İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının ultimatumu reallaşır - erməni icması ilə dialoq başlayır

3982 23.02.2023 10:32 Siyasət A A

Bu gün Rusiyanın “desantı” Ruben Vardanyan üçün Qarabağda sonuncu gün ola bilər; politoloq: “Biz erməni icmasının içində beyni tam zəhərlənməyənləri axtarıb tapmalıyıq...” 

Ermənistan mənbələrinə inansaq, bu gün oliqarx-mafioz Ruben Vardanyan uydurma “dövlət naziri” postundan zorən istefaya gedəcək. Bu barədə KİV-lər az öncə, Vardanyan yoxa çıxanda da yazmışdı. Bildirilirdi ki, Moskvaya getdiyi deyilən bu zat ya oradan qayıtmayacaq, yaxud gələndən az sonra “istefaya” gedəcək və ya göndəriləcək.

Proseslər böyük ehtimalla buna doğru gedir. Artıq Rubenə əvəz də tapılıb - oyuncaq qurumun oyuncaq “baş prokuroru” Qurgen Nersisyan. Nersisyanın özü də belə bir təklif aldığını təsdiqləyib. Hərçənd Azərbaycan üçün bir separatçının digəri ilə əvəzlənməsi fərq eləməz. Amma bir var, Qarabağda doğulmuş, orada yaşamış, yəni Azərbaycan vətəndaşı sayılan, dialoq qurmaq istədiyimiz ermənilər, bir də var Vardanyan kimi kənardan xüsusi təlimatla göndərilmiş, aranı daha da qızışdıran, Qarabağa heç bir dəxli olmayan ünsür, Rusiyanın “desantı” .

Üstəgəl, Vardanyan ərazimizdə peyda olan kimi erməni icması ilə Azərbaycan dövləti arasındakı kövrək dialoqu dayanmasına nail olub. Azərbaycana neçə vaxtdır açıq şəkildə meydan oxuyur, vaxtaşırı Bakıya “əlcək” atir, öz çirkli pulları hesabına erməni separatizminə əlavə stimul verir. O səbəbə Azərbaycan dövlətinin, onun rəhbərliyinin onunla bağlı mövqeyi qətidir: Vardanyan Qarabağdan rədd olmalıdır.

Bəs ondan sonra hansı proseslərin dinamikası necə olacaq?

“Vardanyan layihəsi nəinki özünü tükədib, hətta artıq onun müəlliflərinə də ziyan vurur. Çünki bu, Qarabağ ermənilərinin subyektivliyini və müqavimətini artırmaq, erməni əhalisini Qarabağda cəmləşdirmək və Ermənistandan asılılığa alternativ formalaşdırmaq üçün düşünülüb”.

Fərhad Məmmədov: “Azərbaycan münaqişəyə dair beynəlxalq hüququn  fəallaşdırılmasının tərəfdarıdır” 1905.az

Fərhad Məmmədov

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə politoloq Fərhad Məmmədov Minval.az-a açıqlamasında bildirib.

“Digər tərəfdən, Qarabağda hər hansı qeyri-qanuni iqtisadi fəaliyyət dayandırılıb. Buna da Vardanyan layihəsi öz "töhfəsini" verib. Bununla yanaşı, Laçın yolundakı ekoloji aksiya ilə Rusiya sülhməramlı kontingentinin rolu zəifləyib. RSK-nın həm erməni cəmiyyəti, həm də azərbaycanlılar arasında imicinə böyük zərbə dəyib. Bu, əlbəttə ki, Rusiyanı az narahat edir, amma yenə də", - deyə ekspert qeyd edib.

O hesab edir ki, Vardanyanın şəxsiyyəti Rusiyanın özü üçün də toksik olmağa başlayıb: “Ona görə də onun uzaqlaşdırılması ehtimalı var, lakin Qarabağda qalıb-qalmaması Rusiyanın prinsipial mövqeyindən asılı olacaq. Moskvanın isə hələ də Vardanyan kimilərə şərait yaratmaq üçün resursları mövcuddur”.

Danışıqlar prosesinin bərpasına toxunan analitik bildirib ki, artıq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlar prosesinə start verilib. “Ruben Vardanyanın istefasının Laçın yolunda ekoaksiyaya təsir edəcəyini düşünmürəm. Çünki rəsmi səbəb mədənlərin qanunsuz istismarı və Laçın yolundan düzgün istifadə edilməməsi ilə bağlıdır. Müvafiq surətdə Azərbaycan Prezidentinin nəzarət-buraxılış məntəqəsini yaratmaq təklifi Azərbaycanın aksiyanı dayandırmaq və yolu nəzarətə götürməyin şərtidir. Çünki yoldan sui-istifadənin yaratdığı təhlükələr yalnız bu yolla önlənə bilər”, - politoloq vurğulayıb.

Onun sözlərinə görə, Vardanyanın istefasından sonra Bakı ilə Qarabağ erməniləri arasında təmaslar həm regionda bir sıra sosial-iqtisadi məsələlərin həlli baxımından, həm də sülhsevər mövqedən mümkün görünür. “Düşünürəm ki, Azərbaycan bu məsələdə konstruktiv təşəbbüslər irəli sürəcək və biz nəhayət, reinteqrasiya mexanizmlərini görəcəyik. Bunlar əsasən hüquqi və sosial xarakter daşıyacaq”, - deyə o, fikrini tamamlayıb.

“Ermənilər Qarabağda təhlükəsiz şəraitdə yaşamaq istəyirlərsə, Azərbaycan qanunlarını qəbul etməlidirlər, əks halda, bölgəni tərk etməli olacaqlar”.

ABŞ-la Azərbaycan arasında yeganə problem Qarabağ münaqişəsidir” – Elxan  Şahinoğlu

 Elxan Şahinoğlu 

Bunu isə politoloq Elxan Şahinoğlu deyib.

E.Şahinoğlu da Azərbaycan ərazisindəki erməni icması ilə mərkəzi hakimiyyət arasındakı dialoq ehtimalına diqqət çəkib: “Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransındakı çıxışında dedi ki, rəsmi Bakı Qarabağın erməni icması ilə dialoqa hazırdır, ancaq mümkün danışıqlarda icmanı bölgədə doğulan ermənilər təmsil etməlidir. Rusiyadan ixrac edilən Ruben Vardanyanla təmas olmayacaq”.

O zaman Bakı erməni icmasından kim və ya kimlərlə dialoq qura bilər?

Ekspertin fikrincə, Bakının separatçıların özlərinin müəyyənləşdirəcəyi şəxslə danışıqlar aparması da imkansızdır: “Biz erməni icması içərisində beyni tam zəhərlənməyən və mövcud reallıqları qəbul etməyə hazır olan şəxsləri axtarmalıyıq. Ancaq belələrini çətinliklə tapsaq da, bilməliyik ki, onlar əli silahlı separatçıların nəzarəti altında olacaqlar və "təlimatlar"dan kənara çıxa bilməyəcəklər. 1988-ci ildə Qarabağda separatçılıq başlayanda bunun yanlış olduğunu anlayan bir neçə erməni vardı, ancaq onların səslərini batırdılar və bir müddət sonra müəmmalı şəkildə yoxa çıxdılar. Qərbə görüntü lazımdır ki, dialoq mövcuddur. Etiraz etmirik, ancaq şərtimiz də bəllidir: ermənilər Qarabağda təhlükəsiz şəraitdə yaşamaq istəyirlərsə, Azərbaycan qanunlarını qəbul etməlidirlər, əks halda, bölgəni tərk etməli olacaqlar".

Əhməd Əlili: “Əfqanıstandakı təhlükəsizliyin təminatında Çinin rolu artacaq”

Əhməd Əlili

Politoloq Əhməd Əlilinin də maraqlı yanaşması var. Onun qənaətincə, Vardanyan layihəsi Moskvadan kurasiya edilsə də, vəziyyət indi dəyişib: “Əliyev Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin qurulması şərtini qoyub. Kreml isə bunu müzakirə etmək belə istəmir, çünki onlar hesab edirlər ki, bu məsələ Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən müzakirə olunmalıdır. Lakin Azərbaycan məsələni üçtərəfli formatda müzakirə etməkdən imtina etdi. Ona görə ki, bu, ölkəmizin daxili təhlükəsizliyi məsələsidir”.

Politoloqa görə, Azərbaycan Ermənistana tərəf azca meyl eləməklə formatı bir qədər dəyişdirib: “Yəni qonşular arasında sərhəd var və iki ölkə Laçın və Zəngəzur dəhlizlərinin girişində nəzarət-buraxılış məntəqəsi yaratmaqla bir-biri ilə anlaşa bilərlər. Beləcə, Bakı digər oyunçuları kənara itələyir və bu məsələni İrəvanla təkbətək həll edir. Ona görə də indi Rusiyadan reaksiya gözləmək lazımdır. Moskva çalışacaq göstərsin ki, onu iqnor eləmək olmaz. Kremlin gələcək hərəkətləri Cənubi Qafqaz regionunda qüvvələr nisbətinə aydınlıq gətirəcək”.

İstənilən halda, Azərbaycanın bütün variantlar üçün öz “resept”ləri var. Həm də təsirli “resept”lər. Çünki güclü mövqedədir...

Siyasət şöbəsi,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR