İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda milli geyimlərdən ibarət böyük dəfilə gecəsi keçirilib - Fotolar FOTO

1267 07.05.2022 23:45 Mədəniyyət A A
 
Mayın 6-da Bakıda “Qarabağ Azərbaycandır! Şuşa - Ənənədən Gələcəyə” adlı böyük dəfilə gecəsi keçirilib.

Musavat.com bildirir ki, tədbir Bakı Milli Geyim Evinin təşkilatçılığı ilə Daş Salnamə Muzeyində təşkil olunub.

Dəfilə 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində qazanılmış Qarabağ zəfərinə və Azərbaycan Prezidentinin elan etdiyi 2022-ci il “Şuşa İli”nə həsr olunub.

Dövlət qurumları, səfirliklər, ictimai, mədəni xadimlər və KİV nümayəndələrinin iştirak etdiyi tədbirdə Qarabağ, xüsusən də Şuşaya aid 40-a yaxın qadın və kişi milli geyimləri, həmçinin araxçınlar nümayiş olunub.

Bakı Milli Geyim Evinin təsisçisi Könül Vəlibəyli illərdir Qarabağ geyimlərinin təqdim ediləcəyi günü səbirsizliklə gözlədiyini deyib:
“Bu gözəl Qarabağ geyimləri uzun illərdir dünyanın müxtəlif ölkələrində sərgilənib. 30 il nisgilini çəkdiyimiz torpaqlar azad olunduqdan sonra kolleksiyanı genişləndirmək qərarına gəldim. Bu gün təqdim olunan geyimlərdə Qarabağın ayrı-ayrı bölgələrinin, xüsusilə azad Şuşamızın milli naxışları öz əksini tapıb”.

Dəfilədə qonaq qismində iştirak edən Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova isə qeyd edib ki, mümkün qədər çox qədim ənənələrimiz, irsimiz təbliğ olunmalıdır:

"Təbii ki, bunun üçün bu işin həm peşəkarları, həm də fədailəri olmalıdır. Milli geyim hazırlamaq heç də asan deyil, çox vaxt aparır və peşəkarlıq tələb edir. Bir milli geyim hazırlayana qədər üç mövsümün geyimini tikmək olar.

Mənfur düşmənlərimiz, ermənilər  geyimlərimizi təkrarlaya bilməzlər, nə də zamanında o geyimlərdən geyiniblər. Arxiv görüntülərində onların geyimləri çox kasad, adi görünür. Bu, böyük bir faktdır. Bu baxımdan Qarabağ milli geyimlərinin inkişafı, onların tədqiq olunması, müvafiq elmi işlərin yazılması, kolleksiya, dəfilələr hazırlanması çox böyük bir işdir”.

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com 
 
 
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR