rüstəmov), Qədir və Gülümsərov (“Ulduz”, Sabit Rəhman və Süleyman Ələsgərov), Salyanski və Qəhrəman (“Gözün aydın”, Məhərrəm Əlizadə və Fikrət Əmirov) kimi obrazları tamaşaçıların qəlbində dərin iz qoyub.
Sənətkar cəmi 7 filmə çəkilsə də, bu ekran işləri ilə də yadda qalıb. Onun rol aldığı “Aygün” (Əmirxanın dostu), “Qəribə əhvalat” (Cəmil), “Əhməd haradadır?” (Sərxoş), “Ulduz” (Gülümsərov), “Xoca Nəsrəddinin 12 qəbri” (Nəsrəddin), “Yun şal” (Kişi) və “Yaşamaq gözəldir, qardaşım” (Səfər) filmləri Azərbaycan kino tarixində özünəməxsus yer tutur.
Bəşir Səfəroğlu 1964-cü ildə Əməkdar artist, 1968-ci ildə isə Xalq artisti fəxri adına layiq görülüb. Tanınmış sənətkar 1969-cu il martın 23-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
Xalidə Gəray
Musavat.com






