İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bayer” 15 nəfərlə oynayacaq?

4197 06.03.2024 10:01 Yazarlar A A

 

Kənd yerində yeniyetmələr otluq, çəmənlik görən kimi mütləq güləşirlər. Onlardan hansı süpürləşmə meydançasını öncədən tikandan, çınqıldan təmizləyirsə, bu, onun yıxılacağının ilk siqnalıdır. Demək, həmin yeniyetmənin məğlub olacağına dair ehtimalı güclüdür, fikirləşir ki, barı yıxılanda belinə tikan batmasın, böyrünü daş-kəsək əzməsin.

İndi biz də dünəndən o durumdyıq. “Qarabağ”-“Bayer” matçını fransız hakim Benua Bestiyenin idarə edəcəyini öyrənincə güləşəcəyimiz meydançanı daş-kəsəkdən, tikandan-filandan artlayırıq, deyirik ki, fransızların bizə münasibəti pis olduğuna görə Benua oyunun taleyini dəyişdirəcək, bizi uduzduracaq.

Əslində “Qarabağ”ın püşkünə “Bayer” çıxan saniyədən (məhz saniyədən) bizim futbol mütəxəssislərinin, eləcə də azarkeşlərin 99 faizi növbəti mərhələdən əllərini üzüb, qara günlərini qablayıblar, məğlubiyyətin qaçılmaz olduğunu deyirlər.

Təvazökarlıqdan Leverkuzen qədər uzaq olsa da, deyim ki, mən və həmkarım Aydın Can əksini düşünən 1 faizin içindəyik, güman ki, deputat Aqil Abbas da bizimlə həmfikirdir. Bu məsələyə sonrakı abzaslarda bir daha qayıdarıq.

İndi ondan bəhs edək ki, fransız hakimlər FİFA-nın, eləcə də UEFA-nın ən pis, ən qərəzli, ən ədalətsiz hakimləridir. Onların 99 faizini satasan, italyan Pyerluici Kollinaya yedirəsən. Əsl hakim o idi. Heç vaxt heç kim onun idarə edəcəyi matçın taleyindən quşqulanmazdı. Kollina penalti təyin edər, bir adam mıqq eləməzdi, hansısa oyunçuya qırmızı kart göstərsə, oyunçu başını qaldırıb “vuay” deməzdi, dinməz-söyləməz meydançanı tərk edərdi. Hamı bilirdi ki, Pyer kişi ədalətlidir.

Futboldakı fransızlardan danışarkən isə təkcə Mişel Platininin adını çəksək, bəs edər. Korrupsionerin yekəsiydi, futbol təsərrüfatından milyonlar çırpışdırmışdı. 2016-cı ildə onu az qala tutub basacaqdılar türməyə, 15 saat sorğu-sual edəndən sonra buraxdılar. Şübhə vardı ki, 2018-ci il mundialını məhz o, Rusiyaya satıb. Amma ya onun boynuna bir şey qoya bilmədilər, ya da pulunu alıb buraxdılar. Heç deyən də olmadı ki, belə dürüst idisə, FİFA prezidenti Yozep Blatter onun bank hesabına 2 milyon dolları niyə, hansı xidmətinə köçürmüşdü.

Xüləseyi-kəlam, yəni fransız siyasilərə, hakimlərə etibar yoxdur, 3 ildən çoxdur ki, bizdən də ellikcə zəhlələri gedir – iqtidarlı-müxalifətli. Elə bilirlər, Ermənistanın 7 rayonunu tutmuşuq, 30 il işğalda saxlamışıq, söküb-daşımışıq, yandırıb-dağıtmışıq. Başa salmaq da mümkün deyil.

Ona görə də onlardan ədalət gözləməyək. Vallahi, “Bayer”dən 1:0 öndə olsaq, 97-ci dəqiqədə qapımıza penalti verəcək ki, heç-heçə olsun, almanlar Bakıdan xalsız getməsin.

Bu, heç. “Bayer” isə çox güclüdür, Almaniya liqasında önünə çıxanı çiləyir. Amma əgər bu komanda hazırda Çempionlar Liqasında yox, Avroliqada oynayırsa, demək, məşhur ifadə ilə desək, şeytan qorxulduğu qədər də qorxunc deyil. Əjdaha komandalar ÇL-dədir.

İndi gələk bu “qorxunc” komanda ilə “Qarabağ”ın qarşılaşmasına.

Bildiyimə görə, “Bayer” meydançaya 11 nəfərlə çıxacaq. Səhih məlumata görə, “Qarabağ”dan da oyuna 11 nəfər çıxmalıdır. Qonaq komandanın oyunçularının hamısı futbolçu olacaq. Bizdən də meydançaya bərbərlər, taksi sürücüləri, təkərqaraldanlar, jurnalistlər, meyxana deyənlər çıxmayacaq, bizdən də peşəkar futbolçular çıxacaq. Dünyanın parasını qazanırlar. Yox, əgər “Bayer”dən oyuna 15-20, bizdən isə 8-9 oyunçu çıxsaydı və onlar peşəkar, bizimkilər həvəskar futbolçu olsaydı, deyərdik, qüvvələr qeyri-bərabərdir.

“Qeyri-bərabər qüvvələr” söhbəti müharibədə olur. Bir tərəfdə döyüşə 100 min əsgər girir, o biri tərəfdən 50 min, birində 500 tank olur, o birində 200 tank, qırıcı təyyarə və topların sayında da fərq olur. Bax, qüvvələrin qeyri-bərabər olması budur. Hərçənd köhnə vaxtlarda azsaylı orduyla daha böyük orduya qalib gələn qoçaq sərkərdələr və əsgərlər də olub, amma bu, başqa söhbətin mövzusudur.

İndilikdə məsələ odur ki, sayca qüvvələr bərabərdir. Yemək-işməklərində, butsularının, formalarının markasında da fərq yoxdur. Dərilərinin rəngi də, demək olar ki, eynidir. Almanların da yarısı qaradərilidir, bizimkilərin də.

Fərq yalnız ustalıqdadır. Bu ustalıq deyilən şey isə məşqlə, əzmlə, ardıcıllıqla, təcrübə ilə əldə olunur. Bizimkilər də zəhmət çəkib daha yaxşı məşq etməli, hazırlaşmalıdırlar, usta olmalıdırlar, Platini kimi şərflərini qapının “doqquzluğ”una bağlayıb, topla onu nişan almalı, cərimə zərbəsi vurmağı öyrənməlidirlər.

Bir məsələ də var: “Bayer”in oynadığı liqa çox güclüdür, özünə bab komandalardır. O, “Bavariya” ilə, “Şalke”ylə, “Verder”lə oynayır, “Qarabağ” isə.. yaxşısı budur ad çəkməyim, aşağlamaq kimi çıxar.

Uzun sözün kəsəsi, rəqib nə qədər güclü olur-olsun, yıxılmağı gözə almaq, meydana məğlub olmaq üçün çıxmaq olmaz. Kişi kimi oynamaq, aslanlar kimi çarpışmaq, topa qartal kimi şığımaq lazımdır. Belə oyunlarda qələbəni ustalıqla yanaşı, qorxmazlq və əzmkarlıqla qazanmaq olur.

“Bayer”i Bakıda bay edərik, inşallah. Etməsək də, canımız sağ olsun, təcrübə toplamış olarıq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR