Bakıda nəqliyyat sıxlığı artıq təkcə sürücülərin deyil, şəhər sakinlərinin gündəlik həyat keyfiyyətinə təsir edən əsas problemlərdən birinə çevrilib. Səhər və axşam saatlarında paytaxtın əsas magistrallarında yaranan tıxaclar həm vaxt itkisinə, həm iqtisadi zərərlərə, həm də ekoloji problemlərin dərinləşməsinə səbəb olur. Məhz bu səbəbdən son illər dünyanın bir çox iri şəhərlərində tətbiq olunan çevik və dəyişkən iş qrafiki modeli Azərbaycanda da gündəmə gətirilib.
“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində dövlət qurumlarının, təhsil və tibb müəssisələrinin, eləcə də digər təşkilatların fəaliyyətinin fərqli saatlarda təşkili nəzərdə tutulur. Gözləntilərə görə, bu yanaşma insanların eyni vaxtda işə və ya təhsil müəssisələrinə üz tutmasının qarşısını alaraq nəqliyyat yükünü gün ərzində daha balanslı şəkildə bölüşdürəcək.

Lakin məsələ yalnız tıxacların azaldılması ilə məhdudlaşmır. Ekspertlər qeyd edir ki, dəyişkən iş qrafiki əmək bazarına, biznes mühitinə, işçi məhsuldarlığına, xidmət sektoruna və hətta ailələrin gündəlik həyat tərzinə də təsir göstərə biləcək bir yenilikdir. Bir sıra Avropa ölkələrinin təcrübəsi göstərir ki, düzgün planlaşdırılmış çevik iş saatları həm iqtisadi səmərəliliyi artırır, həm də şəhər infrastrukturuna düşən yükü azaldır.Bəs Azərbaycanda bu model gözlənilən effekti verə biləcəkmi? İş saatlarının dəyişdirilməsi iqtisadi baxımdan hansı üstünlükləri və riskləri yarada bilər? Sahibkarlar və əmək bazarı bu dəyişikliklərə nə dərəcədə hazırdır?
Natiq Cəfərli Musavat.com-a deyib ki, Azərbaycanın əmək bazarı özünəməxsus spesifik xüsusiyyətlərə malikdir: "Ölkədə rəsmi çalışanların təxminən yarısı dövlət sektorunda, yarısı isə özəl sektorda fəaliyyət göstərir. Dövlət sektorunda iş qrafikinin tənzimlənməsi nisbətən daha asandır, çünki bu, bir qərarla həyata keçirilə bilər. Lakin özəl sektorda vəziyyət bir qədər daha mürəkkəbdir. Yəni, dövlət özəl sektora birbaşa göstəriş verə bilməz, ən azından bu, mümkün deyil. Amma onu təşviq edə bilər.
Məsələn, çevik iş qrafikinə keçən özəl müəssisələr üçün müəyyən güzəştlərin tətbiq olunması təklif edilə bilər ki, onlar da bu sistemdən yararlansınlar. Ölkədə səhər yeməyi verən kafelər var. Əgər onlara deyilsə ki, “siz saat 10-da açılın, işçilər də 10-da gəlsin”, bu, onların biznes gəlirlərini və dövriyyələrini azalda bilər. Ona görə də belə hallarda müəssisələrə əlavə stimul və ya alternativ təkliflər verilməlidir ki, iş qrafikinin dəyişdirilməsinə şərait yaradılsın. Eyni vəziyyət ərzaq mağazalarına da aiddir. Xüsusilə şəbəkə marketlərində on minlərlə insan çalışır. Onlara sadəcə “səhər açılmayın” demək real deyil. Müxtəlif yanaşmalar ola bilər, amma bu proses yalnız təşviq mexanizmləri ilə, həm biznesə, həm özəl sektora, həm də dövlət sektorunun iş prinsiplərinə mane olmadan tənzimlənə bilər".
Ekspert həmçinin vurğulayıb ki, bu yanaşma müəyyən qədər tıxacların azalmasına da səbəb ola bilər, lakin problemin tamamilə həll olunacağını demək çətindir: "Məsələn, məktəbləri necə tənzimləmək olar? Əsas tıxac yaradan məkanlardan biri də məktəblərdir. Əgər məktəblərdə çevik dərs qrafiki tətbiq olunsa və dərslər tək bir saatda deyil, məsələn, bir hissəsi 8-də, bir hissəsi 9-da, bir hissəsi 10-da, bir hissəsi 11-də başlasa, bu zaman şagirdlərin gediş-gəlişini necə təşkil etmək olar?
Kiçik yaş qruplarında isə valideynlər uşaqları işə gedərkən məktəbə aparırlar. Belə olduqda, onları kim aparacaq? Məktəb servisləri sistemi olacaqmı? Yəni suallar çoxdur, amma istiqamət maraqlıdır və bu sahədə müəyyən addımların atılması mümkündür".
İqtisadçı Eldəniz Əmirov isə təklif olunan modelin Bakı şəhərində ciddi effekt verməyəcəyi qənaətindədir:"Bu model əsasən tıxacların günün cəmi 1-2 saatında yarandığı şəhərlərdə işləyir. Bakıda isə səhərdən gecəyə qədər davam edən davamlı nəqliyyat yüklənməsini 1-2 saatlıq qrafik dəyişiklikləri ilə həll etmək mümkün deyil.Bu dəyişiklik məcburi və kütləvi xarakter daşıyarsa, kiçik müsbət təsirləri istisna deyil".
Eldəniz Əmirov məsələnin mənfi tərəflərindən də söz açıb:"Dövlət və özəl sektor arasında koordinasiya problemləri, ailələrin gündəlik planlamasında çətinlikləri, iş və sosial həyat balansının daha da pozulması kimi hallar yarana bilər. Bir sözlə, həddindən artıq mərkəzləşmə dəyişmədən qalarsa, tıxac qaçılmaz olacaq".
Xalidə Gəray
Musavat.com






