İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı regional enerji tranziti mərkəzinə çevrilir - təhlil

709 14.05.2024 11:49 İqtisadiyyat A A

Mərkəzi Asiyadan Avropaya enerji xətti: Xəzərin dibi ilə yüksək gərginlikli kabelin çəkilməsi layihəsinin texniki-iqtisadi əsaslandırması hazırlanır

Azərbaycan, Qazaxıstan və Özbəkistan Avropaya yaşıl enerji ixracı sahəsində əməkdaşlıqla bağlı real addımlar atmağa başlayıb. Mayın 1-də üç ölkənin iqtisadiyyat və energetika nazirləri üç ölkənin enerji sistemlərinin inteqrasiyasına dair əməkdaşlıq memorandumu imzalayıblar. 

Bakı, Astana və Daşkənd həmçinin yaşıl enerjinin istehsalı və onun Avropaya ixracı üzrə birgə məqsədlər müəyyən edib. Qazaxıstan Energetika Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, memorandum iştirakçıların Xəzər dənizinin dibi boyunca və digər ölkələrin ərazisində yüksək gərginlikli kabel çəkməklə texniki və iqtisadi baxımdan ən optimal yaşıl enerji ticarətinin həyata keçirilməsi ilə Azərbaycan və Qazaxıstan və Özbəkistandan enerji sistemlərinin birləşdirilməsi imkanlarını araşdırmaq niyyətində olduğunu nəzərdə tutur.

Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev qeyd edib ki, əvvəllər Xəzərin dibi ilə dərin dəniz kabelinin çəkilməsi üçün texniki şərt layihəsi hazırlanıb: “Yuxarıda göstərilənlərə əsasən, texniki tapşırığın bir hissəsi olaraq yaşıl enerjinin satışı üçün beynəlxalq ötürmə dəhlizlərinin (maliyyələşdirmə, gəlir axını və mülkiyyət) inkişafı üçün təklif olunan biznes modeli hazırlanacaq. Üç ölkənin energetika nazirlikləri arasında Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemləri arasında qarşılıqlı əlaqə üzrə əməkdaşlıq memorandumunun layihəsi hazırlanıb”.

Mayın 10-da isə məlum olub ki, artıq Qazaxıstan, Azərbaycan və Özbəkistan Avropa İttifaqı ölkələrinə yaşıl enerji satmaq üçün enerji sistemlərinin inteqrasiyası və Xəzər dənizinin dibi ilə yüksək gərginlikli kabelin çəkilməsi layihəsinin texniki-iqtisadi əsaslandırmasını (TES) hazırlamağa başlayıblar. Almasadam Satkaliyev bildirib ki, “təmiz elektrik enerjisi almaqda maraqlı olan Aİ ölkələri ilə ilkin işlər aparılıb”. Onun sözlərinə görə, elektrik enerjisinin ixracı üçün Xəzəryanı və Aral zonalarının külək potensialından istifadə edilməsi planlaşdırılır: “Biz indi layihənin texniki-iqtisadi əsaslandırmasını hazırlamağa başlamışıq, ona uyğun olaraq tikinti müddəti müəyyən ediləcək.Texniki-iqtisadi əsaslandırma üzrə ilkin nəticələri ilin sonuna qədər əldə etmək planlaşdırır”.

Qeyd edək ki, 2022-ci ilin dekabrında Buxarestdə  “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Avropa Komissiyası sazişdə nəzərdə tutulan Qara dənizin dibi ilə 1195 kilometrlik kabelin çəkilişi üçün 2,3 milyard avro vəsait ayırıb. Azərbaycandan Avropaya elektrik enerjisi ötürəcək sualtı kabel xəttinin çəkilməsi layihəsinin texniki-iqtisadi əsaslandırmasını İtaliya şirkəti hazırlayır. Bu iş Dünya Bankının ayırdığı 2,5 milyon avro hesabına həyata keçirilir. 2023-cü ilin iyulunda Sazişin iştirakçısı olan dörd ölkə arasında birgə müəssisənin yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb. 

İlkin olaraq Qara dənizin dibi ilə Avropaya 1 Mvt gücündə kabelin çəkilməsi planlaşdırılsa da, Azərbaycanın təklifi ilə güc 4 Mvt-a çatdırılıb. 

Layihənin icrası istiqamətində ilk addımlar atılan vaxtdan məlum oldu ki, Qazaxıstan və Özbəkistan da onda iştiraka maraq göstərirlər. Beləliklə, Xəzərin o tayından enerjinin bu taya ötürülməsi məsələsi ötən il gündəmə gətirilib, onun icrası istiqamətində ardıcıl addımlar atılmağa başlayıb. 2023-cü ilin noyabrında Azərbaycan, Qazaxıstan və Özbəkistan texniki əsaslandırmalar hazırlamaq və gələcəkdə Avropaya yaşıl enerji ixrac etmək üçün birgə müəssisə yaratmaq barədə razılığa gəliblər. Bu barədə razılıq üç ölkənin energetika və iqtisadiyyat nazirlərinin Bakıda keçirilən görüşündə əldə olunub. Görüşün yekun bəyannaməsində “ölkələrin bərpa olunan enerji sahəsində potensialı və alternativ mənbələrdən Avropaya elektrik enerjisi ixracı layihəsinə qoşulmağa hazır olduqları” qeyd edilib. Nazirlər enerji mübadiləsi, yaşıl hidrogen və yaşıl ammonyak ixracının inkişafı, eləcə də müvafiq infrastruktur sahəsində əməkdaşlıq üçün texniki tapşırıqların hazırlanması üçün işçi qrupun yaradılması barədə razılığa gəliblər. Üç ölkənin nümayəndələri həmçinin layihənin həyata keçirilməsi üçün birgə müəssisənin yaradılması perspektivini araşdırmaq qərarı qəbul ediblər.

Qeyd edək ki, 1 yanvar 2023-cü il tarixinə Qazaxıstanda elektrik enerjisi istehsalı 204 elektrik stansiyası (74 ənənəvi, 130 bərpa olunan enerji) tərəfindən həyata keçirilir. Qazaxıstanda elektrik stansiyalarının ümumi quraşdırılmış gücü 24523,7 MVt, mövcud gücü 19024,3 MVt təşkil edir.  Eyni zamanda bərpa olunan enerji mənbələrinin ümumi quraşdırılmış gücü 2388 MVt, o cümlədən külək elektrik stansiyaları - 957 MVt, günəş elektrik stansiyaları - 1149 MVt, su elektrik stansiyası (bundan sonra - SES) - 280 MVt, bioqaz elektrik stansiyaları - 2 MVt-dır.

Qazaxıstanda elektrik enerjisinin 70 faizdən çoxu kömürdən, 15 faizi su ehtiyatlarından, 10 faizi qazdan, 5 faizə yaxını isə neft məhsullarından əldə olunur. 

Qazaxıstan bərpa olunan enerji mənbələrinin inkişafı üzrə hüquqi bazanın yaradılması sahəsində MDB ölkələri arasında aparıcı yerlərdən birini tutur. Ölkə 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin payını 15 faizə çatdırmağı hədəfləyir. Bu hədəfə 1 QVt gücündə bir neçə iri layihə ilə nail olmaq planlaşdırılır.

Avropa şirkətləri Qazaxıstan hökuməti ilə ölkənin qərbində 40 QVt-a yaxın külək və günəş enerjisi gücü yaradılacaq nəhəng layihənin həyata keçirilməsi üçün saziş imzalayıblar. Bu, Qazaxıstanın indiki bütün elektrik enerjisi sənayesindən üç dəfə çoxdur.

Özbəkistana gəlincə, son 4 ildə bu ölkə 10,1 milyard dollar dəyərində 25 müasir elektrik stansiyasının tikintisinə dair müqavilələr bağlayıb və onlar 2026-cı ilin sonunadək istifadəyə veriləcək. Ümumi gücü 11,9 min MVt olan 25 elektrik stansiyasından doqquzu istilik, doqquzu günəş, yeddisi isə külək enerjisi ilə işləyəcək. Onların istismara verilməsi Özbəkistanın enerji sisteminin mövcud gücünün 60 faiz artmasına səbəb olacaq. Buraya 4,3 min MVt gücündə yaşıl elektrik stansiyalarının işə salınması da daxildir. İri günəş və külək elektrik stansiyaları 2,1 min MVt təşkil edəcək. Günəş panellərinin quraşdırılacağı evlər, müəssisələr və sosial obyektlər üçün - 1,2 min MVt.

İlham Şaban: "Azərbaycan üzərindən neft daşınması artır" » Reyting.az

 İlham Şaban

Enerji məsələləri üzrə ekseprt İlham Şabanın fikrincə, Transxəzər enerji xəttinin çəkilməsi layihəsi indiyədək Xəzərin o tayından bu tayına çəkilməsi planlaşdırılan bütün infrastruktur obyektlərinin hamısından daha realdır: “Əvvəla, Xəzərin dibi ilə kabel xəttinin çəkilməsi sahəsində Azərbaycanın təcrübəsi çoxdan var. 20-ci əsrin əvvəllərində Türkmənistanın Krasnovodsk - indiki Türkmənbaşı limanından Bakıya sualtı teleqraf xətti çəkilib. Bu xətt uzunluğuna görə dünyada sualtı çəkilən ən uzun xətt olub. Sonradan bu xətt yenilənib, indi də fəaliyyət göstərir. Yəni Xəzərin dibi ilə kabel çəkilməsi yeni bir iş deyil, ekoloji baxımdan heç bir təhlükə törətməyən prosesdir. Aktaudan Bakıya sualtı yüksək gərginlikli elektrik kabelinin çəkilməsi üçün əlavə mühəndis-geoloji tədqiqatlara ehtiyac duyulmayacaq. Çünki son illərdə Azərbaycandan Aktauya, Avropadan Çinə genişzolaqlı internet trafiki ötürəcək kabelin çəkilişi layihəsi həyata keçirilir. Bu layihə üzrə bütün tədqiqatlar, texniki-iqtisadi əsaslandırmalar həyata keçirilib və tezliklə onun fiziki çəkilişinə başlanacaq. Bu isə o deməkdir ki, həmin kabelin keçdiyi ərazidən elektrik enerjisi ötürən xəttin də çəkilməsi çox qısa müddətdə reallaşacaq”.

Ekspertin sözlərinə görə, Azərbaycana məxsus Neft Daşlarında istehsal olunan elektrik enerjisi 21-22 km aralıdakı platformalara sualtı kabellərlə çatdırılır: “Yəni bizim bu sahədə təcrübəmiz var. Lakin min meqavattlarla enerjini ötürəcək kabelin çəkilməsi üçün daha böyük və müasir texnologiyalara ehtiyac olacaq və yəqin ki, xarici şirkətlər də layihədə iştirak edəcəklər. Bu layihə bizim üçün çox səmərəli ola bilər. Azərbaycan Avropaya ixracı təmin etmək üçün böyük yaşıl enerji layihələrinin icrasına başlayır. Əgər Xəzərin o tayının enerjisini də bura əlavə etmək mümkün olarsa, bu, lap yaxşı olar. Yəni Azərbaycan bundan uduzmaz”.

İ.Şaban bildirir ki, günəş panelləri və külək qurğuları nəhəng əraziləri tutur və regionda bərpa olunan enerji resursları tükənməzdir: öz coğrafi mövqeyinə görə Özbəkistan, Qazaxıstan və Azərbaycan günəş və külək enerjisi üçün böyük potensiala malikdir: “Külək və günəş elektrik stansiyası qurmaq üçün böyük ərazilər lazımdır. Məsələn, Azərbaycanda Qaradağ Günəş Elektrik Stansiyası 230 MVt elektrik enerjisi istehsal etmək üçün 500 hektar ərazini tutur. Bu, çoxlu əraziniz olduqda, tamamilə gəlirli bir layihədir. Məsələn, Qazaxıstanda hökumətin heç bir şəkildə istifadə etmədiyi nəhəng yarımsəhra ərazisi bu iş üçün ən ideal yerdir. Özbəkistan ərazilərinin 80 faizi də səhra və yarımsəhralardır. Buna görə də orada imkanlar nəhəngdir, çünki bu ölkələrdə də çoxlu günəş və külək var. Burada biz Xəzər dənizinin nəhəng külək enerjisi potensialını da nəzərə almalıyıq”.

Bütün bunları nəzərə alan ekspert hesab edir ki, Transxəzər enerji xəttinin çəkilməsi, Mərkəzi Asiyanın yaşıl enerjisinin Azərbaycan üzərindən Avropaya ötürülməsi kifayət qədər gəlirli layihə olacaq.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR