İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda Kibertəhlükəsizlik Mərkəzi nə işlə məşğul olacaq?

1251 30.03.2023 09:27 Texnologiya A A

Osman Gündüz: “Mərkəz ölkəmizin təhlükəsizliyinin qorunmasında mühüm rol oynayacaq”

Ölkədə getdikcə artan kibertəhlükəsizlik çağırışlarına cavab olaraq, “PAŞA Holding” Şirkətlər Qrupunun dəstəyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İsrailin texnologiya üzrə ən nüfuzlu ali təhsil müəssisəsi - “Technion” İnstitutu ilə birgə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzini təsis edib. Bildirilir ki, ölkənin kibertəhlükəsizlik imkanlarını gücləndirmək məqsədilə yaradılan mərkəz bu sahədə yüksək ixtisaslı mütəxəssis və təlimçilərin yetişdirilməsində əsas mərkəz rolunu oynayacaq. Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində 3 il ərzində 1 000-dən çox şəxsə təlim verilməsi nəzərdə tutulub. Eyni zamanda mərkəzdə 15 təlimçinin yetişdirilməsi sayəsində gələcəkdə ölkəmizdə kibertəhlükəsizlik sahəsində mütəxəssislərin hazırlanması geniş vüsət alacaq.

Kibertəhlükəsizlik sahəsində regionda lider ölkələrdən hesab edilən İsrailin peşəkar müəllim heyəti Azərbaycana gələrək təlim iştirakçılarını ən son kibertəhlükəsizlik təhdidlərini, tendensiyaları və ən yaxşı təcrübələri əhatə edən bilik və bacarıqlarla təmin edəcəklər.

Mərkəzdə ən müasir texnologiya və avadanlıqlarla təchiz olunmuş sinif otaqları, təlim otaqları, simulyasiya otaqları və laboratoriyalar yaradılıb. Tələbələr həmin laboratoriyalarda tədqiqat apara, müxtəlif kibertəhlükəsizlik məhsulları yarada biləcəklər.

Qlobal rəqəmsal çöküşün verdiyi dərslər - Osman Gündüz

 Osman Gündüz

“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz mövzu ilə bağlı deyib ki, İsraillə birlikdə yaradılan Kibertəhlükəsizlik Mərkəzi  ölkəmizin təhlükəsizliyinin qorunmasında mühüm rol oynayacaq: “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) İsrailin "Technion" İnstitutu ilə birgə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzini təsis edib. İsrailin peşəkar müəllim heyəti Azərbaycana gələrək bu mərkəzdə peşəkar təlimçilər də yetişdirəcək. Mərkəzdə 3 il ərzində 1000 nəfərə təlim keçirilməsi nəzərdə tutulub. Təlim proqramları “Technion” İnstitutu tərəfindən hazırlanıb. Təlimlərdə 3 növ mütəxəssisin hazırlanması planlaşdırılır: “Red Team” (hücum), “Blue Team” (müdafiə), “SOC Team” (analitika). Kibertəhlükəsizlik sahəsində səlahiyyətli dövlət qurumu olan DTX rəisinin də bu mərkəzə dəstək verməsi gələcəkdə burada hazırlanan kadrlardan daha səmərəli  istifadə ediləcəyini düşünmək üçün əsaslar verir. Düşünürəm ki, RİNN tərəfindən belə bir mərkəzin yaradılması çox faydalı bir addımdır və bununla ölkənin kibertəhlükəsizlik imkanlarının xeyli güclənəcəyini, bu sahədə daha peşəkar kadrların hazırlanacağını proqnozlaşdırmaq olar".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR