İnsanlara hürriyət, millətlərə istiqlal!

Benzin və dizelin bahalaşacağı xəbəri niyə indi gündəmə gəldi...

2303 14.07.2023 09:18 İqtisadiyyat A A

Azərbaycanın əsas benzin idxalı ölkəsində qiymətlər artır

Son vaxtlar Azərbaycanda benzinin ucuzlaşması ilə bağlı gözləntilər yaranıb. Xüsusilə "Aİ-95" benzininin qiymətində azalmanı zəruri hesab edənlər az deyil. Bu zaman əksəriyyət Azərbaycan kimi bu benzini idxal edən qonşu və eləcə də region ölkələrindəki ucuzlaşmanı əsas gətirirlər.

Enerji məsələləri üzrə ekspert, “Neft” Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban hesab edir ki, Azərbaycanda ən çox istehlak olunan "Aİ-92" benzininin qiymətinin ucuzlaşmasını gözləməyə dəyməz: “Azərbaycanda benzinin qiymətinin aşağı düşəcəyi ilə bağlı fikir səsləndirənlər yanlış fikirdədirlər. Ona görə ki, "Aİ-92" benzini “Avro-2" standartına uyğun istehsal edilir. 2015-ci ildən etibarən başlayan Heydər Əliyev adına Neftayırma zavodunun modernizasiyası prosesi 2018-ci ildən sonra intensivləşib. Yaxın illərdə "Avro-5" standartına uyğun yanacağın istehsal olunması məqsəd kimi qarşıya qoyulub".

Onun sözlərinə görə, zavoda 4 milyard manat kapital qoyuluşu həyata keçirilib. Dünya bazarında benzinin qiyməti kifayət qədər bahadır və zavoda bu qədər kapital yatırılıb. İlham Şaban bildirir ki, həm dizelin, həm aşağı dərəcəli benzinin qiymətinin bahalaşacağını gözləmək daha doğru olar: “Ancaq "Aİ-95" markalı benizinin qiyməti aşağı düşəcək. “Aİ-92" markalı benzin və dizelin bahalaşmasının isə iki səbəbi var. Birincisi, əməliyyatlarla bağlıdır ki, bu da daha keyfiyyətli və bahalı prosesdir. İkincisi isə odur ki, artıq zavodun kapital xərcləri nəyinsə hesabına geri qayıtmalıdır. Yəni bu vəsait istehlakçıdan çıxılmalıdır”.

İlham Şabanov necə İlham Şaban oldu...

İlham Şaban 

Son illərdə Azərbaycanda neft hasilatının azaldığını söyləyən ekspert vurğulayıb ki, SOCAR-ın hasilatında da eyni proses gedir: “2030-cu ilədək hasilat daha da azalacaq və SOCAR üzrə 2-3 milyon tona düşəcək. Zavodun istehsal gücü isə 7.5 milyon tondur. Bu halda zavodun işləməsi üçün yerdə qalan həcmləri kənardan idxal etməli olacağıq. Bu baxımdan da istehlakçılar özlərini bahalı yanacağa kökləməlidir”.

Azərbaycanda benzinin ucuzlaşması üçün heç bir əsasın olmadığını deyən İ.Şaban benzinə dizel arasında xeyli fərq olduğunu bildirir: “Əvvəl dizel 40 qəpiyə satılırdı, ancaq indi 80 qəpiyə çatıb. 2017-ci ildən sonra ölkədə dizelin istehlakı 3 dəfə artıb. Bu yanacaqda ekologiyanı pozan əsas amil Avropadan ölkəyə köhnə və istehsal müddəti bitmiş avtomobillərin gətirilməsi ilə bağlıdır. Hökumət yanacağın qiyməti ilə ölkəyə gətirilən avtomobillərin sayını da tənzimləyir. Əgər qiymətlər aşağı düşsə, bu dəfə ölkəyə daha çox avtomobil daxil olacaq” (Bizim.media).

Rəsmi statistikaya əsasən 2023-cü ilin birinci yarısında Azərbaycanda 15, 2 milyon ton neft hasil olunub ki, bu da əvvəlki illə müqayisədə 7,7 faiz azdır. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilat 3,9 milyon ton təşkil edib ki, bu da əvvəlki ilin göstəricisinə bərabərdir.

Xatırladaq ki, 2022-ci ildə SOCAR müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 7,8 milyon ton neft hasil edib. Bu, 2021-ci illə müqayisədə 100 min ton azalma deməkdir.

Energetika Nazirliyinin məlumatına əsasən bu ilin yanvar-iyun aylarında Azərbaycanda 3,1 milyon ton neft emal edilib, bu da illik ifadədə 14,8 faiz çoxdur. Qeyd edək ki, ötən ilin yanvar-iyun aylarında Azərbaycanda 2,7 milyon ton neft emal edilib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən bu ilin yanvar-iyun aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 milyard 248,3 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23 faiz artıb.

Hesabat dövründə neft məhsullarının istehsalında neft koksunun istehsalı 61,9 faiz, sürtkü yağlarının istehsalı 60,5 faiz, avtomobil benzininin istehsalı 39,2 faiz, qazoylların (dizel yanacağının) istehsalı isə 33,9 faiz artıb, neft bitumu istehsalı 37 faiz, mazut istehsalı isə 93,8 faiz azalıb.

Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Artıq 10 ilə yaxındır NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatından aydın olur ki, zavodda həyata keçirilən yenidənqurma və modernləşdirmə layihəsi çərçivəsində nəzərdə tutulan yeni qurğuların tikintisi 93 faiz, modernləşdiriləcək qurğuların tikintisi isə 99 faiz yerinə yetirilib: “Layihə çərçivəsində "Avro-5" standartlarına uyğun dizel və benzin yanacaqlarının 2023-cü ildə istehsalı nəzərdə tutulub".

Qeyd edək ki, son illərdə dəfələrlə NEZ-də “Avro-5" standartına uyğun benzin və dizel istehsalına başlanma tarixi olaraq hansısa vaxt açıqlansa da, bu, indiyədək reallaşmayıb. Sonuncu dəfə SOCAR "Avro-5" standartına uyğun dizeli 2022-ci ilin üçüncü rübündən istehsal edəcəyini elan etmişdi. Həmin vaxt “Avro-5" standartına uyğun olan benzinin istehsalın başlanılması 2023-cü ili iyun-iyul aylarına planlaşdırılırdı. Lakin hələlik şirkət tərəfindən bu məhsulların istehsalına dair məlumat verilməyib.

SOCAR-ın “Caspian Oil&Gas” sərgisindəki stendində nümayiş etdirdiyi məlumatlarda NEZ-də həyata keçirilən yenidənqurma və modernləşdirmə layihəsi çərçivəsində 2023-cü ilin ikinci rübündən etibarən “Avro-5" standartına uyğun dizel yanacağı istehsalına başlandığı qeyd olunsa da, şirkətin bununla bağlı hər hansı rəsmi açıqlaması yayılmayıb.

Neftin dünya bazar qiymətlərinin 74-80 dollar ətrafında sabitləşməsi, ilin sonunadək qiymətlərdə ciddi artımın olmayacağına dair analitik mərkəzlərin gözləntiləri deməyə əsasə verir ki, ölkədə istehsal olunan "Aİ-92" markalı benzinin qiymətinin artması üçün  iqtisadi əsas yoxdur. Bu baxımdan, qiymətlər yalnız tamamilə “Avro-5" standartına uyğun benzinin istehsalına keçilməsindən sonra arta bilər.

Yeri gəlmişkən, bu ilin 5 ayında Azərbaycan Türkiyəyə "Aİ-92" benzinin ixracına başlayıb. Bu dövrdə qardaş ölkəyə 21 milyon 499 min dollar dəyərində  30 790,98 ton belə benzin satılıb. Bu ticarətdə 1 ton benzinin ixrac qiyməti 698,2 dollara bərabər olub.

Hesabat dövründə Rusiyadan 2 milyon 592,49 min dollar dəyərində 4 872,55 ton "Aİ-92" alınıb - 1 tonu 532 dollara.

"Aİ-95" markalı benzinə gəlincə, H.Əliyev adına NEZ-də bu marka benzinin istehsalına da bu ildən başlanacağı elan edilib. Lakin belə istehsal başlanmadığı üçün onun xaricdən idxalı davam edəcək.

Azərbaycanda “Aİ-95" premium və "Aİ-98" super markalı benzinin qiyməti sonuncu dəfə 2022-ci ilin iyulunda dəyişib: "Aİ-95"  beniznin litri 1 manat 60 qəpikdən 2 manata, AI-98 super benzin isə 2 manatdan 2 manat 30 qəpiyə qaldırılıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən Azərbaycan 2022-ci ildə 102 milyon 540,18 min dollar dəyərində (2021-ci illə müqayisədə 7,7 faiz azalma) 99 min 490,98 ton “Premium Euro-95" markalı avtomobil benzini (azalma 32,5 faiz) idxal edib. Həmçinin ölkəyə 2 milyon 52,49 min dollar dəyərində (azalma 14,3 faiz) 1670,95 ton (azalma 37,8 faiz) ”Super Euro-98" avtomobil benzini gətirilib.

Uzun illər boyu "Aİ-95" markalı benzinin idxalında üstünlük Rumıniyada olsa da, ötən il Rusiyadan idxal həcmi daha çox olub. Belə ki, bu markalı benzinin 73,4 faizi Rusiyadan alınıb. 

Bu ilin beş ayında da "Aİ-95" idxalında ağırlıq Rusiyaya salınıb. Belə ki, 2023-cü ilin yanvar-may aylarında ölkəyə 31 milyon milyon 776,88 min dollar dəyərində 34 min 197,43 ton “Premium Euro-95" markalı avtomobil benzini idxal edilib. Bu, 2022-ci ilin müvafiq dövrünün həcm göstəricisindən cüzi - 575 ton azdır. Ötən ilin 5 aynında Azərbaycan 34 min 772,61 ton benzinin idxalına 33 milyon 536,6 min dollar xərcləmişdi.

İdxalın əksər həcmi Rusiyanın payına düşüb - 20 milyon 462,71 min dollar dəyərində 22 min 169,43 ton.

Maraqlıdır ki, aprel ayından etibarən Azərbaycan Belarusdan "Aİ-95" benzini idxalına başlayıb. Aprel-mayda bu ölkədən 7 milyon 124,94  min dollar dəyərində 7 min 948,1 ton belə benzin alınıb.

Bu ilin beş ayında Rumıniyadan Azərbaycana 4189,24 min dollar dəyərində 4079,9 ton Aİ-95 idxal edilib. 2022-ci ilin yanvar-may aylarında Azərbaycan Rumıniyadan  6505,55  min dollar dəyərində 7286,18  ton “Premium Euro-95" markalı benzini idxal etmişdi.

Ötən il Azərbaycan həmçinin Bolqarıstandan 10365,18 min dollar dəyərində 8919,17 ton Aİ-95 idxal edib. Cari ildə bu ölkədən belə idxal qeydə alınmayıb.

Göründüyü kimi, ötən il "Aİ-95" benzininin bir tonu ölkəyə 1030 dollara, 2023-cü ilin beş ayında isə 929,1 dollara idxal olunub. Başqa sözlə desək, keçən il bu markalı benzinin bir litri 1,3 manata, bu ilin beş ayında isə 1,21 manata idxal edilib.

Azərbaycanın əsas idxal mənbəyi olan Rusiyada "Aİ-95" markalı benzinin topdansatış qiymətləri aprel ayından bəri 29 faiz bahalaşıb. Buna şirkətlərin qiymət şərtləri əlverişli olduğuna görə istehsal olunan məhsulun çoxunu ixrac etmələri, daxili bazardakı hərraclara az məhsul çıxarmaları səbəb olub. Buna görə də Rusiya hökuməti şirkətlərə daxili bazara məhsulu daha çox çıxarmalarına dair xəbərdarlıq edib. Avqustun sonunadək benzin və dizel ixracı üçün limitlər müəyyən olunacaq. Bu isə o deməkdir ki, Azərbaycanın Rusiyadan Aİ-95 almaq imkanları məhdudlaşacaq, idxalda ağırlıq digər ölkələrə salınacaq.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR