Binəqədi rayonunun Biləcəri qəsəbəsində kanalizasiya borusunda baş verən sızma sakinlərin narazılığına səbəb olub.
Bu barədə Musavat.com-a qəsəbə sakinləri müraciət ediblər.
Onların sözlərinə görə, 1 May massivi, ev 14-A ünvanının yaxınlığından keçən kanalizasiya borusunda deşilmə yaranıb. Nəticədə kanalizasiya suları ətrafa axaraq antisanitar vəziyyət formalaşdırır.
Sakinlər bildirirlər ki, problem təxminən bir ilə yaxındır davam edir:
“Kanalizasiya suyu ətrafa dağılır və iydən durmaq olmur. Dövlət qurumlarının bu məsələyə əncam çəkməsini istərdik. Çünki üfunət qoxusu həyətlərimizə qədər yayılır”.
Sakinlər problemin qısa zamanda aradan qaldırılması üçün aidiyyəti qurumların müdaxilə etməsini istəyirlər.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Musavat.com-a bildirilib ki, məsələ ilə bağlı Binəqədi Sukanal İdarəsinə məlumat verilib. Əraziyə briqada cəlb ediləcək, tullantı su xətti yoxlanılacaq, tutulma varsa, aradan qaldırılacaq.
Şahanə Rəhimli
Musavat.com






