İnsanlara hürriyət, millətlərə istiqlal!

Bavurum Qazaxıstan, Qardaşım Azərbaycan!

1757 15.08.2022 18:44 Yazarlar A A

 

 

Azərbaycanla Qazaxıstan ortaq keçmişə malikdir. Biz bir qoca (uca) çinarın budaqları, eyni kökə, eyni dilə, dinə malik qardaşlarıq. Xəzər bizim ortaq dənizimizdir. Aramızdan Xəzər keçir, amma aramızdan su keçməz..

Yüz il öncələrdə Qazaxıstan Alaş Ordaçıları ilə Azərbaycan Cümhuriy­yətçiləri eyni Günəşə baxır, eyni Aya təsəlli edirdilər. Sovet dönəmində Dinmühəmməd Kunayevlə Heydər Əliyevin dostluğu örnək sayılırdı. Heydər Əliyevin Sov.İKP MK bürosunda Qazaxıstana yeni rəhbər təyinatında Gennadi Kolbinin (Gennadi Vasilyeviç Kolbin; 08.05.1927, Nijni Tagil, Ural – 15.01.1998, Moskva; sovet siyasətçisi) əleyhinə çıxan yeganə insan olması və Qorbaçovla aralarında ixtilaf yaranması yaxın tarixdən bəllidir. Heydər Əliyev o vaxtlar Qazaxıstan Nazirlər Kabinetinin sədri olan Nursultan Nazarbayevin namizdəliyini təklif edir, onun perspektivini görürdü. Məlumunuz: G.Kolbin Qazaxıstanın qısamüddətli (16.12.1986–22.06.1989) uğursuz rəhbəri oldu, Almatıda Jeltoksan hadisələri baş verdi və qışın oğlan çağında qazaxların qanı axıdıldı...

Haşiyə: O illərdən danışarkən bir şairin adını xatırlamadan keçmək günah olar: o, Muxtar Şaxanovdan başqası deyil! O məsuliyyətli günlərdə Qazax xalqının sevilən fikir adamı, görkəmli şair Muxtar Şaxanov bir şair-tribun olaraq xalqın istəklərini bütün rəsmi qurumlara, Kremlə gur səslə ismarlayırdı. Bu ilin iyun ayında Qazaxıstanın Əmək Qəhrəmanı adına layiq görülmüş Xalq şairi, necə deyərlər, adi meydan natiqlərindən yüksək (şüurlu və peşəkar) vətəndaş mövqeyi və sənətkar cəsarəti ilə fərqlənirdi. Onun keçmiş SSRİ parlamentinin tribunasına çıxıb, qanlı Jeltoksan olayları haqqında həqiqətləri açıqlaması xalq ruhunun bir sənətkarda təcalla edən cəsarətiydi...

Nəhayət Qazaxıstan öz dövlət müstəqilliyini qazandı. Jeltoksan hadisələrinin qurbanlarına Almatıda abidə ucaldıldı, xalq o qandonduran soyuqda meydana çıxan isti ürəkləri heç vaxt unutmur. 16 dekabr – Qazaxıstanın Müstəqillik Günüdür. Bu rəsmi bayram  günü 16.12.1991-ci ildə Qazaxıstan Respublikası Ali Sovetinin 1008-XII saylı Qərarı ilə “Qazaxıstan Respublikasının dövlət müstəqilliyi haqqında” konstitusiya qanunu qəbul edilməsini və həm də 1986-cı ildə keçmiş Brejnev (indiki Respublika) Meydanında Kolbin hökumətinə qarşı, Jeltoksan etirazlarının anım günü kimi qeyd olunur.

Müstəqil Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 30.08.1992-ci il tarixində yaradılıb. Nə xoş təsadüfdür (təvafüqlükdür) ki, 30 avqust həm də Qazaxıstan Respublikasının Konstitusiyası Günüdür. Beləliklə, qardaş respublikalarımız arasında diplomatik münasibətlərin yaranmasının 30-cu ildönümü ərəfəsindəyik. Qutlu olsun!

09.01.1993-cü ildə Qazaxıstan Respublikasının Azərbaycan Respublikasında, 01.03.2004-cü ildə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında səfirliyi fəaliyyətə başlayıb. Azərbaycanın Almatı və Aktauda konsulluqları da mövcuddur.

13.12.2005-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb. Hazırda işçi qrupunun rəhbəri MM-in vitse-spikeri Adil Əliyevdir. Üzvlərinin sayına görə müsbət anlamda fərqlənən qrupun 29 üzvü var.

İndiyədək iki ölkə arasında siyasi münasibətlərdə demək olar, heç bir problem yaranmayıb. 01-02.03.2004-cü il tarixdə Qazaxıstan Prezidenti N.Nazarbayevin dəvətilə Azərbaycan Prezidenti İ.Əliyevin Qazaxıstana və 24-25.05.2005-ci il tarixdə Azərbaycan Prezidentinin dəvəti ilə Qazaxıstan Prezidentinin ölkəmizə rəsmi səfərlərindən sonra qardaşlıq, qonşuluq münasibətlərimiz keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

Qazaxıstanda Azərbaycan diasporu 

Rəsmi bilgilərə görə Qazaxıstanda yüz min (qeyri-rəsmi bilgilərə görə bundan üç qat çox) azərbaycanlı yaşayır. Qazaxıstanda yaşayan azərbaycanlılar elm, incəsənət, kənd təsərrüfatı, kiçik, orta biznes və b. əməli çalışma sahələrində örnək fəaliyyət göstərir. Azərbaycan kökənli Qazaxıstan vətəndaşları bu respublikasının ictimai-siyasi həyatında da yaxından iştirak edir, dövlət orqanlarında təmsil olunur. Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının sədri Əbülfəz Xamedov Qazaxıstan parlamentinin üzvüdür.

Azərbaycanlılar Qazaxıstan Respublikasının qanunlarına uyğun olaraq özlərinin bir neçə milli-mədəniyyət təşkilatını yaradıb. XX yüzilin 90-cı illərindən etibarən Almatıda “Turan”, Aktöbe vilayətində “Dostluq”, Jambul vilayətində “Azəri”, Günbatar Qazaxıstan vilayətində “Birlik”, Qarakanda vilayətində “Namus”, Kustanay vilayətində “Heydər”, Pavlodar vilayətində “Vətən” və b. Azərbaycan mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Azərbaycanlılar “Qazaxıstan Xalqı Assambleyası”nda uğurla təmsil olunur. Yuixarıda adıkeçən cəmiyyətlər “Qazaxıstan Xalqı Assambleyası”nın fəal üzvüdür.

Paytaxt Nur-Sultanda diasporun çoxsaylı nümayəndələrini ətrafında birləşdirməyi bacarmış “Xəzər” Milli-mədəniyyət Mərkəzi fəaliyyət göstərir. “Xəzər”in təsis etdiyi beynəlxalq ictimai-siyasi “Turan-ekspress” qəzeti ayda bir dəfə qazax və rus dillərində gün üzü görür. Azərbaycanın müvafiq Dövlət Komitəsinin dəstəyi ilə Qazaxıstanın Taldıkurqan şəhərində “Naxçıvan”, Jambul vilayətinin Şu rayonunda (“Yeni yol” kəndində) “Nəsimi” Azərbaycan Mədəniyyət Mərkəzi yaradılıb, habelə Nur-Sultan, Almatı, Taldıkurqan, Karaqanda şəhərlərində Azərbaycan dilində “Bazar günü” məktəbləri açılıb.


Ədəbi ilişkilər

Son illər Azərbaycanla Qazaxıstan arasında ədəbi əlaqələr xeyli güclənib.

Xalq şairi Oljas Süleymenovun müxtəlif əsərləri Azərbaycanda dəfələrlə gün üzü görüb. Görkəmli Qazax şairi Azərbaycanın yüksək dövlət təltifləri – “Dostluq”, “Şöhrət”, “Şərəf” ordenlərinə layiq görülüb, onun yubileyləri respublikamızda təntənə ilə qeyd olunub.

Məmnuniyyətlə vurğulayırıq ki, bu sətirlərin müəllifinin biləvasitə iştirakı ilə “Yeni Qazax şeiri antologiyası” Bakıda (2017), “Yeni zaman Azərbaycan şeiri” antologiyası Qazaxıstan paytaxtında (2018) gün üzü görüb. Ustad Oljas Süleymenovun, ustadlar ustadı ABAYın bugünkü mənəvi varislərinin Qazaxıstana, Türk dünyasına, ümumən həyata, insanlara, təbiətə, qutsallıqlara baxışı antologiyada önəmli dərəcədə təcalla edir.

Qazaxıstanın əməkdar incəsənət xadimi, Almatıda yaşayan ustad uyğur yazıçısı Əhmədcan Əşiri 2020-ci  ildə AYB-nin fəxri üzvü seçilib. Ə.Əşirinin “İDİKUT” romanı 2020-ci ilin yanvarında Azərbaycanda nəfis tərtibatla nəşr olunub. Ondan 1 il öncə Rahımcan Otarbayevin “Baş” romanı da Bakıda gün üzü görüb. Hər iki kitab Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) xətti ilə nəşr olunub.

AYB-nin bütün orqanları Türk dünyasına, o sırada Qazax ədəbiyyatına ürəkgenişliyi ilə meydan verib. “Ulu Çinar” dərgisi isə biləvasitə Türk dünyası ədəbiyyatına xidmət edir.

“İLESAM-Azərbaycan”ın vasitəsi ilə Orta Asiyadakı, o cümlədən Qazaxıstan kitabxanalarına çoxsaylı kitab bağışı aksiyası keçirilib. Bu ilin 26-28 may tarixlərində keçirilmiş “I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı”nda qazax yazıçıları uğurla iştirak etdi.

Milli Məclisin Mədəniyyət Komitəsi, Azərbaycanda ATATÜRK Mərkəzi, AMEA Ədəbiyyat İnstitutu (özəlliklə Türk ölkələri, topluluqları ilə işə məsul şöbələri), Sumqayıtdakı Əli Kərim adına Poeziya Evi, uyğunprofilli İctimai birliklərimiz, özəlliklə DGTYB, Mahmud Kaşqari Fondu, ATXƏM (“Birlik” dərgisi), “Vektor” (“Bayatı” dərgisi), Beynəlxalq Türk Müəllifləri Birliyi (BeyTüM), “Türk dünyası İnfo” İB, KİV-lərimiz AzTV (keçmiş “TURAN” və indiki “Türk dünyası” proqramı), “Qafqaz” TV, “Vision” TV, “edebiyyatveincesenet.az”, bizimyazi.az, “bayraqdar.info”, “dilimizvarli­qi­miz.az, “manera.az” və b. saytlar, “525-ci qəzet”, “Ədalət”, “OLAYLAR”, “Türküstan qəzeti”, “Xalq cəbhəsi”, “Kaspi”, “Kredo” qəzetləri, “Ustad” dərgisi, “Yeni Müsavat” media qrupu, eləcə də, “Azərbaycan Nəşriyyatçıları” İB, “QANUN” Nəşrlər Evi və b., hətta sırf ədəbiyyat, mədəniyyət və Türk dünyası profilli olmasa da, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB, “NƏFƏS” İB ötən illər, aylar içində, sözün ən müsbət anlamında, Qazaxıstan (Türk dünyası) deyib, Qazaxıstan (Türk dünyası) eşidib…

Qazaxıstandan Azərbaycana ən çox diqqət ayıran qurum və quruluşlara misal olaraq bu ünvanları göstərə bilərik:

Qazaxıstan Yazıçılar Birliyi (özəlliklə, Birliyin Nur-Sultan təmilçiliyi), Türk Xalqları Ədəbi ilişkilərini gəliştirmə” Vəqfi, “JALIN” dərgisi, “Simurq” dərgisi, “BİLİK Times” dərgisi, əlbəttə, Ə.Yəsəvi adına Qazax-Türk Universiteti və b.

Heç şübhəsiz, ortaq türk qurumu Beynəlxalq Türk Akademiyasını da unutmuruq. Türk Akademiyası Nur-Sultandan Türk dünyasına doğan Günəş kimidir...

Əgər Qazax ədəbiyyatı üzrə son illər ən məhsuldar şəkildə çalışmış alimlərimizin adını çəkəsi olsaq, bir neçə isim önplana çıxar: akademiklər İsa Həbibbəyli, Nizami Cəfərov, professorlar Ramiz Əskər, Firuzə Ağayeva, Elman Quliyev, dosentlər Təranə Turan Rəhimli, Mehman Həsənli, dr. Turan Teymur, dr. Gülnar Səma (Qaslmlı), şairlər Rəsmiyyə Sabir, İbrahim İlyaslı, Elxan Zal, bu sətirlərin müəllifi və b.

ABAY

Bakı Dövlət Universitetində ABAY Kunanbayev adına Qazax Mərkəzi fəaliyyət göstərir. Bakının Binəqədi rayonunda ABAY adına küçə vardır.

Azərbaycanlı filoloq, şair, dramaturq, publisist, ədəbiyyatşünas Cəmil İbrahim oğlu Ağayev (1906, Şuşa – 1975) ABAY Dağlı imzası ilə yazıb-yaradıb. (1941-45-ci illər müharibəsinə cəlb edilmiş ABAY dağlı ön cəbhədə əsir düşüb, orada vətəncanlı həmvətənləri ilə birgə milli legiona qoşulub. Müharibə bitəndən sonra Türkiyəyə keçən ABAY Dağlı, ömrünün sonlarına qədər mühacir kimi  yaşayıb).

Akademik ədəbiyyatşünaslıq baxışına istinad etsək, “Qazax ədəbiyyatının klassiki ABAYın şeirlərində öz əksini tapmış ictimai mətləblər XIX yüzil Azərbaycan ədəbiyyatında Abbasqulu ağa Bakıxanovdan Qasım bəy Zakirə və Seyid Əzim Şirvaniyədək ifadə olunan ictimai və maarifçi problemlərlə oxşardır.

...Qazax tayfalarının parçalanması haqqındakı şair-vətəndaş narahatlığı ABAYın əsərlərində aparıcı xətlərdən birini təşkil edir”. Bu yerdə, “İki bölünməkdən elə qorxmuşam, çöpü də ikiyə bölmərəm daha” deyən Söhrab Tahirin şair baxışı yada düşür. Türk şairi hansı dönəmdə harada yaşamasından asılı olmayaraq, onların yaradıcılığında, ağrılı mövzulara baxışında oxşar kod, eyniqaynaqlı dalğalarla rastlaşırıq...

Söz vaxtına çəkər

Bundan 27 il öncə, 09 avqust 1995-ci ildə Almatıda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin böyük Qazax şairi ABAY Kunanbayevin 150 illik yubileyində iştirak edən dövlət başçılarının və nümayəndə heyətləri rəhbərlərinin şərəfinə təşkil olunmuş rəsmi qəbuldakı nitqindən bu cümlələrə diqqət edək:

“Əziz dostlar!

Qazaxıstanın hər yerindən, dünyanın bir çox ölkəsindən biz hamımız, o cümlədən prezidentlər, hökumət başçıları, müxtəlif nümayəndə heyətlərinin rəhbərləri buraya qazax xalqının görkəmli oğlu ABAY Kunanbayevin 150 illiyini qeyd etmək üçün toplaşmışıq. Bu, çox böyük əhəmiyyəti olan hadisədir. Biz buraya ABAY yaradıcılığına, ABAY şəxsiyyətinə, ABAY irsinə rəğbət hisslərimizi, ABAYın varislərinə, Qazaxıstan xalqına, qazax xalqına səmimi və dostluq hisslərimizi bildirmək üçün gəlmişik. Bugünkü şənliklər ABAYın vəsiyyətlərinin, onun arzularının, yazdıqlarının, öz xalqına tövsiyələrinin, xalqın ondan öyrəndiyi idealların necə uğurla həyata keçirilməkdə olduğunu parlaq şəkildə nümayiş etdirir. Bu, böyük səadətdir.

Mən bu gün, saraydakı çıxışımda dedim ki, 25 il bundan əvvəl ilk dəfə Qazaxıstanda olmuş və Azərbaycan xalqı adından Qazaxıstan xalqını təbrik etmişdim. Əsrin dörddə biri qədər vaxt keçmişdir. Qazaxıstan xalqı tərəqqi etmiş, qol-qanad açmış, özünün bütün ərazisinin, bütün çöllərinin, bütün torpaqlarının sahibi olmuşdur. İndi Qazaxıstan müstəqil dövlətdir. Qazax xalqı öz taleyinin sahibidir və öz məsələlərini istədiyi kimi həll edir. Böyük ABAY bunu arzulayırdı. Böyük ABAY öz xalqına bunu diləyirdi. Bu arzu, dilək həyata keçmişdir. Bu şənliklər də ABAYın vəsiyyətlərinin təntənəsi, sonrakı nəsillərin inkişaf etdirdikləri, artırdıqları və bu gün belə geniş miqyasda intişar tapan fikirlərin təntənəsidir”.

Azərbaycan maarifçi demokratlarının öz dövründəki fəaliyyətləri sonuc etibarı ilə Xalq Cümhuriyyəti ideyasına gətirib çıxardığı kimi, ABAY və ondan sonrakı aydınların yaradıcılığı, çağırışları da Alaş Ordaya gətirib çıxardı. Hər iki ölkədə şairlərin, irəligörüşlü aydınların xalqa üztutmaları, çağırışları milli-mənəvi özünüdərk sürəci başlatdı və öz məntiqi sonucunu verdi. Müstəqil Qazaxıstan, müstəqil Azərbaycan əcdadımızın diləklərinin çin olması, bugünkü nəsillər üçün qürur qaynağı, gələcək nəsillər üçün müqəddəs əmanətdir!

 

DÖVLƏTLƏRİMİZ, QARDAŞLIĞIMIZ ZAVAL GÖRMƏSİN!

 

Əkbər QOŞALI,

Beynəlxalq “Alaş” Ədəbiyyat Ödülü laureatı,

 

Erkinbek SERİKBAY,

“Türk xalqları arasında Ədəbi ilişkiləri gəliştirmə Vəqfi” başqanı

(Almatı, QAZAXISTAN)


 

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR