İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bakı Metropoliteni” konsert üçün müğənniyə 8 min manat verib? - ÖZƏL AÇIQLAMA

1818 05.03.2024 16:35 Ölkə A A

Bir neçə gün öncə yeniavaz.com saytı ““Bakı Metropoliteni” konsert üçün müğənniyə 8 min manat verəcək – Müəmmalı müqavilə” başlıqlı yazı dərc etmişdi. 

Qeyd olunmuşdu ki, “Bakı Metropoliteni” QSC tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında Cəlal Abbasov ilə 8 min manat dəyərində müqavilə imzalayıb.

İMZA.png (648 KB)

Musavat.com olaraq sözügedən müqavilənin detallarını öyrənmək üçün “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Xidmətinə sorğu ünvanladıq. 

Həmin sorğunun cavabını təqdim edirik: 

“Sorğunuza cavab olaraq bildiririk ki, 2024-cü il fevral ayının 27-də “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılmasının 10 ili tamam olub.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 27 fevral 2014-cü il tarixli 289 nömrəli Sərəncamı ilə Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti təsis edilib. Qurumun yaradılmasında əsas məqsəd paytaxtın aparıcı ictimai nəqliyyat infrastrukturuna yüksək beynəlxalq standartların gətirilməsi ilə müasir korporativ idarəetmə mexanizmlərinin tətbiqi, sərnişinlərə göstərilən nəqliyyat xidmətinin yüksəldilməsi, metropolitenin maddi-texniki bazasının texnoloji yeniliklər və innovativ layihələrlə gücləndirilməsi, dövlətin strateji qurumu olan Bakı metropoliteni üçün kadrların seçilməsi, yerləşdirilməsi və onların ixtisas səviyyələrinin artırılmasında şəffaflığın təmin edilməsi idi. Bu mənada 2024-cü il fevral ayının 29-da təsis edilmiş səhmdar cəmiyyətdə 10 il ərzində görülən işlərin yeni çağırışların tələblərinə uyğun panel formatında hesabat konfransı təşkil edilib.

Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2021-ci il tarixli 2500 nömrəli Sərəncamı ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verildiyindən, həmçinin “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli 289 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” ölkə başçısının 30 mart 2021-ci il tarixli 2549 №-li Sərəncamına əsasən, Cəmiyyətin fəaliyyətinə ümumi nəzarəti və rəhbərliyi həyata keçirən Müşahidə Şurası təsis edildiyindən adıkeçən tədbirdə məhz qeyd edilən hər iki təsisatın rəhbər nümayəndələri də iştirak edərək panel müzakirələrdə çıxış ediblər.

Onu da bildirmək istəyirik ki, paneldə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbər nümayəndəsinin də iştirakı ilə həm Bakı metropoliteninin ekoloji təmiz nəqliyyat kimi qiymətləndirilməsi, eyni zamanda son illərdə keçirilən irimiqyaslı ekoloji layihələr də yer alıb. Bundan savayı, 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, bununla yanaşı, iqlim dəyişikliyi ilə bağlı mötəbər COP29 konfransının keçirilməsinin Bakı şəhərinə həvalə edilməsi bu xüsusda tematik olaraq seçilib. Həmçinin, Bakı metropoliteninin bu 10 il ərzində müxtəlif irimiqyaslı sosial layihələr məkanına çevrilməsi, beynəlxalq hüquq normalarının tələbi, eləcə də Azərbaycan qanunvericiliyi və cənab Prezidentin müvafiq tapşırıqları əsasıında görülmüş işlərin müzakirəsi də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aidiyyəti rəhbər şəxsinin iştirakı ilə aparılıb. Qeyd edilənlərlə yanaşı, ötən 10 il ərzində Bakı metropolitenində həyata keçirilmiş irimiqyaslı təmir-bərpa və istismar fəaliyyəti ilə bağlı hesabatlar dinlənilib. Qeyd edilən tədbirdə ictimaiyyətin ən geniş nümayəndələri, eləcə də Bakı metropoliteni ilə ötən 10 il ərzində əməkdaşlıq edərək, müxtəlif layihələrdə xüsusi rol oynamış digər dövlət orqanları (qurumları), təşkilatlar və şirkətlərin, habelə ali tədris ocaqlarının rəhbər heyətləri də iştirak edib.

Konfrans ölkə mediası nümayəndələri ilə yanaşı nəqliyyat sahəsində fəaliyyət göstərən respublikanın aparıcı ekspertlərinin yaxından iştirakı şəraitində keçib, verilən suallar cavablandırılıb. Bir sözlə, “Bakı Metropoliteni” QSC-nin yaradılmasının 10-cu ildönümü yeni formatda, sadəcə, təqdimat deyil, eyni zamanda fikir mübadiləsi və açıq müzakirələr şəraitində baş tutub.

Səhmdar Cəmiyyətin yaranmasının 10-cu ildönümü belə tədbirlərə xas korporativ sosial məsuliyyət çərçivəsində işçilər və qonaqlar üçün müxtəlif bədii-musiqili proqramın keçirilməsi ilə başa çatdırılıb.

Bu məqsədlə Bakı metropoliteninin müraciəti əsasında tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında müqavilənin imzalanmasına aidiyyəti dövlət xidməti tərəfindən müvafiq araşdırma aparılmaqla razılıq verilib. Musiqiçi Cəlal Abbasov ilə 8 min manat dəyərində bağlanmış müqavilə konsert proqramının bütün təşkilati məsələlərini, o cümlədən musiqi, elektron və digər müvafiq texnika ilə təchizat, canlı musiqi müşayiəti ilə zəngin ədəbi-bədii proqramı əhatə edib. Konsert proqramında Cəlal Abbasovun canlı ifası və çıxışı ilə yanaşı, bəstəkar, virtuoz pianoçu Nizami Əliyev də əsərlərini təqdim edib.

Konsert proqramının hədəfi keçirilən hesabat konfransından sonra 10 il ərzində Bakı metropoliteni veteranları və əməkdaşlarının, o cümlədən bu nəqliyyat növünün inkişafında, innovativ layihələrin həyata keçirilməsində rolu olmuş işçilərin birlikdə asudə vaxtının səmərəli təşkili olub. Həyata keçirilən layihələrə çəkilmiş zəhmətə, fədakarlıq nümunəsinə minnətdarlığın ifadəsi kimi təşkil edilən tədbir mahiyyət etibarı ilə işçilərin stimullaşdırılması, həvəsləndirilməsi məqsədinə xidmət edib.

Konsert proqramının fraqmentləri canlı olaraq metropolitenin rəsmi sosial media səhifələrində canlı videoyayımlarla, habelə saytında məqalə və fotolarla işıqlandırılıb.

“Bakı Metropoliteni” QSC buna qədər də innovativ layihələrdə işçilərin fədakar, fəal əməyinin, təşəbbüskarlığının dəyərləndirilməsi xüsusunda kifayət qədər çoxsaylı müxətlif sosial layihələr həyata keçirib. Fərqlənən əməkdaşların ölkə xaricinə, Azərbaycanın dilbər guşələrinə turistik səfərləri, metropolitenin “Bilgəh” sağlamlıq mərkəzində istrahətinin ildən-ilə daha da təkmilləşən istirahət və xidmət paketlərinin, birgə korporativ məclislərin, paytaxtın tarixi və mədəni məkanlarına ziyarətlərin, mədəniyyət ocaqlarında birgə seyrlərin, güzəştli iaşə xidmətinin, metropolitençi övladları ilə seriya tədbirlərin və s. bu kimi çoxsaylı layihələrin təşkilini nümunə göstərmək olar. Bütün bunlar keçirilən konfransın da adının ehtiva etdiyi kimi dəyişməyən dəyərlərə hörmətin örnəyidir”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR