İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının İrəvana 9-cu məktubu - sülh yazışması nə vaxt bitəcək...

919 30.04.2024 13:56 Siyasət A A

Ermənistan rəhbərliyinin iradəsizliyi revanşistlərin hərəkətə keçməsinə imkan yaradır; zaman Paşinyan hakimiyyətinin əleyhinə işləyir...

“İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı növbəti təkliflər alıb”. Bunu ötən həftəsonu Ermənistan XİN-in sözçüsü Ani Badalyan bildirib. Onun sözlərinə görə, bu, sülh müqaviləsi layihəsi ilə bağlı 9-cu təklif paketidir. 

Yeri gəlmişkən, keçən həftə Azərbaycan Prezidenti İlham Əliyev Bakıda, COP29-a həsr olunmuş beynəlxalq forumda çıxışı zamanı deyib ki, COP29-dan əvvəl (noyabr, 2024) Azərbaycanla Ermənistan arasında sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür. Dövlət başçısına görə, baza prinsipləri üzərində razılığa gəlmək, həmçinin variant hesab olunur, sonra isə müddəaların təfərrüatlarına vaxt sərf etmək olar. “Hətta sazişin layihəsi hazır ola bilər. Düşünürəm ki, bunun üçün hər iki tərəf, sadəcə, ürəkdən çalışmalıdır”, - deyə Prezident diqqətə çatdırıb. Azərbaycan rəhbəri həmçinin sülh sənədinə “Dağlıq Qarabağ”la bağlı hər hansı qeydin salınmayacağı haqda İrəvanla razılığa gəlindiyini söyləyib. Yerdə nə qaldı? “Biz Ermənistan hökumətinin sözdən əmələ keçməsini gözləyirik”, - bunu da İlham Əliyev vurğulayıb və əlavə edib ki, İrəvan sülh sənədinədək öz konstitusiyasından Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları ilə bağlı bəndləri çıxarmalıdır. Azərbaycan lideri sülh sənədi ilə bağlı oxşar fikri Almaniyaya son səfəri zamanı da təkrarlayıb. Maraqlıdır ki, səfər zamanı Almaniya kansleri Olaf Şolts da İlham Əliyevlə keçirdiyi mətbuat konfransında 2024-cü ildə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının mümkün olduğunu deyib. Təbii ki, Qərbin sözü ilə əməli düz gəlsə. 

Bu arada rəsmi Astananın ev sahibliyi ilə növbəti görüşün keçiriləcəyi bəlli olub. Məlumata görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almatıda görüşəcək. Musavat.com erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib. “Xəbər verdiyimiz kimi, Qazaxıstan tərəfinin təklifi ilə Ermənistan və Azərbaycan nazirləri arasında görüş barədə razılaşma var. Onun Almatıda keçirilməsi razılaşdırılıb” - Badalyan deyib. Görüşün hansı nəticə verəcəyini isə indidən demək çətindir. Ermənistandakı revanşistlərin yenidən hərəkətlənməsi ümidverici proqnozların qarşısını alır. Görünən budur ki, Ermənistan rəhbərliyinin iradəsizliyi revanşistlərin hərəkətə keçməsinə imkan yaradır və zaman Paşinyan hakimiyyətinin əleyhinə işləyir. 

“Biz xəyali, real olmayan sərhədlərdən imtina etməli, xəyali Ermənistandan real Ermənistana keçid etməliyik. Əks halda, xəyali Ermənistana görə real Ermənistanı da itirə bilərik”. Bunu isə Nikol Paşinyan öz soydaşlarına müraciətində bildirib. Elə isə Ermənistan niyə sözdən əmələ keçmir, sülh müqaviləsi imzalamağa tələsmir? Bəs tərəflər arasında neçə ildir davam edən məktub mübadiləsi, sülh yazışması nə vaxt sona çatacaq? Hazırda Bakı və İrəvan yazılı sülh anlaşmasına doğru yolun harasındadır?

Elçin Mirzəbəyli: Azərbaycan bölgəyə davamlı sülhün gəlməsi üçün bütün  mümkün imkanlardan istifadə edir - AZƏRTAC

Elçin Mirzəbəyli

Siyasi şərhçi Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycanla Ermənistan arasındakı sülh heç vaxt indiki qədər real olmayıb: “Qazağın eksklav olmayan kəndlərinin işğalına son qoyulması, delimitasiya prosesinin başladılması və hətta razılaşdırılmış sərhəd xəttinin demarkasiya olunması istiqamətində ciddi irəliləyişlərin əldə olunması, bu reallığın nəticəyə varacağına olan ümidləri daha da artırıb. Bununla yanaşı, sülh müqaviləsinin reallaşmasına maneə yaradan bir sıra Ermənistan daxili və xarici faktorlar var. Bunlardan birincisi Ermənistan konstitusiyasında müstəqillik bəyannaməsinə istinad olunması və həmin istinadda Azərbaycan ərazilərinin beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də Nikol Paşinyanın davamlı olaraq, istinad etdiyi Almatı Bəyannaməsinə zidd olaraq, Ermənistana birləşdirilməsi haqqında məqamın yer almasıdır. Ermənistanın müstəqillik bəyannaməsinin preambula hissəsində Ermənistan Ali Sovetinin və "Dağlıq Qarabağ"ın milli şurasının" “Dağlıq Qarabağ”ın “Ermənistan SSR-ə birləşdirilməsi” haqqında “birgə qərarı”na istinad olunur. Bu isə şübhəsiz ki, Azərbaycan torpaqlarının ilhaqı, həm indiki Ermənistan, həm də artıq işğaldan azad etdiyimiz ərazilərdə Ermənistan dövlətinin formalaşdırılması niyyətinin vurğulanması deməkdir. Onu da qeyd edim ki, Ermənistan Ali Sovetinin və “Dağlıq Qarabağ”ın “milli şurası” adlanan qondarma təsisatın 1 dekabr 1989-cu il tarixli “qərarı” həmin dövrdə mövcud olan SSRİ konstitusiyasına zidd olduğu üçün yuxarı orqan - SSRİ Ali Soveti tərəfindən ləğv edilib. Bu baxımdan, Ermənistanın müstəqillik bəyannaməsində yer alan iddiaların, hətta hüquqa zidd olsalar da belə, ləğv olunduqları üçün faktoloji əsası yoxdur". 

E.Mirzəbəylinin sözlərinə görə, indiki halda, qanuni və faktoloji əsasları olmayan ərazi iddialarının tamamilə aradan qaldırılması ilk növbədə Ermənistanın özünə lazımdır: “Çünki beynəlxalq hüququn müstəqil subyekti olan bir dövlət heç bir halda BMT Nizamnaməsinin müddəalarına zidd olan iddialarla çıxış edə bilməz. BMT Nizamnaməsinin 2 maddəsinin 4-cü bəndində qeyd olunur ki, "Birləşmiş Millətlər Təşkilatının bütün üzvləri beynəlxalq münasibətlərində hər hansı dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı və ya Birləşmiş Millətlər Təşkilatının Məqsədlərinə uyğun olmayan hər hansı digər şəkildə güc tətbiq etmək hədəsindən və ya güc tətbiqindən çəkinməlidirlər". Ermənistanın müstəqillik bəyannaməsində yer alan ərazi iddiaları və Ermənistan konstitusiyasında bu müstəqillik bəyannaməsindəki “hədəflərə” istinad olunması Azərbaycan ərazilərinin işğalını və ilhaqını nəzərdə tutan güc tətbiq etmək hədəsidir. Ermənistanın müstəqillik bəyannaməsində yer alan bu qanunsuz iddiaların aradan qaldırılması üçün isə rəsmi İrəvanın iddia etdiyi kimi, mövcud konstitusiyaya əlavə və dəyişiklik edilməsi, yaxud yeni konstitusiyanın qəbulu məqsədilə referendum keçirməsinə ehtiyac yoxdur. Özünü həm də Ermənistan SSR-nin hüquqi varisi elan edən Ermənistan Respublikasının parlamenti bəyannamədən ərazi iddiaları ilə bağlı məqamları, onların Ermənistan Respublikasının beynəlxalq öhdəliklərinə zidd olduğunu əsas gətirərək çıxarmaqla bu problemi aradan qaldıra bilər. Bunun üçün Ermənistan parlamentində, hətta 3/5 səs çoxluğunun əldə olunmasına da ehtiyac qalmır. Ermənistan konstitusiyasında qeyd olunur ki, “Parlamentin reqlamenti, Seçki Məcəlləsi, Məhkəmə-Hüquq Məcəlləsi, Konstitusiya Məhkəməsi, Referendum, Partiyalar və insan hüquqlarının müdafiəsi haqqında qanunlar konstitusiya qanunları olduğu üçün deputatların ümumi sayının ən azı 3/5 hissəsinin səsi ilə qəbul olunur”.

Bu, o deməkdir ki, Ermənistanın müstəqillik bəyannaməsinə konstitusiya aktı olmadığı üçün sadə səs çoxluğu ilə əlavə və dəyişikliklər edilə bilər. Sülh müqaviləsinə maneə yaradan ikinci daxili amil Ermənistandakı müharibə cinayətkarları və separatçılardan ibarət qrupların siyasi hakimiyyətin dəyişdirilməsi istiqamətində atacaqları addımlardır. Mövcud şəraitdə onların ciddi təsir imkanlarına malik olduğunu düşünmürəm. Xarici faktorlar isə həm regionda ənənəvi təsir imkanlarını qoruyub saxlamağa və bu məqsəd üçün Ermənistanın daxilindəki revanşçı qüvvələrdən yararlanmağa çalışan tərəflə, həm də bölgəyə Ermənistan vasutəsilə nüfuz etməyə cəhd göstərən qütblə bağlıdır. Bu prosesdə isə hələlik müəyyən bir balansın olduğu nəzərə çarpır. Bütövlükdə, proses indiki dinamika ilə inkişaf edərsə, cənab Prezidentin qeyd etdiyi kimi, noyabra qədər yekun nəticənin əldə edilməsi ehtimalı böyükdür".

Məhəmməd Əsədullazadə: “Azərbaycan Brüsselin vasitəçiliyindən...”

Məhəmməd Əsədullazadə

MCP başqanının müavini, politoloq Məhəmməd Əsədullazadə də bu fikirdədir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması üçün münbit siyasi ortam var: “İki ölkə arasında vasitəçisiz danışıqlar gedir. Bu, Azərbaycanın təklifidir. Azərbaycan Almatı Bəyannaməsi ilə razılaşdı. Dörd kənd danışıqlarla verildi. Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı mümkün danışıqlara da hazırdır. Bu mənada Ermənistanın bəhanəsi qalmayıb. Azərbaycan və Ermənistan xarici işlər nazirləri Almatıda görüşəcək. Azərbaycan növbəti dəfə sülh təkliflərini verib. Tərəflər ikitərəfli sülh təkliflərini verməklə müəyyən etimad formalaşmasına gətirib çıxarır. Cənab Prezident İlham Əliyev prosesi uğurla davam etdirir. Qazaxıstanda danışıqlarda baza sənədinin imzalanması müzakirə edilə bilər”. M.Əsədullazadə ümid edir ki, COP29-a kimi bu çərçivə sazişi imzalana bilər: “35 sərhəd dirəyi razılaşdırılıb. Bu, çox uğurludur. Qərb də buna dəstək verib. Sadəcə, Ermənistan tərəfi sülh müqaviləsində qarant ölkə olmasını istəyir. Azərbaycan buna ehtiyac olmadığını vurğulayıb. ABŞ burada maraqlıdır. Amma buna getmək lazım deyil. Sənəd iki ölkə arasında bağlanır. Ermənistan tərəfi konstitusiyanı dəyişməlidir. Vaxtı uzatmaq Ermənistanın əleyhinə işləyir. Ortada ciddi problem yoxdur baza sənədinin imzalanması üçün. Ermənistan qarşıdakı aylarda referenduma gedib, yeni konstitusiya qəbul edərək Qarabağ və digər ərazi iddialarından geri çəkiləndən sonra sülh müqaviləsi bağlana bilər. Təbii ki, bu da gələn ilin əvvəllərində reallaşa bilər”. Ekspert bildirdi ki, Ermənistanın baş naziri Nikol Paşinyan qarant ölkə məsələsinə son qoymalıdır: “İlk öncə konustitusiya dəyişməlidir, Zəngəzur yolu açılmalıdır! Həmçinin anklav kəndlərlə bağlı real mövqe ortaya qoymalıdır. Cənab Prezident Ermənistana mesaj verdi ki, sözdən əmələ keçmək lazımdır. Ermənistan hakimiyyəti bundan nəticə çıxarmalıdır”.

E.PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR