İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda 40 min taksi sürücüsünün ixtisarı - risklər

2913 20.03.2024 09:27 Ölkə A A

Ekspertlər hesab edir ki, taksi sayını azaltmadan öncə ictimai nəqliyyatın sayını artırmaq lazımdır

Paytaxtımızda müvafiq strukturlar nəqliyyat sektoru, o cümlədən taksi fəaliyyəti ilə fəal məşğul olmağa başlayıb. Ötən yay bu xidmətin qiyməti artsa da, Bakıda taksilər ucuzluğuna görə hələ də populyardır. Onlar adətən ünvana tez çatırlar və siz kifayət qədər rahat şəraitdə səyahət edirsiniz. 

Amma paytaxt sakinlərinin vaxtaşırı şikayət etdikləri çatışmazlıqlar da var. Təhlükəli sürücülük, kobudluq, sizi təyinat yerinə çatdırmaqdan imtina etmək, pulun qalığını qaytarmamaq və s. Bəzi müştərilər bu kimi problemlərlə üzləşirlər. Həm də ona görə ki, heç bir kriteriyaya cavab verməyənlər də taksi sürücüsü olurlar. 

Bu vəziyyəti dəyişmək üçün indi “Avtomobil nəqliyyatı haqqında” Qanuna əsasən, taksi sürücüləri avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən etik standartlar və qaydalar üzrə xüsusi təlim keçməlidirlər. Təlimi müvəffəqiyyətlə bitirənlərə sertifikatlar verilir və yalnız onlar sürücülük fəaliyyəti ilə məşğul ola bilərlər. Bundan başqa, taksi kimi istifadə olunan avtomobillərin xarici görünüşünə və texniki göstəricilərinə qoyulan tələblərlə bağlı layihələr hazırlanıb. 

Lakin dəyişikliklər taksi sürücüləri üçün bununla da bitmədi. Ola bilsin ki, yaxın gələcəkdə onların sayı xeyli azalacaq. Belə olan halda taksi qiymətlərinin qalxacağını və işsizlərin sayının nəzərəçarpacaq dərəcədə artacağını güman etmək məntiqlidir. 

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bu yaxınlarda taksilərin sayını 20 minə qədər azaltmağın planlaşdırıldığını açıqlayıb. Onun sözlərinə görə, ötən yaydan etibarən qanunvericiliyə edilən dəyişikliklərlə taksilərin sayı 67 mindən 60 minə düşüb. Rəsmi şəxs qeyd edib ki, bu, 40 min insanın işsiz qalacağı anlamına gəlmir və bizdə ictimai nəqliyyatda sürücü çatışmazlığı var, yükdaşımalarda da sürücülərə ehtiyac var. 

Əvvəlcə başqa iş təklif edin, sonra çörəklərini əllərindən alın - Ayna.az

Nəqliyyat sahəsi üzrə ekspert, “Sürücülərin Maarifləndirilməsinə Yardım” İctimai Birliyinin sədri Fazil Məmmədov  Ayna.az saytına  deyib ki, paytaxtda taksilərin real sayı açıqlanan rəsmi rəqəmlərdən xeyli çoxdur: “Bakıda 200 minə yaxın insan taksi sürücüsü işləyir və bunların çoxu iş yerinin olmaması səbəbindəndir. Buna görə də şəxsi avtomobili olan bir çoxları sürücülüklə məşğul olurlar, çünki bir şeylə yaşamaq lazımdır. Və sual olunur: daha taksi sürücüsü işləyə bilməyənlər nə etməlidir? Rəsmi statistikanı götürsək belə, 40 minə yaxın insan gəlirsiz qalacaq, onlardan cəmi 500-ə yaxını avtobus sürücüsü ola biləcək”.  Bakıda tıxacı azaltmaq üçün taksilərin sayını azaltmaqla iş bitirmi? Bu cür addım paytaxtda sosial gərginlik riski yarada bilərmi?

Avtomobil idxalı asanlaşa bilər: DGK-nin yeni xidməti | No Comment

Yasin Mustafayev

Nəqliyyat eksperti Yasin Mustafayev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, nəqliyyat sahəsində yaranan problemlər, hazırkı çıxılmaz vəziyyət kompleks şəkildə həll olunmalıdır: “Avtobus zolaqları yaradılmalıdır. Çeşidli nəqliyyat vasitələri təşkil edilməlidir, metro stansiyalarının sayı artırılmalıdır. Avtobus zolaqlarına nəzarət gücləndirilməldir. Velosiped zolaqları, piyadaların gəzməsi üçün səkilər olmalıdır. İctimai nəqliyyatı təşviq etmək üçün videoroliklərin hazırlanması, saydıqlarımızın hamısı bu prosesin komponentləridir. Ola bilər ki, gələcəkdə bütün bu proseslər həyata keçirildikcə, taksiyə tələbat azalsın. Hazırda bizdə islahatlar həyata keçirilir. Nazir müavininin göstərdiyi 20 min rəqəmi isə ən sonda olacaq. İndi bu sayın 60 mindən 20 minə endirilməsi deyilir. Hazırda bu mümkün deyil. Yəqin ki bu proseslər yavaş-yavaş öz həllini tapdıqca 20 minə çatacaq. İndidən belə rəqəmlər açıqlananda insanlarda narahatlıq yaranır, 40 min insan harada işləyəcək deyə soruşulur. 500 əlavə avtobus gətiriləcək. 500 əlavə iş yeri açıqlanacaq. Hazırda o avtobuslarda sürücü çatışmazlığı var. İndi parkinqlər təşkil edilib, orada da xeyli insan cəlb edilib, əlavə iş yerləri açılıb. Bunlar təşkil edildikcə, bir yandan işçi azalır, bir yandan da işə qəbul edilir. Təbii ki, işə götürülən işdən çıxandan az olmayacaq. Bakının Baş Planında nəzərdə tutulub ki, 2040-cı ilə qədər bu islahatlar həyata keçiriləcək, ən son bu rəqəmlərə çata biləcəyik. Amma indidən rəqəmləri açıqlamaq doğru deyil”. 

Eldəniz Cəfərov: 'Bakının mərkəzində tramvayları bərpa etmək mümkün deyil'

Eldəniz Cəfərov 

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı. O dedi ki, Bakıda yaranan tıxacların bir sıra səbəbləri var: “Tıxacların baş verməsində əsas səbəb avtomobillərin çoxluğu deyil, yolların yoxluğudur. Düzgün infrastrukturun qurulmaması ilə bağlıdır. Hətta artıq ləğv edilmiş Bakı Nəqliyyat Agentliyinin də tıxaclarla bağlı bir videoçarxı var idi. Orada da etiraf olunmuşdu. Göstərilirdi ki, yol infrastrukturunun bərbad qurulması səbəbindən tıxaclara gətirib çıxarır, butulka effekti verir və s. Yəni özləri etiraf etmişdilər ki, bu tıxacların yaranmasında onların özlərinin də bir növ payı var. Bakı iri sənaye şəhəridir, əhali sayı çoxdur. Bakıda mədəni həyat zəngindir, burada hər gün tədbirlər keçirilir. Belə olanda da məlumdur ki, yollar bağlanır, tıxaclar əmələ gəlir. Burada vətəndaşların payına düşən məsələ çox cüzidir. Yalnız bəzi məsuliyyətsiz sürücülərin avtomobili yolun ortasında park etmələridir. Çünki Bakıda nə yaşayış, nə qeyri-yaşayış obyektlərinin parklanma yeri yoxdur. Çoxmərtəbəli ticarət, biznes mərkəzlərini, yaşayış obyektlərini görürük, bunların heç birinin parklanma yerləri yoxdur. Bunlara parklanma ilə bağlı heç bir tələb irəli sürülməyib. İndi də günah nədənsə vətəndaşın üzərinə yıxılır. Bu da düzgün deyil. Yaxşı olardı ki, biz əvvəldən parklanma məsələlərini həll edək. Yaşayış və qeyri-yaşayış obyektlərinin sahibləri qarşısında tələb qoyulsun ki, obyekt istifadəyə verilirsə, bunun parklanma yeri olmalıdır”. 

Ekspert əlavə edib ki, taksi sayı bu gün həddən artıq çoxdur: “Peşəkar bir xidmət sahəsi kimi bu xidmət artıq sıradan çıxır. Əyləncə naminə, yüngül qazanc naminə taksi xidmətinə gələnlər var. Bölgələrdə artıq cavan insanlar qalmayıb. Hamı əlində olan torpağını, kənd təsərrüfatını satıb, Bakıya gəlir, icarəyə avtomobil götürür, taksi sürücülüyü ilə məşğul olur. Heç yaxşı qazana da bilmirlər. Xarici taksi şirkətləri onları istismar edirlər. Sutkada onları 16 saat çalışdırırlar. Bu gün taksi sahəsində özbaşınalıq mövcuddur. Taksilərin sayının artması da əsasən ictimai nəqliyyatın, metronun yaxşı çalışmaması səbəbi ilə artıb. Marşruta buraxılan avtobusların sayı çox olsaydı, vətəndaşlar saatlarla avtobus gözləməsəydi, bu qədər taksiyə ehtiyac olmazdı. İctimai nəqliyyatın da cəlbediciliyini artırmalıyıq. Dayanacaqlardan ödəmə terminallarının yığışdırılması da insanları avtobuslardan istifadə etməməyə sövq elədi. Eyni zamanda nasaz avtobuslar, mədəniyyətsiz sürücülər, əlilliyi olan şəxslərə avtobusa minməsi üçün köməkliyin göstərilməməsi, bütün bunlar gətirib ona çıxardı ki, insanlar taksi fəaliyyətindən imtina etdilər. Taksi sayı da artmağa doğru getdi. Bundan sonra atılan addımlar qanunvericiliklə tənzimlənəcək. Təbii yolla bu say azalacaq. Burada paralel iş getməlidir. İctimai nəqliyyatın sayı artmalıdır ki, taksi sayı azalsın. Əks təqdirdə, insanlar yolda qalacaq. Yollarda qalan insanların Bakının iqtisadiyyatına vurduğu ziyan daha çox olacaq. İstehsalat sahəsinə gedib çatmayan vətəndaşın iqtisadiyyata vurduğu zərər daha çoxdur. Ona görə ictimai nəqliyyatı gücləndirməyə ehtiyac var”. 

 Afaq MİRAYİQ,
“Yeni Müsavat”



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR