İnsanlara hürriyət, millətlərə istiqlal!

Beş ildə əmək haqqı fondu 2 dəfə artıb, bəs qiymətlər? - təhlil

1138 16.05.2023 09:28 İqtisadiyyat A A

Ekspert: “Orta aylıq əmək haqqı artımı əhalinin alıcılıq qabiliyyətinin artmasına gətirib çıxarmayıb, çünki...”

“Son 5 ildə Azərbaycanda əmək haqqı fondu 2 dəfədən çox artıb”. Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin Sosial sığorta və əmək münasibətlərinə nəzarət idarəsinin rəisi Nigar Vahabzadə bildirib.

“Bu, əməkhaqlarının "ağardılması" istiqamətində görülmüş tədbirlərin nəticəsidir", - deyə N. Vahabzadə qeyd edib.

Onun sözlərinə görə, bu gün ölkədə hələ ki işçinin maaşının müəyyən edilmiş minimum məbləğdən - 345 manatdan az göstərilməsi hallarına rast gəlinir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov isə mayın 15-də Tvitter hesabında qeyd edib ki, 2019-cu ildən indiyə qədər Azərbaycanda işçilərlə işəgötürənlər arasında bağlanmış əmək müqavilələrinin sayı 361 mindən çox artıb və bu il mayın 1-nə 1 713 min olub. Bunun 859 884 nəfəri dövlət sektorunda, 853 342 nəfəri özəl sektorda çalışanlardır.

Onun sözlərinə görə, bu müddətdə qeyri-neft sektorunun özəl bölməsində bağlanmış əmək müqavilələrinin sayı 313 mindən çox artıb və demək olar ki, dövlət sektorundakı bu göstərici ilə bərabərləşib: “Qanuni əmək münasibətləri sosial hüquqların təminatında, əmək bazarında şəffaflaşmada, məşğulluğun təşviqində üstünlüklər yaradır”.

Qeyd edək ki, Azərbaycanda 2018-ci ildən etibarən əmək münasibətlərinin rəsmiləşdirilməsi istiqamətində bir sıra addımlar atılıb. Xüsusilə vergi orqanlarının xətti ilə özəl sektorda işçilərin rəsmi müqavilə olmadan işlədilməsinə qarşı sərt nəzarət tədbirləri tətbiq olunub. Nəticədə son 5 ildə əmək müqavilələrinin sayında ciddi artım müşahidə olunmaqdadır. 2020-ci ildə pandemiya dövründə dövlət əmək haqqına yardım mexanizmi işə saldıqdan sonra orta və iri müəssisələrdə əmək müqavilələrinin sayında ciddi artım qeydə alındı.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2019-cu il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan, yəni rəsmi əmək müqaviləsi olan işçilərin sayı 2018-ci illə müqayisədə 1,6 faiz artaraq 1548,9 min nəfər oub. Onlardan 883,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 665,0 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdla işləyənlərin 21,6 faizi təhsil, 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,4 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,0 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,8 faizi tikinti, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 11,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2023-cü il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 24.8 min nəfər və ya 1.5 faiz artaraq 1733.9 min nəfər olub. Onlardan 903.3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 830.6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Azərbaycanda əməkhaqqı fondu bu il 8% artıb | Banco.az

Muzdla işləyənlərin 19.3 faizi təhsil. 18.7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12.9 faizi sənaye, 8.2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7.1 faizi tikinti, 6.5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4.2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3.6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3.5 faizi peşə, elmi və texniki fəaliyyət, 2.0 faizi maliyyə və sığorta fəaliyyəti, 14.0 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

Maraqlıdır ki, mayın 1-nə muzdla işləyənlərin sayı yanvarın 1-i ilə müqayisədə 20 900 nəfər azalıb. Bu müddətdə dövlət sektorunda çalışanların sayı 43 416 nəfər azalıb, özəl sektorda çalışanların sayı isə 22 742 nəfər artıb.

Rəsmi statistika onu da deyir ki, 2018-ci ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilə nisbətən 3,0 faiz artaraq 544,1 manat təşkil edib. Bu zaman iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

2022-ci ildə isə muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilə nisbətən 14.7 faiz artaraq 839.4 manat təşkil edib. Ötən il iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Bu göstəricilərdən məlum olur ki, 2018-2022-ci illərdə muzdla çalışanların orta aylıq nominal əmək haqqında 54,3 faizlik artım baş verib. N.Vahabzadənin sözlərinə görə isə ölkə üzrə ümumi əmək haqqı fondunda 5 ildə 2 dəfədən çox artım var. Orta aylıq nominal əmək haqqı məbləğindəki artımın ümumi artımdan 4 dəfəyə yaxın az olması ölkədə müxtəlif sahələrdə, vəzifə pillələrində çalışanların əmək haqqısı arasında çox kəskin fərqlərin olmasından xəbər verir. Təsadüfi deyil ki, Azərbaycanda minimum əmək haqqı məbləği ilə bağlanan əmək müqavilələrinin sayı heç vaxt açıqlanmır. Halbuki əmək bazarından məlumatı olan hər kəs ticarət, xidmət və sair sektorlarda əmək haqqının əksər hallarda real məbləği əks etdirməyərək, əsasən vergi və ödənişlərdən azad olan minimum məbləğ həcmində rəsmiləşdirildiyini bilir. Bundan əlavə, ölkənin kənd təsərrüfatı, mədəniyyət, təhsil və səhiyyə sektorlarında da orta əmək haqqı digər sektorlarla müqayisədə xeyli aşağıdır.

Rövşən Ağayev yazır...

Rövşən Ağayev

İqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, 2023-cü ilin büdcəsində aylıq rəsmi maaşı 8000 manatı ötən şəxslərin hesabına dövlət büdcəsinə 91 milyon manat gəlir vergisinin daxil olması nəzərdə tutulub: “Vergi Məcəlləsinə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid vergi ödəyicilərində işləyən fiziki şəxslərin aylıq maaşının 8000 manatdan artıq hissəsindən 14 faiz dərəcəsi ilə vergi tutulur. Ölkədə bu gəlir kateqoriyasına aid nə qədər şəxs var? Rəsmi statistika hər hansı bilgi vermir. Bu gəlir qrupu üzrə aylıq orta maaş 15000 manat ətrafında olsa, 7500-8000 nəfərdən söhbət gedir. Güman ki, bu səviyyədə əmək haqqı yalnız maliyyə, özəl səhiyyə, neft və informasiya texnologiyaları kimi sektorlarda mümkündür.

Belə yüksək əmək haqqı məbləği rəsmi statistikanın gəlir bərabərsizliyi ilə bağlı göstəricilərini kölgədə qoyur. Minimum maaşla ən yüksək məvaciblər arasında fərqin az qala 40 dəfəyə çatdığı ölkədə rəsmi statistikanın aşağı və yuxarı qrupların gəlirləri arasında fərqi 3-4 dəfə göstərməsi absurddur".

Əmək haqqı fondunun artması ilə yanaşı Azərbaycanda son 5 ildə inflyasiya səviyyəsində də ciddi artım var. Belə ki, rəsmi statistikaya əsasən 2018-ci ildə Azərbaycanda istehlak mallarının və xidmətlərin qiymətləri 2017-ci illə müqayisədə 2,3 faiz, 2019-cu ildə 2018-ci illə müqayisədə 2,6 faiz, 2020-ci ildə 2019-cu illə müqayisədə 2,8 faiz, 2021-ci ildə 6,7 faiz təşkil edib. 2022-ci ildə isə istehlak qiymətlərində 2021-ci ilə nisbətən 13,9 faiz artım qeydə alınıb. Bu zaman ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 19,5 faiz, qeyri-ərzaq məhsulları üzrə 8,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,4 faiz inflyasiya olub.

Bir məsələni də qeyd edək ki, rəsmi statistikanın inflyasiya hesablamaları Azərbaycanda real vəziyyətin göstəricisi kimi qəbul olunmur. Ölkə əhalisi öz ailə büdcəsinə təsirləri qiymətləndirməklə 2021 və 2022-ci illərdə inflyasiyanın rəsmi açıqlanandan daha yüksək olduğu qənaətindədir.

Manatın dövretmə sürətinə hansı amillər təsir edib? – ekspert şərh edir -  26.07.2021, Sputnik Azərbaycan

Rəşad Həsənov

İqtisadçı-ekspert Rəşad Həsənovun “Yeni Müsavat”a dediyinə görə, əmək haqqı fondundakı artımı yalnız “ağartma” ilə əsaslandırmaq mümkün deyil: “Bu məsələdə bir qədər ehtiyatlı olmaq lazımdır: əmək haqqı fondu yalnız ağarma hesabına artmayıb. Ölkədə bu dövrdə orta aylıq əmək haqqında da 60 faizə yaxın artım var. Yəni burada hər iki faktorun təsiri var: həm əmək haqqının, həm əmək münasibətlərində leqallaşmanın artması.

Alıcılıq gücü aspektindən müqayisə aparmaq üçün orta aylıq əmək haqqının artım tempinə baxmalıyıq. Çünki bu, daha təmizlənmiş bir göstəricidir. Biz həmçinin gəlirlərin dəyərsizləşməsini də nəzərə almalıyıq. Rəsmi statistikaya baxsaq, 2018-2022-ci illərdə ölkə vətəndaşlarının real gəlirləri 35,1 faiz dəyərsizləşib. Yəni 2023-cü ilin ilk 3 ayını da nəzərə alsaq, manat alıcılıq gücünün 35,1 faizindən məhrum olub. Orta aylıq əmək haqqı 60 faizə yaxın artdığına görə bu dövrdə əhalinin əmək haqqı gəlirlərində artım olduğu görünür. Amma biz müqayisəni alternativ qiymət indeksi ilə aparsaq, bu zaman fərqli nəticələr alarıq. Alternativ hesablamalar göstərir ki, son 5 ildə ölkədə 85 faizə yaxın inflyasiya baş verib. Bu isə o deməkdir ki, orta aylıq əmək haqqı artımı əhalinin alıcılıq qabiliyyətinin artmasına gətirib çıxarmayıb".

Ekspert bildirir ki, əmək münasibətlərinin rəsmiləşdirilməsi istiqamətində fəaliyyətlər son vaxtlar zəifləyib: “Bu sahədə bir növ durğunluq yaşanır. Həyata keçirilən sosial paketlər, yüksək inflyasiyaya görə özəl sektorda əmək haqlarının indeksasiya edilməsi ölkə üzrə orta aylıq nominal əmək haqqı məbləğinin artımını şərtləndirib”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR