İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıya “Beşli masa” təhlükəsi - Paşinyanla Makronun yeni kələyi nə?

1863 11.05.2023 10:28 Siyasət A A

Qərb İrəvanı tezliklə “Qarabağ şərti”ndən imtinaya vadar etməsə, danışıqların anlamı qalmayacaq; vasitəçi bolluğu Ermənistanın xeyrinədir, çünki...

Ermənistanın öz qonşularını qoyub uzaq paytaxtlarda uğursuz sülh axtarışı, qlobal güclər arasında təhlükəli oyunları davam edir. Maraqlı həm də odur ki, baş nazir Nikol Paşinyan İrəvanda öz xalqına bir, Moskvada ruslara ayrı, Vaşinqton və Avropada isə qərblilərə tamam başqa söz deyir, vədlər verir. Yəni siyasi qeyri-ciddilik məsələsi. 

Hələ utanmadan erməni rəsmilər bunu çevik diplomatiya adlandırırlar. Hansı “diplomatiya” ki, Ermənistanı faktiki bir-birinə qənim kəsilmiş güclərin poliqonuna çevirib. Bu yolla erməni toplumu sözsüz ki, heç vaxt arzuladığı rifaha və təhlükəsiz yaşama qovuşmayacaq. Ona görə ki, Güney Qafqazda ədalətli və daimi sülhün, qarşılıqlı əməkdaşlığın və dinc-yanaşı mövcudluğun sadə formulu çoxdan bəlli: bir-birinin, xüsusən də Ermənistanın öz qonşularının ərazi bütövlüyü və suverenliyini qeyd-şərtsiz tanıması. Bakının İrəvana təklif elədiyi 5 məlum baza prinsipinin qayəsində məhz bu durur. 

Amma kapitulyant ölkə qonşularına, özəlliklə Azərbaycan və Türkiyəyə qarşı yenidən destruktiv, barıt qoxulu avantürist kurs götürüb. Bunun ən bariz sübutu İrəvanda az öncə terrorçu “Nemezis” qruplaşmasına ucaldılan abidə sayıla bilər. Belə bir zehniyyət yiyəsi olanların ədalətli sülhdən dəm vurması əlbəttə ki, nonsensdir.

***** 

Ancaq rəsmi Bakı sülh gündəliyinə sadiqdir və hələ ki təmkinlə dialoq kursunu davam etdirir - ortada böyük nəticə olmasa da. Ona görə ki, İrəvan sülh müqaviləsi üçün “Qarabağ şərti”ndən əl çəkmək istəmir. Bunu da həyasızcasına Bakının guya Qarabağda erməni əhaliyə qarşı “etnik təmizləmə” aparmağa hazırlaşması ilə əlaqələndirməyə çalışır. 

Sülh sənədi üçün digər şərt qismində İrəvan Azərbaycan Ordusunun “Ermənistan ərazisindən çıxması” vacibliyini bəyan edir - baxmayaraq ki, silahlı qüvvələrimiz öz ərazimizdədir - bundansa, Qarabağdakı 10 minlik qanunsuz silahlı birləşmələri ərazimizdən çıxarmaq əvəzinə.

Şübhə yox ki, Azərbaycan tərəfi mayın 14-dəki Brüssel görücü zamanı bu məsələni bir daha bütün ciddiliyi ilə Ermənistan rəhbərliyinin və vasitəçi qismində Avropa Şurasının Prezidenti Şarl Mişel qarşısında qaldıracaq. Yeri gəlmişkən, bu, Ş. Mişelin vasitəsi ilə üçlü formatda reallaşacaq 5-ci görüş olacaq.

Xəbər verildiyi kimi, daha 17 gün sonra - iyunun 1-də Azərbaycan və Ermənistan rəhbərləri - İlham Əliyev və Nikol Paşinyan Kişinyovda, Avropa Siyasi Birliyinin növbəti sammiti çərçivəsində bir araya gələcəklər. Bu dəfə 3 + 2 formatında: Əliyev-Paşinyan-Mişel-Fransa Prezidenti Emmanuel Makron-Almaniya kansleri Olof Şolts. Şarl Mişel həmçinin 2023-cü ilin oktyabrında Qrenadada keçiriləcək növbəti sammit çərçivəsində Ermənistan, Azərbaycan, Fransa və Almaniya liderlərini ikinci dəfə görüşməyə dəvət etmək niyyətində olduğunu anons edib.

*****

Makron, Şolts və Draqi Kiyevə gedirlər - AzToday

Bəs Makronla Şoltsa nə ehtiyac, onlar haradan çıxdı?

Bəzi siyasi müşahidəçilərə görə, Fransa Prezidentinin görüşlərə “pərçim” edilməsi məhz Paşinyanın özünü “rahat” hiss eləməsi naminə qərara alınıb. Lakin Bakıda qıcıq yaratdığı üçün “balans” xətrinə alman kanslerinin iştirakı da məqbul sayılıb. Hərçənd rəsmi Berlini Azərbaycan-erməni məsələsində tam qərəzsiz saymaq mümkün deyil.   

Məsələ ondadır ki, bu ilin martında O.Şolts Berlində səfərdə olan Nikol Paşinyanla keçirdiyi birgə mətbuat konfransı zamanı “Dağlıq Qarabağ konflikti öz müqəddəratını təyinetmə hüququ əsasında həlini tapmalıdır” deməklə böyük qələtə yol vermiş, faktiki ermənipərəst mövqe sərgiləmişdi. Doğrudur, Bakının etirazından sonra Almaniya hökumətinin saytından kanslerin bu xətalı fikri silindi. 

Olaydan cəmi on gün sonra isə Prezident İlham Əliyev Almaniyaya getdi və bu dəfə kansler tam ədalətli yanaşma ortaya qoydu. Ancaq məlum xoşagəlməz faktın ikitərəfli münasibətlərdəki “çapığı” qaldı. Hərgah, bu da var ki, 44 günlük müharibədən sonra Fransa və ABŞ-dan fərqli olaraq, Almaniya səfiri Şuşanı ziyarət edib.

İlham Əliyev İrana XƏBƏRDARLIQ ETDİ

Bütün hallarda, əlbəttə ki, vasitəçi bolluğu işin xeyrinə deyil. Çünki hər vasitəçi dövlətin öz marağı var. Bunu biz ən azından ATƏT-in Minsk Qrupunun 27 illik uğursuz vasitəçiliyindən yaxşı bilirik. Vasitəçilərin çoxluğu eyni zamanda Ermənistanın əlinə işləyir, nədən ki, maraqlar toqquşması İrəvana özünün əsassız şərtlərini gündəmdə saxlayıb vaxtı uzatmaq şansı yaradır...

*****

“Əslində Brüssel görüşü ötən ilin dekabrında olmalı idi, Fransa Prezidenti Emmanuel Makron işi pozdu. Makron görüşə qatılmaq istədi. Azərbaycan Prezidenti Makronun ermənipərəst açıqlamalarına görə dördlü görüşdən imtina etdi”.

Bunu politoloq Elxan Şahinoğlu qeyd edib. 

Kişinyovda 3+2 formatında görüşlə bağlı gözləntilərə gəlincə, o bildirib: “Rəsmi Bakı bu xəbəri hələ təsdiq etməyib. Əgər xəbər doğrudursa, Almaniya kanslerinin görüşə qatılması rəsmi Bakının təklifinə oxşayır. Fransa Prezidenti israrla görüşdə iştirak etmək istəyirsə və Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel buna etiraz edə bilmirsə, məsələlərə nisbətən neytral mövqedən yanaşan Almaniyanın qatılması alternativ variantlardan biridir. Əlbəttə, Azərbaycanın Avropada Polşa və Macarıstan kimi strateji tərəfdaşları var, bu ölkələrdən birinin liderinin Makronla yanaşı oturması bizim üçün daha faydalı olardı. Ancaq Almaniya AB-nin lokomotivlərindən biridir və masada Makron varsa, yanında Olaf Şolts oturmalıdır. Ancaq beşli - İlham Əliyev, Nikol Paşinyan, Şarl Mişel, Emmanuel Makron və Olaf Şolts formatında keçiriləcək görüşdən nəticə gözləməyə dəyməz. Ən yaxşısı tərəflər arasında birbaşa dialoqdur ki, Nikol Paşinyan da bundan yayınır”.

*****

Ancaq bir şeyi əminliklə söyləmək olar ki, əgər Brüssel və ya Kişinyov danışıqları zamanı vasitəçilər İrəvanı əsassız “Qarabağ şərti”ndən əl çəkməyə inandırıb konstruktiv mövqeyə kökləyə bilsələr, onda ola bilsin, digər ziddiyyətlərin aradan qaldırılması üçün əlverişli zəmin yaransın və həqiqətən sülh əldə olunsun. 

Mümkün olacaqmı? Bunu qarşıdakı üç həftə ərzində biləcəyik...

Siyasət şöbəsi,
“Yeni Müsavat” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR