İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdan təklif: Çin Azərbaycanda Avropa üçün mallar istehsal etsin, xeyir Vətənə qalsın!

999 10.07.2024 08:50 İqtisadiyyat A A

“Çinin Azərbaycanda Avropa üçün məhsul istehsal etməsi daha sərfəlidir”. 

“Yeni Müsavat” xəbər verir ki, bunu Ələt Azad İqtisadi Zonasının (ƏAİZ) İdarə Heyətinin sədri Valeh Ələsgərov Şanxay Əməkdaşlıq Təşkilatının konfransında deyib. 

“Azərbaycanda istehsal və Avropaya ixrac Çin üçün daha sərfəlidir”, - deyən Ələsgərov bunun əlavə nəqliyyat xərclərinin qarşısını alacağını və Çin şirkətlərinin ƏAİZ-in güzəştlərindən yararlanacağını vurğulayıb. 

O, həmçinin əlavə edib ki, Orta dəhlizin investisiyalar hesabına inkişafı vacibdir və Çin şirkətləri Azərbaycanda bu xüsusda alqışlanacaq.

Qeyd edək ki, artıq Çindən gələn nümayəndə heyəti ƏAİZ-də olub və onun üstünlükləri ilə tanış olub. 

Azərbaycan və Çin arasında son illərdə iqtisadi-ticari əlaqələrin sürətlə dərinləşməsi prosesi gedir. Ölkələr arasında qarşılıqlı ticarətin həcmi əhəmiyyətli həcmdə böyüyüb. Belə ki, 2015-ci ildə ticarət dövriyyəsi 561 milyon dollar, 2016-cı ildə 975 milyon dollar, 2017-ci ildə 1 milyard 300 milyon dollar, 2018-ci ildə 1 milyard 310 milyon dollar, 2019 və 2020-ci illərdə 2,1 milyard dollar, 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 2,2 milyard dollar, 2023-cü ildə isə 44 faiz böyüməklə 3,1 milyard dollar təşkil edib. Son 9 ildə mal mübadiləsi 6 dəfə yüksəlib və Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından birinə çevrilib. Hazırda Çin Azərbaycanın 4-cü ən böyük xarici ticarət tərəfdaşı, birinci ən böyük idxal mənbəyidir. 

Çin həm də ölkəmizdə potensial investorlardan hesab edilir. İndiyə qədər Çindən Azərbaycana 1,5 milyard dollara qədər sərmayə yatırılıb. Öz növbəsində, Azərbaycan bu Asiya-Sakit region ölkəsinə çoxhəcmli investisiya qoyuluşlarında xüsusi paya malikdir və investisiyaların həcmi 1,7 milyard dolları ötür.

Azərbaycan Çinə həm də qeyri-neft məhsullarının perspektivli ixrac bazarı kimi baxır. Azərbaycan məhsullarının Çinə ixracını təşviq etmək məqsədilə 2018-ci ildən etibarən Pekin, Sian, Çindao, Canciacie, Şanxay və Urumçi şəhərlərində bir neçə “Azərbaycan Ticarət Evi” və “Azərbaycan Şərab Evi” açılıb. Yaxın vaxtlarda Çinin daha 2 şəhərində ticarət evi açılacaq. 

Çin şirkətlərinin Azərbaycanda fəaliyyəti sənaye, enerji, infrastruktur, informasiya texnologiyaları, ticarət, kənd təsərrüfatı və digər sahələri əhatə edir. Keçən ilin sonlarına olan məlumata görə, Çinin 1995-ci ildən indiyədək Azərbaycana yatırdığı birbaşa investisiyanın həcmi 920 milyon dollara çatıb (Azərbaycanın Çinə sərmayə qoyuluşu isə bundan təqribən 2 dəfə çoxdur). Azərbaycanda Çin investisiyalı 275 şirkət qeydiyyatdan keçib. Bundan başqa, Azərbaycanın işğaldan azad edilən ərazilərində başlanan infrastruktur layihələrində iştirak üçün Çin şirkətləri müraciət edib. “Huawei” şirkəti isə artıq bu regionda “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin icrasına başlayıb.

Son iki ildə Azərbaycanla Çin əlaqələrinin sürətli inkişafı diqqəti cəlb edir: Azərbaycan Çində keçirilən çoxsaylı sərgilərdə bir qayda olaraq geniş nümayəndə heyəti ilə təmsil olunur. Azərbaycan Çin şirkətlərinin yaşıl enerji, belə enerjidən istifadə edən texnologiyaların istehsalına cəlb olunmasında maraqlıdır. Bu baxımdan, artıq ilkin əməkdaşlıq əlaqələrinin təməli qoyulub. Bir müddət öncə Azərbaycanla Çin mərkəzli BYD şirkəti arasında strateji əməkdaşlıq çərçivəsinin imzalanması ilə 160 elektrik mühərrikli avtobusun, 100 enerjidoldurma aparatının alınması nəzərdə tutulur. İqtisadiyyat Nazirliyinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayevin Şanxay Əməkdaşlıq Təşkilatı Nümayiş Zonası - Azərbaycanda Logistika və Ticarətin Təşviqi Konfransında dediyinə görə, şirkətin 2025-ci ildən yerli istehsala başlaması və ehtiyat hissələrini mərhələli şəkildə formalaşdırması nəzərdə tutulub: “Dünyanın ən böyük elektrik mühərrikli nəqliyyat vasitəsi istehsalçılarından olan BYD Azərbaycana 34 mln. dollar investisiya yatırıb. Yaxın vaxtlarda istehsalın başlanması planlaşdırılır”.

Çin şirkətləri bir qayda olaraq Azərbaycanda xüsusi iqtisadi rejimi olan ərazilərdə fəaliyyət göstərirlər. Məsələn, 2023-cü ildə Sumqayıt Kimya Sənaye Parkında “Azərbaycan Vanhong Ceramics Co” MMC-nin keramik plitələr istehsalı müəssisəsi fəaliyyətə başlayıb. Müəssisəyə 70 milyon dollar yatırım edilib, 400-dən yuxarı işçi heyəti var. 

Ələt Azad İqtisadi Zonasında investorlar  üçün çox mühüm üstünlüklər təmin olunur: onlar əlavə dəyər vergisi, ödəmə mənbəyində vergi, mənfəət vergisi və hər hansı digər korporativ vergidən azaddır. Zonada idxal və ixrac zamanı gömrük rüsumları və vergilər tətbiq olunmur. Aylıq əməkhaqqı 8 min manata qədər olan işçilər üçün gəlir vergisi tətbiq olunmur. Əcnəbi hüquqi və fiziki şəxslərin Ələt Azad İqtisadi Zonasında mülkiyyət sahibi olmasına heç bir məhdudiyyət qoyulmur. Xarici investorlar üçün yerli tərəfdaş və səhmdar tələbi yoxdur. Valyuta əməliyyatları və ya mənfəətin repatriasiyasında heç bir məhdudiyyət yoxdur. İnvestorların əmlakı heç bir halda milliləşdirilə bilməz.

Ekspertlər hesab edir ki, Ələt Azad İqtisadi Zonasının fəaliyyətə başlaması Azərbaycana iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkənin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində Azərbaycanın strateji əhəmiyyətini daha da artıracaq.

AZƏRBAYCANDA NARKOTİK MAFİYASININ ƏLİNDƏ TOPLANAN MİLYARDLAR... – Rəşad  Həsənov: “Hər il ölkədən narkotik vasitələrin alınması üçün 1,5 milyard  manat çıxır...” | Stop narkotik

 Rəşad Həsənov

İqtisadçı-ekspert Rəşad Həsənovun “Yeni Müsavat”a dediyinə görə, Ələt AİZ-in Çin investorları üçün avantajları, həm də dezavantajları var: “Avantajları bundan ibarətdir ki, azad iqtisadi zonada investorlar vergilərdən, rüsumlardan azaddır. Bu isə daha aşağı maya dəyəri olan, yəni həm də daha yüksək rəqabət qabiliyyətli məhsulların istehsalına imkan verəcək. Digər bir üstünlük Ələt Azad İqtisadi Zonasının coğrafi mövqeyi ilə bağlıdır. Zona avtomobil, dəniz və dəmiryol nəqliyyatı ilə uzlaşdırılıb. Başqa bir məqam Orta dəhlizin inkişafı ilə bağlıdır. Asiyadan gələn yüklərin daha rahat daşınması üçün müvafiq infrastruktur sürətlə formalaşdırılır”. 

Əlbəttə, istehsal müəssisəsi qurarkən çinli investorlar müəyyən çətinliklərlə də üzləşə bilərlər: “Dezavantajlar bundan ibarətdir ki, əvvəla, Azərbaycanda əmək məhsuldarlığı Çindən xeyli geri qalır. İkincisi, Azərbaycanda peşəkar işçilərin-kadrların tapılması problemi yarana bilər. Ümumiyyətlə, Azərbaycanda işçiyə düşən istehsal vahidi Çindən xeyli aşağıdır.

Başqa bir dezavantaj Azərbaycanda bir məhsulun istehsalında istifadə olunan komponentlərin istehsalı imkanlarının olmamasıdır. Aydın məsələdir ki, bir məhsulu istehsal etmək üçün çoxsaylı detallara, komponentlərə ehtiyac yaranır. Bu baxımdan, çinli investorlar problemlə üzləşə bilərlər. Buna görə də düşünürəm ki, Çin şirkətləri Azərbaycanda son məhsulun istehsalının təşkilini prioritet götürəcəklər. Yəni detallar, hissələr Çindən gətirilir və burada vahid formaya salınır. Orta dəhlizlə daşımaların ucuzlaşması bu prosesin səmərəliliyini artıracaq. Bundan başqa, Çin investorların Ələtdə aşağı əmək tutumlu müəssisələrin qurulmasına üstünlük vermələri daha çox gözləniləndir. Belə müəssisələrdə proseslər robotlaşdırılmış olur, insan əməyindən az istifadə edilir. Nəhayət, Azərbaycandan Avropa kimi böyük bazara daşınma xərcləri ucuz başa gələcək ki, bu da istehsal olunan məhsulların rəqabət qabiliyyətini artıracaq". 

Onu da qeyd edək ki, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmaması, Avropa İttifaqı ilə uzun müddətdir gözlənilən strateji tərəfdaşlıq sazişinin yekunlaşmaması yalnız Çin deyil, digər ölkələrin investorlarının Azərbaycanda istehsala yatırım etmələrinə mane olan amillərdəndir. Belə ki, ÜTT üzvü olan, yaxud Aİ ilə tərəfdaşlıq sazişi imzalayan ölkələrdə istehsal olunan məhsulların Avropa bazarlarına girişi daha rahat və aşağı xərclə başa gəlir. 

Məsələn, qardaş Türkiyənin Aİ ilə belə sazişi olduğuna görə ittifaq ölkələrinə ixracında problemlərlə üzləşmir, əksinə, xeyli üstünlükləri mövcuddur. Məhz bu amilə görə Çinin BYD Co. şirkəti Türkiyədə elektrikli avtomobil istehsalı zavodu tikmək qərarına gəlib. Musavat.com xəbər verir ki, bu barədə məlumatı “Financial Times” yayıb. Şirkət hesab edir ki, bu, onun Avropa bazarındakı mövqeyini yaxşılaşdıracaq.

Türkiyə hakimiyyət orqanları ilə razılaşma BYD-nin ildə 150 minə yaxın elektrik və hibrid avtomobil istehsal edə biləcək zavodun tikintisinə, eləcə də tədqiqat və inkişaf mərkəzinin yaradılmasına 1 milyard dollar sərmayə qoymasını nəzərdə tutur. Türkiyə hökumətinin mətbuat xidmətinin məlumatına görə, ölkədə bu obyektin açılması BYD-nin “logistika effektivliyini” artırmağa kömək edəcək.

"Financial Times" yazır ki, müəssisənin işə salınması 2026-cı ilin sonuna planlaşdırılır. Layihənin Türkiyədə 5 minə yaxın iş yeri yaratması gözlənilir.

BYD Avropa bazarını ələ keçirməyə, Brüssel isə Çin avtomobillərinin Avropa İttifaqına tədarükünü məhdudlaşdırmağa çalışır. Bu ayın əvvəlində Avropa Komissiyası Çin elektrik avtomobillərinin Aİ-yə idxalına əlavə rüsumlar tətbiq edib. 

FT qeyd edir ki, Türkiyənin Aİ ilə gömrük razılaşması var və ölkədə istehsal olunan avtomobillər əlavə rüsumlar olmadan Avropaya ixrac edilə bilər. 

Göründüyü kimi, biznes real imkanların olduğu ölkələrə həvəslə gedir. Azərbaycanın Ələt AİZ-inda istehsal üçün münbit şərtlər olsa da, ixracda ola biləcək çətinliklər investorların ora axınını azaldıcı faktora çevrilə bilər. Bu baxımdan, Azərbaycanın ÜTT-yə üzvlüklə bağlı real addımlar atması, Aİ ilə strateji tərəfdaşlıq sazişi üzrə işlərin qısa vaxtda yekunlaşdırılmasında fayda var...

Dünya SAKİT,
“Yeni Müsavat”


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR