İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Bakını və Tiflisi niyə sanksiyalarla hədələyir?

663 17.05.2024 12:14 Siyasət A A

Vaşinqton iki Cənubi Qafqaz ölkəsindən hansı seçimi etməyi tələb edir?

Qərb hazırda bütün informasiya - təbliğat qüvvələrini Tiflis küçələrinə töküb. Avropa Parlamentinin bir neçə ölkədən olan təmsilçiləri də daxil indi Qərb Tiflisdəki hadisələrə yön verməyə, daha doğrusu, “rus qanunu”na müqavimət təşkil etmək adı altında əvvəl paytaxtda, sonra isə bütün ölkədə vəziyyəti gərginləşdirməyə çalışır. 

Ukraynaya səfərində gecə klubunda gitara çalan dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri, ABŞ-ın sanksiya siyasəti üzrə koordinatoru O’Brayen Tiflisdə bəyan edib ki, Gürcüstanda demokratiya pozulacağı təqdirdə ABŞ Gürcüstan rəhbərliyinə sanksiyalar tətbiq edəcək. 

O deyib ki, Avropa standartlarına uyğun gəlməyən qanun layihəsi olduğu kimi saxlanılacağı, həmçinin, dinc nümayişçilərə qarşı zorakılıq göstəriləcəyi təqdirdə ABŞ-dan Gürcüstana birinci mərhələdə maliyyə məhdudiyyətləri tətbiq ediləcək. İkinci mərhələdə isə bu məhdudiyyətlər bütün bunlara görə məsuliyyət daşıyan şəxslərə qarşı səyahət sanksiyaları olacaq. Gürcüstanın baş naziri İrakli Kobaxidze isə qeyd edib ki, ABŞ-nin mümkün sanksiyaları tətbiq etməsi barədə söhbətlər qeyri-ciddidir. Dövlət Departamentinin Avropa və Avrasiya Bürosundakı müavini Ceyms O’Brayen bundan əvvəl ABŞ-ın məhz sanksiyalar siyasəti üzrə koordinatoru olub. ABŞ Senatı onu bu ilin oktyabrında dövlət katibinin köməkçisi vəzifəsinə təsdiqləyib.

Ceyms O’Brayen bir müddət əvvəl bildirib ki, son onilliklərdə Avropaya can atan, lakin dəqiq strategiyası olmayan, özünü “Rusiya və ABŞ arasında” görən ölkələr olub. “Bu mənzərə Xəzər sahillərindən, hətta Mərkəzi Asiyadan Adriatikə qədər müşahidə olunur. Bu, bizim təhlükəsizliyimiz, həm də həmin dövlətlərin sakinləri üçün ciddi problemdir. Bu boz məkan qaydalardan kənarda olmağı sevən siyasətçilərin çiçəklənməsinə imkan verir. Onlar hər hansı qayda olmadan hamı ilə oynaya bilər” deyə, O’ Brayen fikrini yekunlaşdırıb. O’Brayen mesajı kifayət qədər aydın verib. ABŞ rəsmisi demək istəyir ki, balanslaşmış siyasət daha faydasızdır, hətta həmin ölkələrin liderlərinə xeyirdir. Ona görə ya ABŞ-ı, ya Rusiyanı seçmək lazımdır. Yəni strateji dilemma...

Gürcüstan böyük ölçüdə ABŞ-ın “ştatı” olmaq funksiyasını itirib, “xarici agentlər” haqda qanun qüvvəyə minərsə, Tiflisdə ofis qurub oturmaq və ümumi Qafqazda siyasəti müəyyən etmək daha da çətin olacaq. Azərbaycan da müstəqil siyasət tərəfdarıdır və ABŞ-ın özünü “patron”u kimi yox, tərəfdaşı kimi qəbul edərək əlaqələrin inkişafını istəyir. Məlumdur ki, ABŞ-ın ermənipərəst  konqresmenləri Azərbaycanın yüksək vəzifəli məmurlarına qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini təqdim edib. Bayden administrasiyasından Qlobal Maqnitski Qanunu və ABŞ-ın digər qanunlarına uyğun olaraq 180 gün ərzində 44 məmura qarşı sanksiyalar barədə qərar qəbul etməyi tələb edəcək. Ötən ayın sonunda qondarma qanun layihəsi Konqresin Xarici işlər komitəsinə və Hüquq komitəsinə təqdim edilib, hələlik gələcək addımlar atılmayıb. Əgər qanun layihəsi qəbul olunarsa, Konqres Bayden administrasiyasından tələb edəcək ki, “Maqnitski qanunu” çərçivəsində azərbaycanlı məmurlara qarşı sanksiyalar tətbiq etsin. ABŞ Bakını və Tiflisi niyə sanksiya ilə hədələyir və bu siyasətlə nəyə nail olmaq istəyirlər? Vaşinqton iki Cənubi Qafqaz ölkəsindən seçim etməyi tələb edirmi?

Milli siyasət üzrə ekspert Sülhəddin Əkbərin bildirdiyinə görə, Rusiya və Qərb neytrallığını qoruyub saxlamağa çalışan ölkələrə təzyiqləri artıracaq. S.Əkbər hesab edir ki, bu baxımdan Azərbaycana təzyiqlər güclənəcək: “Azərbaycan Rusiya ilə yaxınlaşmaq istədikcə, Qərbdən təzyiqlər artacaq. Bu təzyiqlər başlayıb. Hazırda təzyiqlərin məqsədi budur ki, Azərbaycan bundan artıq Rusiya ilə yaxınlaşmasın. Azərbaycan bu günə kimi çalışıb ki, kollektiv hərbi və iqtisadi bloklara qoşulmasın. Hələ ki KTMT-yə və Avrasiya İqtisadi Birliyinə qoşulmur, amma dövlət başçısı demişdi ki, gələcəkdə Azərbaycanın maraqlarına uyğun olsa Aİİ-yə qoşula bilər. Ümumiyyətlə, bu geopolitik qarşıdurma dövründə aydınlaşa mərhələsinə gəlib çıxırıq və hər kəs strateji seçimini etməlidir”. 

Kimlər "KQB"nin agenti olub? – Sülhəddin Əkbər açıqlayır Pravda.az

Sülhəddin Əkbər

S.Əkbərin fikrincə, Gürcüstan və Ermənistan seçimini edib, Azərbaycanın indiki halda Rusiya ilə daha da yaxınlaşacağı gözlənilir: “Bu da əks istiqamətdən təzyiqlərin güclənəcəyi deməkdir və ona görə ölkə rəhbərliyi tələsməməlidir. Çünki daxildə ictimai-siyasi sabitliyin pozulması istiqamətində addımlar atıla bilər. Yəni Azərbaycan strateji seçim tələbi qarşısında qala bilər. Azərbaycana birbaşa təzyiq imkanları isə sanksiyalardır. Nəzərə alaq ki, ölkənin əsas gəlirləri neft-qaz ixracıdır. Rusiya və İrana olan sanksiyalar neft-qaz sənayemizə tətbiq edilsə, hansı nəticələri olacağını təsəvvür edin. Digər sanksiyalara Azərbaycan dözə bilər, məhəl qoymaya da bilər". Ekspertin fikrincə, qlobal mübarizədə güc mərkəzləri çalışır ki, ölkələri özünə tərəf çəksinlər: “Məsələn,  iyunda İsveçrədə Ukrayna konfransı olacaq, Azərbaycanın mövqeyi nə olacaq? Ona görə də seçim vaxtı çatır və Azərbaycana təzyiqlər güclənəcək. Seçim etsə, digər tərəfin təzyiqi olacaq, seçim etməsə, onda hər iki tərəfdən təzyiqlər güclənəcək. Elə bu günlərdə bir Azərbaycan şirkətinə sanksiya olmuşdu. Qərb birbaşa təzyiqi ilə yanaşı, Azərbaycanın müttəfiqləri olan Böyük Britaniya, Türkiyə, İsrail vasitəsi ilə də təsir edəcək”. 

Sözcü - Xəzər Teyyublu: Müstəqil Həmkarlar Birliyinin qaynar xətti yaradıldı

Xəzər Teyyublu

Siyasi Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublu ABŞ-dan sanksiya hədələrinin olmasını Gürcüstan və Azərbaycanın Rusiya ilə olan münasibətləri ilə əlaqələndirir. Hüquq müdafiəçisi sanksiyaların tətbiqini real saymır və Vaşinqtonun Tiflislə Bakıya hədə dilində mesaj göndərdiyini düşünür. Onun sözlərinə görə, sanksiyalar hər iki ölkəni daha da Rusiya ilə yaxınlaşdıra bilər: “Ona görə də çəkindirici siqnallar verilir. Amma Azərbaycan həm Qərb, həm Rusiya ilə bərabərhüquqlu tərəfdaş kimi münasibətlər saxlayır. Bizimlə sanksiya təhdidi ritorikasında danışmaq yox, əməkdaşlıq etmək lazımdır. Çünki Azərbaycan ABŞ əleyhinə hər hansı addım atmır”. X.Teyyublu Gürcüstanda mövcud iqtidarın Saakaşvili nümunəsindən dərs çıxardığı qənaətindədir: “Amerika yenə istəyir ki, gürcülər ruslarla düşmən kimi olsunlar. Bu gərginlik Gürcüstana zərər vurur. İndi Ermənistan eyni yoldadır”. 

Emil SALAMOĞLU
“Yeni Müsavat” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR