İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda ŞOK: Qadından ərinin gözü qarşısında onunla getməyi tələb etdi – DETALLAR

2919 12.07.2024 14:30 Kriminal A A

Bakının Qaradağ rayonunda 1980-ci il təvəllüdlü Əziz tanışı Şahinə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Hadisə bu il iyulun 7-də rayonunun Lökbatan qəsəbəsində baş verib. Əziz küçədə Şahinə yaxınlaşıb, onunla arvadı Aygün arasında olan münasibətləri aydınlaşdırmaq istəyib.

Bu zaman mübahisə yaranıb. Əziz Şahinin sifət və baş nahiyələrinə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

İstintaq orqanı tərəfindən Əzizin barəsində Cinayət Məcəlləsinin 127.2.3 (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddələri ilə ittiham elan edilib.

“Ailəliklə biri-birimizin evinə gedib-gəlmişik”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əziz ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, arvadı və iki azyaşlı uşağı ilə Binəqədi rayonu, Sumqayıt şossesində yataqxanada yaşayır:

“Avtomobilimlə taksi fəaliyyəti ilə məşğul oluram. Təxminən 2022-ci ilin yay aylarında Bakı şəhərində Şahin və onun arvadı Aygünlə tanış oldum. Şahin özü üçün əlillik sənədi düzəltmək məqsədi ilə bizə gəlmişdi. Onun xəstə olduğunu gördüm, əlillik dərəcəsi alması üçün kömək məqsədi ilə ondan 2000 manat pul istədim. Ondan notariusda etibarnamə də aldım.

Həmin məbləği Şahinin adından bütün hərəkətləri yerinə yetirmək məqsədi ilə almağı nəzərdə tuturdum. Lakin sənədlərin əlillik qrupuna uyğun gəlmədiyini öyrəndim və pulu almadım. Bununla aramızda münasibət yarandı. Biz ailəliklə biri-birimizin evinə gedib-gəlməyə başladıq”.

“Cinsi əlaqədə olduq”

Təqsirləndirilən şəxs qeyd edib ki, tanışlıqlarından bir müddət sonra Aygün onun istifadəsində olan mobil telefonuna zəng edib və onu Lökbatan qəsəbəsinə “Uluxanlı” adlandırılan marketin qarşısına görüşə çağırıb:

“Saat 12 radələrində Aygünün söylədiyi marketin qarşısına gəldim, Nəsibə adlı qadınla söhbət etdiyini görərək onlara yaxınlaşdım. Birlikdə Nəsibənin qəsəbədəki həyət evinə gəldik. Nəsibə evin qapısını açaraq bizi mənzilə saldı və özü getdi. Həmin gün birinci dəfə Aygün ilə Nəsibənin evində cinsi əlaqədə olduq”.

“Təşəbbüskarı özü oldu”

Təqsirləndirilən şəxs bildirib ki, daha sonra Aygün Lökbatan qəsəbəsindəki bazarın yaxınlığında iki otaqlı ev kirayə edib, onunla bir ay müddətində mütamadi olaraq həmin evdə görüşüblər:

“Aygünlə görüşüb cinsi əlaqədə olmağımın təşəbbüskarı o özü oldu. Əri xəstədi deyə təbii ehtiyacını ödəyə bilmədiyini söylədi. Həmin müddətdə Xırdalan şəhərindəki telefon mağazasından Aygünün uşaqları üçün kreditlə iki mobil telefon aldım. Mağazadan öz adıma kreditə bir kompüter də götürüb Aygünə verdim. Razılığa əsasən kreditlərin faizini və pulunu Aygün ödəməyi öhdəsinə götürdü.

Lakin o, kreditləri vermədiyindən məcbur qalıb öz adıma aldığım kompüterin və bir mobil telefonun kreditini indiyədək mən ödəyirəm. Aygünün mobil telefonlar və kompüterlə birlikdə hazırda mənə 2450 manat borcu var.

Bundan başqa, Aygünə 400 manat əlavə borc da vermişəm. Həmin borcu da ondan ala bilməmişəm”.

“Məni itələdi və “polis gəlir, qaç” dedi”

Əziz qeyd edib ki, iyulun 7-də saat 19 radələrində Aygün zəng edib, onu Lökbatan qəsəbəsində bankın qarşısına çağırıb, telefon və kompüterin kreditlərini ona verəcəyini söyləyib: “Mən də maşınımla Aygünün dediyi ünvanın qarşısına gəldim. Avtomobildən düşüb Aygünə yaxınlaşdığım zaman arxadakı dağılmış evlərin arasından çıxan əri Şahin mənə hücum etdi. Məni qucaqlayaraq yerə yıxmaq istədi. Amma gücü çatmadığını gördüm və ondan aralandım.

Yerdən götürdüyüm daşla onun sifət nahiyəsindən vurdum. Onu özümdən kənarlaşdırmaq üçün sifət nahiyəsinə bir neçə yumruq zərbəsi də endirdim.

Bu vaxt Aygün məni itələdi və “polis gəlir, qaç” dedi. Mən bank binasının arxasına keçdim. Oradan baxanda Aygünün avtomobilimin qapısını açaraq salondan “Samsung” markalı mobil telefonunumu götürdüyünü gördüm. Ora kənar şəxslərin toplaşdığını görüb hadisə yerini tərk etdim”.

“Pul tələb etməmişəm”

Əziz deyib ki, cinsi əlaqədə olmaq üçün Aygünə heç vaxt hədə-qorxu gəlməyib: “Bu məqsədlə pul tələb etməmişəm. Onunla cinsi əlaqədə olan müddətlərdə mobil telefonla heç bir şəkil çəkməmişəm. Aygün özü bir dəfə evdə paltarda uşağı ilə birlikdə mahnı oxuyub oynayarkən mobil telefonuma iki videogörüntü atıb. O videoda tərbiyəsiz heç bir görüntü olmayıb.

Mobil telefonumu Aygün o məqsədlə avtomobildən götürüb ki, orada nalayiq hərəkətlər etdiyi görüntü olub-olmadığını yoxlasın. Hadisədən bir qədər keçmiş kənar şəxsdən aldığım mobil telefonla avtomobildə qoyduğum mobil telefona zəng vursam da, nömrəyə zəng çatmadı.

Aygünün şəkillərini sosial şəbəkədə yaymamaq üçün iki dəfəyə ondan 2700 manat almamışam. Həmin məbləği o mənim üçün faizlə borca alıb. Aygün mobil telefonların və kompüterin kreditlərini ödəmək istəmədiyindən mən də onun mənə borc alıb verdiyi pulu qaytarmamışam.

Aygünün zəng edərək mobil telefonların və kompüterin pulunu ödəməyimi istəməsi, bu məqsədlə Lökbatan qəsəbəsinə çağıraraq əri Şahinin mənimlə dava-dalaş salması, polisə şikayət etməsi məni kredit pullarını, faizləri ödəməyə vadar etmək məqsədi daşıyıb”.

“Arvadımı təhrik edib”

İş üzrə zərərçəkmiş Şahinin sözlərinə görə, arvadı Aygün və üç azyaşlı uşağı ilə birlikdə Lökbatan qəsəbəsində "Gecə" sanatoriyasında məskunlaşıblar: “Rəsmi olaraq heç bir yerdə işləmirəm. Bir saylı Psixiatriya Xəstəxanasında qeydiyyatdayam. Təxminən bir il əvvəl arvadımla birlikdə olarkən Əzizlə tanış olduq. Əlilik dərəcəmi müəyyən etmək istəyirdik.

Əziz bildirdi ki, 2000 manat müqabilində əlillik dərəcəmi adı bizə məlum olmayan şəxslə danışaraq həll edəcək. Həmin vaxt pulumuz olmadığından Əzizlə razılaşmadıq. Bundan sonra Əzizlə aramızda münasibət yarandı. Ailəliklə bir-birimizin evinə gedib gəlməyə başladıq.

Təxminən 3-4 ay keçəndən sonra Əziz arvadıma xəstə olduğumu söyləyib, cinsi ələqədə olmağa təhrik edib. Mən bu barədə arvadımdan şübhələnməyə başladım. Sonradan öyrəndim ki, Əziz ondan əl çəkmir, onların yaşadıqları əraziyə tez-tez gəlib, evimizin yaxınlığından keçərək Aygünlə görüşməyə cəhd edir”.

Şahin qeyd edib ki, daha sonra Əziz arvadımla əlaqə saxlayıb, Füzuli rayonunda tutulduğunu söyləyib və ondan əvvəlcə 1500 manat, ikinci dəfə 1200 manat pul borc alıb:

“Bundan başqa, Əziz Aygündən 1200 manat dəyərində qızıl komplekt üzük və sırğalarını alaraq satıb. Bir müddət sonra Aygün Əzizdən pulları və qızılları tələb edib. Əziz arvadımı qorxudaraq aralarında olan münasibəti açıb söyləyəcəyini bildirib, arvadımı şantaj edib.

Aygün məcbur olaraq mənə Əzizin hərəkətləri barədə məlumat verdi. Bundan sonra Əziz Aygündən tələb edib ki, onunla görüşərək cinsi əlaqədə olsun. Əks təqdirdə, cinsi əlaqədə olduqları vaxtlarda çəkdiklərini sosial şəbəkədə yayacaq”.

“Bu, savadsız və xəstə olmağımdan irəli gəlib”

Şahin qeyd edib ki, iyulun 7-də saat 20 radələrində Lökbatan qəsəbəsində yerləşən bankın qarşısında parkda olarkən Əziz maşınıyla ora gəlib: “O, düşərək arvadımı avtomobilə oturtdu, onunla getməyini tələb etdi. Bunu görəndə onlara yaxınlaşdım. Əzizdən getməyini tələb etdim. O, nalayiq söyüşlər söyərək mənimlə dalaşmağa başladı, yumruqla sifətimdən zərbələr endirdi. Zərbələrdən yerə yıxıldım.

Aygün məni yerdən qaldıraraq Əzizin döyməsinə imkan vermədi. Əziz sifətimin qanlı olduğunu gördü, avtomobilinə oturub qaçmaq istədi. Aygün onun avtomobilə oturmağına imkan vermədi. Buna görə piyada oranı tərk etdi”.

Zərərçəkmiş deyib ki, Əzizin onun oğluna, qızına kreditlə mobil telefonlar, arvadı Aygünə kompüter aldığını bilmir. Əzizin arvadına qarşı nalayiq hərəkətlər eləməsini, hədə-qorxu ilə pul və qızıl-bəzək əşyaları əldə etməsini Aygündən öyrənib:

“Bu barədə polis orqanına məlumat verməməyimin səbəbi savadsız və xəstə olmamdan irəli gəlib”.

“Məndən şübhələndiyini hiss etdim”

İş üzrə şahid qismində ifadə verən Aygünün sözlərinə görə, Əzizlə tanış olduqları vaxtdan 3-4 ay sonra ona xoşu gəldiyini, əri Şahinin xəstə olduğunu söyləyib:

“Əziz mənimlə cinsi ələqədə olmaq istədiyini söylədi. Mən etiraz edərək qorxduğumu bildirdim. O məni dilə tutaraq ərimin bundan xəbər tuta bilməyəcəyini söylədi. Əzizlə razılaşaraq onunla bir neçə dəfə Lökbatan qəsəbəsində ünvanını dəqiq bilmədiyim evdə cinsi əlaqədə oldum.

Ərimin məndən şübhələndiyini hiss edəndə münasibətləri dayandırdım. Əziz mənim sözlərimə əhəmiyyət vermədi və məndən əl çəkmədi. O, yaşadığımız əraziyə tez-tez gəlir, evimizin yaxınlığından keçərək onunla görüşməyimi tələb edirdi”.

“Ərimə məlumat verdim”

Şahid qeyd edib ki, daha sonra Əziz onunla əlaqə saxlayaraq Füzuli rayonunda tutulduğunu söyləyib, 1500 manat borc pul istəyib:

“Yazığım gəldiyindən Nəsibə adlı qadından faizlə 1500 manat pul alıb ona verdim. Bir həftə sonra Əziz yenə mənimlə Lökbatan qəsəbəsində görüşərək təcili ona 1200 manat pul verməyimi xahiş etdi. Əlacsız qalıb qonşumuzdan 1200 manata qızıl komplekt üzük-sırğalar alıb qəsəbədə Əzizə verdim.

Aradan bir müddət keçdikdən sonra Əzizdən ona verdiyim pulları tələb etdim. O məni qorxudaraq aramızda olan münasibəti açıb ərimə söyləyəcəyini bildirdi. Məcbur qalıb hərəkətlərim barədə ərimə məlumat verdim”.

“Hərəkətlərimi telefona çəkdiyini bildirdi”

Aygünün ifadəsinə görə, daha sonra Əziz onunla əlaqə saxlayıb və görüşərək cinsi əlaqədə olmağı tələb edib:

“Əks təqdirdə məni cinsi əlaqədə olduğumuz vaxtlarda mobil telefona çəkdiyi görüntüləri sosial şəbəkədə yayacağı ilə hədələməyə başladı. Bundan sonra Əziz avtomobillə yaşadığım evin qarşısına gəldi. Onunla getməyimi tələb etdi. Lakin onun tələblərinə əməl etməməyi qəti qərara aldım”.

Aygün qeyd edib ki, iyulun 7-də saat 20 radələrində Lökbatan qəsəbəsində yerləşən bankın qarşısında olan parkda olarkən Əziz idarə etdiyi avtomobillə ora gəlib: “O, avtomobildən düşüb onunla getməyimi tələb etdi. Mən etiraz etdim. Bu zaman ərim Şahin ora gəldi. Ərim Əzizdən getməyini tələb etdi. O da nalayiq söyüşlər söyərək ərimlə dalaşmağa başladı”.

Bu cinayət işinə Qaradağ Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əziz 3 il 1 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin üzərinə yaşadığı ünvanı hər gün gecə saat 00:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR