İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda saxlanılan fransız casusdan xəbər var

2689 28.05.2024 09:28 Siyasət A A

Çingiz Qənizadə: “Onun əfvə düşməsi indiki halda mümkün deyildi”

Ötən həftəsonu Fransa səfiri Ann Buayon ilk dəfə Laçında oldu. Diplomat Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri, o cümlədən hərbi attaşelərin iştirakı ilə COP29-la əlaqədar təqdimat mərasiminə qatıldı.  Bu, pozitiv hadisə olsa da, hələ ki səfiri Şuşaya ayaq basmayan tək dövlət yenə Fransadır. 

Azərbaycan-Fransa münasibətləri isə öz tarixinin ən qəliz dövründən keçir. Bunun da günahı əlbəttə ki, bizdə deyil. Regionun vazkeçilməz dövləti olan Azərbaycanla hesablaşmaq istəməyən, erməni separatizminin kökünü kəsmiş 44+1 günlük savaşın nəticələrini çətinliklə həzm edən Fransadadır. Dəlil-sübutlardan biri də fransız Martin Ryanın casusluğa görə ötən ilin dekabrında Bakıda həbs edilməsidir. Xatırladaq ki, M.Ryan “Merkorama” MMC-nin baş direktoru olub. Məlumatlara əsasən, Ryan onu məxfi əməkdaşlığa məcbur edən, sonradan Bakıdan qovulmuş Fransanın 2 DGSE (Xarici Kəşfiyyat Baş İdarəsi) agenti tərəfindən istifadə (manipulyasiya) edilib.

Martinin məhkəməsi nə vaxt başlayacaq? Proses nə qədər uzana bilər? Onun növbəti əfvə düşmə şansı varmı?

Çingiz Qənizadə: "Müxalifətin seçki bəhanəsinin heç bir əsası yoxdur"

Çingiz Qənizadə 

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a deyib ki, Fransa səfirinin Laçına səfəri müsbət haldır: “Səfirin Laçına səfərini ürəklə büruzə vermək istəmirlər. Əgər səfir işğaldan azad olunan Laçına gedibsə,  Şuşaya da gedəcək. Şuşaya da səfərlər olacaqsa, gedəcəklər. Fransa reallığı qəbul etməlidir. Şuşa, Laçın və işğaldan azad olunan digər ərazilər Azərbaycan torpaqlarıdır və orada keçirilən tədbirlərdə diplomatik korpus təmsilçiləri dəvətlidirsə, Fransa səfiri də iştirak etməlidir və  ya könüllü şəkildə gedib o ərazilərdəki erməni vandalizmini, erməni vəhşiliklərinin izlərini görməlidir. Bu gün Fransa ermənilərdən daha çox erməni rolunu oynayır”.

Çingiz Qənizadə deyib ki, Fransa, sadəcə, Azərbaycanın qələbəsini qəbul etməkdən yayınmağa çalışır: “Erməni separatizminin 30 illik kökünü 44 günə kəsdik. Eyni zamanda Fransa vətəndaşı Martin Ryan Azərbaycanda casusluğa görə həbsdədir və hazırda istintaq altındadır. Hesab edirəm ki, Fransanın Xarici Kəşfiyyat İdarəsi öz vətəndaşlarından bu cür cılız istifadə etməkdən çəkinməli idi. Martin Ryanı casusluğa cəlb etməklə ona da, ailəsinə də böyük bir problem yaradıblar. Yəni öz vətəndaşından çox erməni maraqlarını qoruyan bir dövlətin siyasi hakimiyyətinin işi bundan artıq ola da bilməz”.

Çingiz Qənizadə deyib ki, Martin Ryanın məhkəməsinin nə vaxt başlayacağı məsələsi istintaqın gedişatından asılıdır: “İstintaq hesab etsə ki, yeni hallarla bağlı da araşdırma aparılmalıdır, bu zaman istintaq müddəti artırıla bilər. Onun əfv məsələsi isə tamamilə başqa bir məsələdir. Əfv cənab Prezidentin konstitusion hüququdur. Əfvə barələrində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü çıxarılmış şəxslər düşə bilər. Hələlik Martin Ryanın işi məhkəməyə göndərilməyib, barəsində hökm də yoxdur. Onun əfvə düşməsi indiki halda mümkün deyildi”.

Elşən MƏMMƏDƏLİYEV, 
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR