İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəşəriyyətin rüsvayçı səhifəsi və ya bəşərdən “5” almayanların “beşlik”də yer alması

2794 03.03.2023 14:55 Yazarlar A A


Martın ikinci günündə Bakı növbəti mühüm əhəmiyyət kəsb edən tədbirə ev sahibliyi etdi. Söhbət Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündən gedir. Bir çoxları pandemiyanın artıq başa çatdığı qənaətindədirlər, amma reallıqda COVİD-19 başqa “qiyafələ”lərdə həyatımızın bir hissəsinə çevrilib və pandemiya ilə birgə yaşayacağımız barədə mütəxəssislərin proqnozları çox təəssüf ki, özünü müəyyən qədər doğruldub. Ölkəmizdə azsaylı da olsa, hələ də pandemiya səbəbindən yatağa düşən və dünyasını dəyişənlərin olması təhlükənin tam gündəmdən çıxmadığını deməyə əsas verir.

Amma hətta COVİD təhlükəsi olmasaydı belə, 120 dövləti öz çətiri altında birləşdirən qurumun Zirvə toplantısının Azərbaycanda keçirilməsi, dünyanın bir çox ölkələrinin liderlər, hökumət başçıları səviyyəsində tədbirdə iştirakı, həmçinin Ümumdünya Səhiyyə Təşkilatı kimi bir sıra önəmli təşkilat başçılarının Bakı Zirvəsinə qatılması bir sıra faktorlara görə çox önəmlidir. Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə təkrar-təkrar çatdırılması baxımından Qoşulmayanların Bakı Zirvəsi olduqca əhəmiyyətlidir. Məsələn, Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə öz maliyyə resursları ilə genişmiqyaslı yenidənqurma işləri aparması, Ermənistanın işğalına görə ölkəmizin dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasında olması, İkinci Qarabağ müharibəsindən sonra, yəni, 2020-ci ilin noyabr ayından bəri 300 azərbaycanlı mina partlayışı nəticəsində həlak olmuş və ya yaralanması barədə məlumatların çatdırılması baxımından bu tədbirin önəmi böyükdür.



1955-ci ildə yaradılma ideyası irəli sürülən Qoşulmama Hərəkatına 2019-cu ildə qurumun yekdil qərarı ilə Azərbaycanın 2019-2022-ci illər üzrə sədrlik etməsi, daha sonra isə yenə də yekdil qərarla sədrlik müddətinin daha bir il uzadılması ölkəmizin təkcə regionda deyil, beynəlxalq miqyasda yerini və rolunu nümayiş etdirən tarixi hadisədir. Bəyan olunduğu kimi, Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycanın məqsədi ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir. Pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı oldu. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsünü irəli sürmüşdü. Məhz Zirvə toplantısında məlumat bazası hazırlamaq üçün Qoşulmama Hərəkatının İşçi Qrupunun yaradılması qərara alındı. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin ehtiyaclarını müəyyən etmək üçün sözügedən məlumat bazasına istinad etdi. Həmçinin Azərbaycan Prezidenti İlham Əliyev Hərəkatın sədri olaraq olduqca mühüm təşəbbüslə çıxış etdi. Nəticədə Azərbaycanın BMT Baş Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyasının çağırılması təklifi BMT-yə üzv dövlətlər arasında böyük dəstək qazandı. Bir faktı da xatırlatmaqda fayda var: o zaman Azərbaycanın belə mühüm təklifinə qarşı çıxan tək ölkə Ermənistan olmuşdu. Təsəvvür edin, Azərbaycan dünyanın bəladan xilas olunması istiqamətində addımlara çağıranda belə, pandemiyanın əlində yesir vəziyyətində olan Ermənistan bu təşəbbüsün əleyhinə olmuşdu, təklif İlham Əliyevdən gəldiyi üçün…Azərbaycanın beynəlxalq platformalardakı uğurlu fəaliyyəti işğalçı və terrorçu qonşunun özünüifşası ilə paralel davam edir göründüyü kimi…
Dövlət başçımızın təşəbbüsünü yüksək qiymətləndirən mütləq çoxluğun dəstəyi nəticəsində sözügedən Xüsusi sessiya 2020-ci ilin dekabr ayında keçirildi və tədbirdə 70-dən çox dövlət və hökumət başçısı çıxış edərək fəlakətli durumdan çıxmağın yolları barədə axtarışlarından bəhs etdilər, təkliflər səsləndirdilər. Məhz həmin Xüsusi sessiyada beynəlxalq həmrəyliyin artırılmasının zəruriliyi vurğulandı, Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyi qəbul edildi. Əks təqdirdə, dünya bəlkə daha fəlakətli istiqamətə gedəcəkdi, bəşəriyyət daha çox itirəcəkdi, naməlum virusun elan etdiyi müharibədə…


Azərbaycan dövlətinin başçısı bəzi varlı ölkələrin həyata keçirdiyi “peyvənd millətçiliyi”ndən danışarkən bəşəriyyətin aztəminatlı kateqoriyalarının taleyinə diqqət çəkirdi. Açıq mətnlə bildirirdi ki, “peyvənd millətçiliyi” pandemiya ilə mübarizədə ciddi maneədir və bu əngəl aradan qaldırılmalıdır. Məhz bu kimi təşəbbüslərin ardınca Qoşulmama Hərəkatı bütün ölkələrin peyvəndlərdən ədalətli və vahid şəkildə istifadəsini təmin etmək üçün 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı oldu. Üstəlik, Azərbaycan əksəriyyəti bizim Qoşulmama Hərəkatı ailəsinin üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı ya ikitərəfli kanallar, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardım göstərdi. Faktiki olaraq bəşəriyyətin xilasına töhfəsini verdi dövlətimiz.

O dövlət ki, torpaqlarının işğaldan azad edilməsini tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi 28 il kağız üzərində qaldı. Ən nəhayət, sonda BMT qətnamələrini də təkbaşına icra etməli oldu. Özü də Ermənistan məhz pandemiya dövründə, bəşəriyyətə qarşı dəhşətli, elan olunmamış müharibənin getdiyi zaman Azərbaycanın ərazilərinə növbəti dəfə təcavüz etdi və Azərbaycan iki cəbhədə müharibə aparmalı oldu. Özü də tək savaşmalı oldu. Azərbaycan bəşəriyyətin xilasına da töhfə verməkdəydi Vətən uğrunda haqq savaşını davam etdirərkən. Həm də bütün olub-keçənlərə rəğmən erməni xalqını məhv olmaq təhlükəsindən xilas etməkdə ikən, Ermənistan onun dinc əhalisini mərmi yağışına tuturdu, körpələri gecə yatarkən qətlə yetirirdi. Nə yaxşı ki, Qoşulmama Hərəkatının əksər üzvləri Azərbaycanın məruz qaldığı təcavüzü detallarınadək anlayırdılar, şər-böhtana düçar olduğumuzu bilirdilər və hansısa məqamlarda vacib dəstəyi verdilər. Təbii ki, bu nəticənin əldə olunması Azərbaycanın uğurlu xarici siyasətinin, xüsusilə də dövlət başçısının usta diplomatiyasının məntiqi nəticəsiydi.



Bakı Zirvəsi növbəti dəfə bəşəriyyətə töhfə baxımından olduqca faydalı oldu. Prezident İlham Əliyev üç il öncə dünyanın dəhşətli mərəzdən xilas formulunu təklif edirdisə, postpandemiya dövrünün tələblərini dilə gətirdi budəfəki mərasimdə. Xüsusən də yeni dünya düzəninin yenidən formalaşmaqda olduğunu vurğulamaqla bir sıra vacib nüanslara diqqət çəkməsi olduqca önəmli idi. Sitat: “İndi dünya “Soyuq müharibə”nin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir ki, onun fəsadları dünyanın qalan hissəsində də hiss olunur. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidir”. Yaxud “Bu gün neokolonializm meylinin artdığını müşahidə edirik. Tarixi müstəmləkəsizləşdirmə prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı bəşəriyyətin bu rüsvayçı səhifəsinin tamamilə aradan qaldırılması istiqamətində səylərini birləşdirməlidir”. Olduqca vacib və bəşəri əhəmiyyət kəsb edən çağırışlardır. Niyə BMT Təhlükəsizlik Şurasında 2 milyardlıq müsəlman dünyanın təmsilçisi kimi məsələn, Türkiyə dövləti təmsil olunamamalıdır? Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan dünyanın “beşdən böyük” olduğunu bəyan edib və bunu isbatlayıb. Sonuncu dəfə Rusiya-Ukrayna müharibəsində. Bu gün Türkiyənin başı daha çox öz fəlakətinə qarışıb, baxın, Ukraynada qan su yerinə axır, Türkiyənin sülh təşəbbüslərini kimsə davam etdirmək iqtidarında deyil, yaxud istəmir. Türkiyə dünya siyasətinin önəmli aktorlarından biri kimi haqq edir BMT TŞ-də təmsilçilik mandatını qazansın.

Bu gün BMT-nin sözügedən qurumunda hələ də koloniyaçılıq siyasətini davam etdirən, zahirən “demokrat” görünsə də, ən neqativ sifətləri ilə gündəmin mərkəzində olan Fransa hansı haqla təmsil olunmalıdır? Əlcəzair soyqırımına görəmi? Təbii ki, özü soyqırım törədən ölkə Xocalıda törədilən soyqırıma adi hal kimi baxardı, Ermənistanın işğalçılıq siyasətini dəstəkləyərdi və ona “böyük bacılıq” edərdi. Amma nəhayət, dünyanın mütərəqqi kəsimi ədalətli davranmalıdır, əks halda fəlakətlər seriyası başqaməntəqələrdə davam edəcək.

Təsadüfi deyil ki, Bakı Zirvəsində açıq mətnlə “Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq”-çağırışını etdi Azərbaycanın dövlət başçısı, Qoşulmama Hərəkanın Sədri. Bu, Ermənistanın qeyri-konstruktiv davranışlarını dəstəkləyən, Azərbaycana qarşı hələ də saxta iddialarından əl çəkməyən Ermənistanı himayə edən, hansısa adlarla bölgəyə soxulmağa cəhd göstərən Fransa rəhbərliyinin idbar sifətinə vurulmuş tərs şapalaqdır. Bəli, Fransa üzr istəməlidir indiyədək etdiklərinə görə, həm də Azərbaycan dövlətindən və xalqından! Çünki məhz rəsmi Parisin dəstəkləməsi səbəbindən erməni faşizmi bu qədər fəlakətlər, cinayətlər törətdi, Azərbaycan ərazilərini az qala bir qərinə işğalda saxladı. Fransa Senatı hətta 44 günlük müharibədən sonra, Ermənistanın kapitulyasiya aktına imza atmasından sonra da Azərbaycana qarşı sərsəm qətnamələr qəbul edirsə, bu ölkənin prezidenti işğala məruz qalmış Azərbaycanı cəzalandırmaq üçün davamlı şəkildə BMT TŞ-də təşəbbüs qaldırırsa, deməli, onun Qarabağda axıdılan qanlara görə böyük məsuliyyəti var, bütün bunların hesabını verməlidir. Özü də katalizator statusunda BMT TŞ-nin daimi üzvü, Avropa İttifaqının təmsilçisi çıxış edirsə, bu, bəşəriyyət adına çox ayıb bir hadisədir.



Qeyd olunduğu kimi, ədalətsizlik yalnız Azərbaycana qarşı deyil. Odur ki, dünyada uzun illərdir müzakirə olunan mühüm məsələ, BMT sistemində islahatların aparılması nəhayət, reallaşmalıdır. Prezident Əliyev dediyi kimi, BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir. Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun.

Həmçinin BMT Təhlükəsizlik Şurasında bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır. Azərbaycan Prezidenti dünyanın 120 dövlətinə xitab etdi: “Qoşulmama Hərəkatına üzv ölkələri bu məsələ ilə bağlı məsləhətləşmələrə başlamalı və öz fikirlərini BMT-nin müvafiq komitəsinə təqdim etməlidir. Təhlükəsizlik Şurasında Afrikaya da daimi yerlərin verilməsi fikri dəstəklənməlidir”.

Niyə də olmasın? BMT Təhlükəsizlik Şurası Makron Fransasının “boyuna biçilib?” Yaxud niyə TŞ-nin daimi üzvlərinin sayı 5 olmalıdır? Bəlkə bu qurum nə vaxtsa öz fəaliyyətinə görə bəşəriyyətdən “5” alıb?

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR