İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bakı Prosesi” qlobal sülhə və təhlükəsizliyə töhvə verəcək

489 02.05.2024 19:59 Ölkə A A

Dünən və bu gün ölkəmizdə təşkil olunan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi və Forumda 110 ölkədən nümayəndənin, BMT-nin və digər mötəbər təşkilatların yüksək vəzifəli təmsilçilərinin iştirak etməsi  bir tərəfdən Azərbaycanın dünyada artan nüfuzundan, digər tərəfdən ölkəmizin ümumbəşəri dəyərlərə nə qədər sadiq qalmasından xəbər verir.

Dünyada hazırda hökm sürən qanlı münaqişələrin, mədəniyyətlər və dinlərarasında nifaq salmaq istəyənlərin “boy” qaldırması, çoxtərəflilik konsepsiyasının “gözardı” edilməsi və nəhayət, qlobal təhkükəsizlik arkitekturasının ciddi şəkildə zədələnməsi fonunda Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə bütün dinlərin və mədəniyyətlərin bir araya gətirilməsi, onların dialoqunun təşkili və ən ağrılı mövzuların həlli üzrə müxanizmlərin müzakirəsi Forumun tarixi və siyasi əhəmiyyətini  ikiqat artırır.

Etiraf etməliyik ki, hazırkı mürəkkəb tarixi və siyasi şəraitdə, bir çox ümumbəşəri dəyərlərin aşınmaya məruz qaldığı vaxtda belə bir çətin missiyanın öhdəsindən gəlmək iqtidarında olan ölkələrin dünyada sayı çox azdır. Mübaliğəsiz demək olar ki, Azərbaycan özünün keçmişi və bu günü, əldə etdiyi nailiyyətləri və qazandığı nüfuzu ilə bu az saylı ölkələrdən biri və bəlkə də birincisidir.

Cənab Prezidentin Forumun açılış mərasimində söylədiyi nitqində də bu tezislərə xüsusi yer verilir:  Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub. Bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz bu tendensiyaya imkan yaradıb. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşlarıdır, dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır”

Bundan başqa cənab Prezident Forumda  dünyada sülhü və təhlükəsizliyi ciddi şəkildə təhdid edən yeni münaqişələrin alovlanmasını, yeni müstəmləkə və məcburi assimilyasiya tendensiyalarının artmasını misal gətirərək dünya ölkələrinin bu təhlükələrə səssiz qalmamsının vacibliyini bildirdi və bütün bu mənfi trendlərin qarşısının alınmasında hamını həmrəy olmağa çağırdı. Əslində, belə bir cəsarətli  çağırış özünə güvənən dünya Liderinə xas olan bir çağırış idi.

Forumda yadda qalan xüsusi məqamlardan biri də o oldu ki, Azərbaycan dünyaya yeni sülh mesajı verdi, sülhün və sabitliyin etibarlı şəkildə qorunması üçün multukultural dəyərlərin yaşamasının, dinlər və xalqlar arasında, xüsusilə münaqişə tərəfləri arasında  dialoqun və anlaşmanın gücləndirilməsinin yeganə yol olduğunu bəyan etdi. Hətta, uzun müddət işğala, beynəlxalq cinayətlərə və ədalətsizliyə məruz qalmasına baxmayaraq, Azərbaycanın 2020-ci ilin Vətən müharibəsindən sonra Ermənistana sülh təklif etməsi dünyada rast gəlinən nadir nümunələrdən  biri kimi qiymətləndirildi.

“Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun digər bir unikallığı isə hazırda qanlı münaqişədə olan Rusiya və Ukrayna, İsrail və Fələstin nümayəndələrinin Bakıda bir araya gətirilməsi və gələcək sülh formulunun onların iştirakı ilə müzakirə edilməsi oldu.

Belə bir möhtəşəm mənzərənin şahidi olmaq “Bakı Prosesi” nin qlobal sülhə və təhlükəsizliyə ciddi töhvə verəcəyinə ümidləri daha da artırır.

 Azay Quliyev, 
Azərbaycanın ATƏT PA-da Nümayəndə Heyətinin rəhbəri, ATƏT PA-nın Baş Komitəsinin sədri

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR