İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş həkim və direktorların zərərçəkmiş olduğu cinayət işi- Jurnalist daha əvvəl hərbi hissədən qaçıbmış

4165 27.04.2022 13:15 Kriminal A A

Bakıda baş həkimi və iki məktəb direktorunu şantaj etməkdə ittiham olunan Azinfo.tv və Sheffaf.az xəbər portalının rəhbəri Namik Əmrahovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

Musavat.com xəbər verir ki, Namik Əmrahov 1998-ci ildə hərbi xidmətdə olan zaman oranı özbaşına tərk etdiyi üçün 6 il azadlıqdan məhrum edilib. 1999-cu ildə amnistiya qərarı çıxarıldıqdan sonra cəzasının müddəti azaldılıb və 2001-ci ildə azadlığa çıxıb. Dediyinə görə, 2013-cü ildən də jurnalist olmağa qərar verib.

Əvvəlcə “Real həyat” və “Dəqiq məlumat” qəzetlərində redaktor kimi işlədikdən sonra Azinfo.tv saytını açıb.

Cinayət işi materiallarında göstərilir ki, Namik əvvəlcə 36 nömrəli Şəhər Poliklinikasının baş həkimindən hədə-qorxu ilə pul tələb edib. Bunun üçün baş həkimə zəng edərək saytı üçün maddi dəstək tələb edib. İmtina cavabı alanda isə onun barəsində yazılar yazacağını deyib.

Baş həkim Ramidə İbrahimova ilk dəfə 30 manat Namikin kartına pul köçürüb. Amma bu məbləğ Namiki qane etməyib və əlavə 70 manat da tələb edib. Bundan sonra pul tələb etmə mütəmadi hal alıb.

Baş həkim deyir ki, Namik ona bayramlarda da zəng edərək 100 manat istəyib. Sonuncu dəfə isə 500 manat tələb edib. Bildirib ki, əgər pulu ödəməsə onu izləyəcək və barəsində yazılar yazacaq. Bundan sonra baş həkim hüquq mühafizə orqanlarına müraciət edib.

İşin maraqlı tərəfi budur ki, Namik Əmrahov baş həkimi qardaşının Qubada baş tutacaq toyuna da dəvət edib. Baş həkim toya gedə bilmədiyi üçün 200 manat pul göndərib.

Namik Əmrahovun əməllərindən zərərçəkənlərdən biri də 89 saylı məktəbin direktorudur. Direktor ifadəsində bildirib ki, Namik ona zəng edərək maşını necə aldığını, niyə başqa direktorların yox, məhz onun şəklinin Suraxanı bələdiyyəsinin saytında olduğunu deyərək onu hədələyib. Bu məqsədlə xanım direktordan bir neçə dəfə pul alıb. Namik Əmrahovdan şikayətlərin edildiyini eşidəndə xanım direktor da ondan şikayətçi olub.
Şamaxı rayonu Çuxuryurd kənd tam orta məktəbinin direktoru da zərərçəkmişlər arasındadır. Namik Əmrahov direktora zəng edərək yeni sayt açdığını, maddi dəstək göstərməsini tələb edib.

Direktor barəsində rüsvayedici yazılar yazacağını deyən Namik Əmrahov bir neçə dəfə pul ala bilir. Hətta Novruz bayramında zəng edərək direktordan onu təbrik etməsini də tələb edib. Təbriki də pul olaraq istəyib.

Namik Əmrahov pul aldığı şəxslərə kart hesabı olaraq qardaşının bank kartını göndərirmiş.

Zərərçəkmiş kimi tanınan baş həkim və direktorlar pullarını geri aldıqlarını, Namik Əmrahovdan şikayətçi olmadıqlarını deyiblər.
Dəmir barmaqlıqlar ardında olan Namik isə yalnız baş həkimdən pul tələb etdiyini deyib.

İstintaq materiallarında N.Əmrahovun əməllərini sübut edən telefon danışıqları, mesajlar yer alıb.
Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə Namik Əmrahov Cinayət Məcəlləsinin 182.2.2 (təkrar törədilməklə hədə-qorxu ilə tələb etmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilib.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR