İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının nəhəng təmiz enerji layihələri - ilk və mühüm addımlar atılır...

1024 12.01.2023 09:13 İqtisadiyyat A A

Bazar tapmaq çətin olmayacaq; artıq Azərbaycandan ixrac olunacaq enerjinin saziş ölkələrindən kənarda ilkin müştəriləri də bəlli olmağa başlayır

Azərbaycanın yerli telekanallarına müsahibə verən Prezident İlham Əliyev Azərbaycanın qaz və elektrik enerjisi, həmçinin yaşıl enerji potensialı, bu potensialın reallaşdırılması üçün həyata keçirilməyə başlanan layihələr barədə danışıb. Prezident alternativ mənbələrdən elektrik enerjisi istehsalı və ixracının təşkili istiqamətində atılan addımları da qeyd edib: “Dünyanın iki aparıcı şirkəti ilə imzalanmış niyyət protokolları əsasında Azərbaycanda 22 min meqavata qədər günəş və külək elektrik stansiyalarının tikintisi nəzərdə tutulur. Əsas məsələ bunun bundan sonrakı taleyidir - necə ötürüləcək? Çünki biz mövcud elektrik ötürücü xətlərimizi genişləndirməliyik...

Biz qayıdırıq yenə Zəngəzur dəhlizinə. Bizim fikrimizcə, o dəhlizdən eyni zamanda elektrik enerjisi ötürülməlidir. Məhz bu məqsədlə biz Cəbrayıl rayonunda böyük qəbuledici və çevirici stansiya tikirik. Əgər bu layihə reallaşarsa, onda Naxçıvanla Türkiyə arasındakı sərhəddə də bir stansiya tikilməlidir. Eyni zamanda Türkiyə ərazisində ötürücülük imkanları genişləndirilməlidir. Çünki orada da bu qədər enerjini götürmək imkanı yoxdur. Yəni bu, çox qlobal bir layihədir və tam reallaşa bilər".

O vurğulayıb ki, Azərbaycana bu gün milyardlarla dollar investisiya qoyan şirkətlər tam əmindirlər ki, bu enerji həm Azərbaycanda istehlak olunacaq, eyni zamanda ixrac üçün imkanlar yaranacaq.

Prezident bildirib ki, Azərbaycanın qaz sahəsi azı 100 il beynəlxalq bazarlara öz ehtiyatlarını tədarük edəcək, yəni texnologiyalar inkişaf etdikcə, hasilat imkanları artacaq. Buna görə də 2,6 trilyon kubmetr ölkənin potensialının təsdiqlənmiş minimal həcmidir: “Qaz kəmərlərinin hamısının inşa edilməsini nəzərə alsaq, təbii ki, Avropa İttifaqı ilə biz tədarükün artırılmasını hədəfləmişik. Bundan ötrü mövcud qaz kəmərlərinin genişləndirilməsi zəruridir. Ona görə ki, həm TANAP, həm də TAP kəmərləri bizim kontrakt bağladığımız həcmlər üçün nəzərdə tutulub. Biz belə qısa perspektivdə Avropaya tədarükün iki dəfə artırılmasına ehtiyac olacağını nəzərə almamışıq. Yəni xanım Ursula Fon der Lyayenlə imzalanmış sənəddə məhz bu məqam nəzərdə tutulur”.

TANAP VƏ TAP layihələrinin regional təsirləri

Prezident İlham Əliyev əlavə edib ki, bütövlükdə bu il 24 milyard kubmetrə yaxın qaz ixracı gözlənilir: “Buna görə də biz qaz bazarında, o cümlədən Avropa bazarında artıq ciddi aktora çevrilirik. Artıq indi TANAP-ın və TAP-ın buraxıcılıq qabiliyyətinin iki dəfə artırılması barədə düşünürük”.

Qeyd edək ki, Azərbaycanda külək enerjisinin istehsalı ilə bağlı təkliflər 20 ildən yuxarıdır səsləndirilir. 2000-ci illərin əvvəllərində Abşeron yarımadasının külək enerjisi potensialına dair bir neçə araşdırmalar aparılıb. Son illərdə bütün dünyada külək enerjisinə yatırımların sürətlə artması Azərbaycanda bu məsələnin yenidən gündəmə gəlməsinə səbəb olub. Xüsusilə Avropa ölkələrinin dənizdə külək istehsalına başlaması daim küləklərlə zəngin olan Xəzər dənizinin potensialından istifadə məsələsini aktuallaşdırıb. Son 3 ildə bu potensialın müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılmaqla, onun 157 giqavatta bərabər olduğu aydınlaşdırılıb. Bu qədər böyük potensialın reallaşdırılması kifayət qədər iddialı, amma mümkün məsələdir. Çünki dünyada dənizdə külək enerjisi istehsalının maya dəyəri sürətlə azalır. Avropa İttifaqında bu göstərici qazdan alınan enerjidən aşağıdır hazırda. Buna görə də Azərbaycanın Xəzərdə külək stansiyaları quraraq alınan enerjini ixrac etmək planı potensial investorlar tərəfindən real qiymətləndirilməklə ciddi marağa səbəb olub.

Azərbaycan ortamüddətli perspektivdə alternativ mənbələrdən əldə olunan elektrik enerjisinin və yaşıl enerjinin - hidrogenin ixracatçısına çevrilməyi hədəfləyir. Əsas ixrac coğrafiyası olaraq Gürcüstan, Türkiyə və Avropa nəzərdə tutulur. Bu məsələ 2023-cü ilin iyulunda Bakıda Azərbaycanla Avropa İttifaqı arasında imzalanan enerji memorandumunda da əksini tapıb.

Memorandumda nəzərdə tutulan müddəaların icrası istiqamətində ilk real addım 2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması ilə qoyulub. İmzalanma mərasimində dörd ölkənin dövlət başçıları ilə yanaşı, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen də iştirak edib. Sazişlə bağlı danışan Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır: “Azərbaycanın bərpaolunan enerji potensialına gəldikdə, quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Ölkəmizin strateji investorlarının biri ilə biz 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırırıq. Onların 80 faizi ixrac olunacaq. Biz 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı planlaşdırırıq. Beləliklə, yalnız təkcə bir qlobal enerji şirkəti Azərbaycanda 10 qiqavat yaşıl enerjinin istehsalına yatırımlar etməyi planlaşdırır. İki gün əvvəl Azərbaycanın Energetika Nazirliyi digər qlobal enerji şirkəti ilə çərçivə sazişini imzalayıb. Həmin şirkət Azərbaycanda 12 qiqavata qədər külək və günəş enerjisinin istehsalına sərmayə qoymağı planlaşdırır. Beləliklə, Azərbaycan ixracının birinci mərhələsində ən azı 3 qiqavatlıq əlavə ötürmə gücü yaradılacaqdır”.

Məlumat üçün bildirək ki, Prezidentin haqqında bəhs etdiyi strateji investor BP şirkətidir. BP Cəbrayıl rayonu ərazisində günəş elektrik stansiyası quracaq. İkinci memorandum isə Energetika Nazirliyi və Avstraliyanın "Fortescue Future Industries" (FFI) şirkəti arasında imzalanıb. Azərbaycanda bərpa olunan enerji layihələri və “yaşıl hidrogen”in potensialının öyrənilməsi və inkişafı üzrə birgə əməkdaşlığa dair Çərçivə Müqaviləsi Azərbaycanda bərpa olunan enerji və “yaşıl hidrogen”in istehsalı üzrə ümumi gücü 12 QVt-dək layihələrin araşdırılması və reallaşdırılmasını nəzərdə tutur.

Qara dəniz vasitəsilə sualtı kabel çəkiləcək

Onu da bildirək ki, Avropa Komissiyası Qara dənizin dibi ilə kabelin çəkilişi üçün 2,3 milyard avro vəsait ayırıb. Komissiyanın Prezidenti Ursula fon der Lyayen hesab edir ki, Saziş Avropa İttifaqını Cənubi Qafqazdakı tərəfdaşlarına daha da yaxınlaşdıracaq və regiona təmiz enerjiyə keçidə nail olmağa kömək edəcək: “Bərpaolunan enerji mənbələrinin artmaqda olan payını inteqrasiya etmək üçün bizə güclü elektrik enerjisi interkonnektorları lazımdır. Məhz buna görə Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xətti olduqca vacibdir”.

Artıq Azərbaycandan ixrac olunacaq enerjinin saziş ölkələrindən kənarda ilkin müştəriləri də bəlli olmağa başlayır. Bunlardan biri Serbiyadır. Bu ölkənin Prezidenti Aleksandr Vuçiç Bakıda olarkən ölkəsinin Azərbaycandan həm qaz, həm elektrik enerjisi almaq niyyətində olduğunu deyib.

Azərbaycandan Avropaya elektrik enerjisi ötürəcək sualtı kabel xəttinin çəkilməsi layihəsinin texniki-iqtisadi əsaslandırmasını İtaliya şirkəti hazırlayacaq. Dünya Bankının ayırdığı 2,5 milyon avro hesabına maliyyələşəcək əsaslandırma 2023-cü ilin sonuna hazır olacaq. 2024-cü ildən etibarən layihənin icrasına başlanması və 3-4 ilə yekunlaşdırılması nəzərdə tutulur.

Qara dənizin dibi ilə kabelin çəkilməsi başa çatana qədər Azərbaycan lazımi enerji istehsalını təmin etməlidir. Bu baxımdan, böyük investorların layihəyə maraq göstərməsi mühüm amildir. 2022-ci ilin dekabrında Azərbaycanda olan Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, iki ölkə arasında müştərək komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falih Bakıda keçirilən Azərbaycan -Səudiyyə Ərəbistanı Müştərək Komissiyanın 7-ci iclasında çıxışı zamanı bildirib ki, ölkəsi bu layihəyə qoşulmaq istəyir: “Bildiyiniz kimi, "Acwa Power" şirkəti 240 meqavatlıq enerji layihəsi Azərbaycanda icra edir. Amma bu bizim üçün azdır. İstərdik ki, daha böyük enerji layihələri icra edək və Azərbaycanın bir neçə gün öncə Avropaya elektrik enerjisi ixracı ilə bağlı imzaladığı müqaviləyə biz də qoşulaq".

İlham Əliyev səudiyyəli naziri qəbul etdi

Rəsmi statistikaya əsasən, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 24 milyard 717,7 milyon kilovatt/saat elektrik enerjisi istehsal olunub. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz çoxdur. Dövlət Gömrük Komitəsinin statistikasına əsasən 11 ayda Azərbaycan xaricə 826 milyon 762.09 min kilovatt/saat elektrik enerjisi ixrac edərək bundan 64 milyon 859.45 min dollar gəlir əldə edib. Ötən ilin eyni dövründə ixrac 1 milyard 233 milyon 438.56 min kvt/saat olmuşdu ki, bundan da 51 milyon 165.74 min dollar gəlir götürülmüşdü. Göründüyü kimi, keçən ilə nisbətən bu il ixrac həcmi 33 faiz azalsa da, əldə olunan gəlir keçən ilkindən 26,8 faiz yüksək olub. Bu isə enerji ixracının getdikcə daha yüksək gəlir əldə etməyə imkan verdiyini göstərir.

Azərbaycanın həmçinin yaşıl enerji - maye hidrogen ixracatçısına çevrilmək planları hazırlanmaqdadır. Hələlik Bakı təmiz enerji ilə bağlı nəhəng layihələrin icrası istiqamətində ilk addımlarını atır. Dünyada gedən proseslər Azərbaycanın hədəf bazarı seçdiyi regionda təmiz enerjiyə tələbatın orta və uzunmüddətli dövrdə qat-qat artacağını göstərir. Lakin tələbatla yanaşı, təklifin də artacağını göz önünə almaq lazımdır. Çünki yalnız Azərbaycan deyil, çoxsaylı ölkələr təmiz enerji istehsalı planları qururlar. Bu isə layihələrin icrasında maksimum səmərəliliyin, əldə olunacaq enerjinin rəqabət qabiliyyətini artırmaq üçün maya dəyərinin maksimum aşağı olmasının təmin edilməsini tələb edir...

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR