İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı Enerji Forumu - Şuşada vurulan akkord

627 04.06.2022 10:00 İqtisadiyyat A A

“Bütün maraqlar Azərbaycanda birləşdi, forumun əsas əhəmiyyəti odur ki...”

İyunun 3-də Bakı Enerji Forumu öz işini davam etdirib. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən forumda qlobal enerji perspektivləri, “yaşıl enerji”yə keçidin maliyyələşdirilməsi, qaz təchizatı məsələləri, Xəzər regionunda kəşfiyyat və hasilat imkanlarının xəritəsi və bir sıra digər aktual məsələlər müzakirə olunub.

Forumun proqramına aktual mövzular daxildir. Bunlar qlobal enerji perspektivləri, xalis sıfıra aparan yol, enerji sektorunda az karbonlu gələcəyə keçid üçün kadr potensialı, Xəzər regionunda kəşfiyyat və hasilat imkanlarının xəritəsi, ekoloji və sənaye təhlükəsizliyinin təmin edilməsi: yeni yanaşma və yeni texnologiyalar, neft-kimya kompleksinin inkişaf perspektivləri: cari və gələcək layihələrdir.

Qeyd edək ki, bu il forumda dünyanın 20 ölkəsindən 400-dən çox nümayəndə iştirak edir. Forum enerji sənayesinin aparıcı nümayəndələri ilə görüşmək, yeni səmərəli və qarşılıqlı əlaqələr qurmaq və mövcud əlaqələri genişləndirmək üçün unikal imkan yaradır. Forumun möhtəşəm yekunu Qarabağın işğaldan azad edilmiş ərazilərində baş tutacaq. İyunun 4-də Şuşa şəhərində Bakı Enerji Forumunun iştirakçıları ilə sessiya keçiriləcək. Bakı Enerji Forumu Azərbaycan Respublikası Energetika Nazirliyi və SOCAR-ın rəsmi dəstəyi ilə həyata keçirilir. Səfər sessiyası “Qarabağ regionunda yaşıl enerjinin potensialı və imkanları” mövzusuna həsr olunub.

Prezident İlham Əliyev: Builki “Bakı Enerji Həftəsi” qlobal enerji  bazarının əsas oyunçularını, beynəlxalq şirkətləri bir araya gətirir -  AZƏRTAC

Prezident İlham Əliyevin “Bakı Enerji Həftəsi”nin iştirakçılarına məktubunda bildirilib ki, Bakı Enerji Həftəsi Azərbaycan hökumətinin uğurla mübarizə apardığı pandemiyanın yaratdığı ikiillik fasilədən sonra yenidən təşkil olunur: “Həm canlı görüşlər, həm də bölgənin sənaye liderləri ilə canlı dialoq sərgi və forumun əhəmiyyətini daha da artırır. Builki Bakı Enerji Həftəsi daha dayanıqlı və təhlükəsiz enerji güclərinin yaradılması sahəsində yeni əməkdaşlıq üçün qlobal enerji bazarının əsas oyunçularını, beynəlxalq şirkətləri bir araya gətirir. Təqdirəlayiqdir ki, qlobal çağırışa çevrilmiş dekarbonlaşma, ”yaşıl enerji" növlərinin artırılması, habelə əlverişli və təhlükəsiz enerji təchizatı kimi məsələlər builki Enerji Həftəsində dialoqun əsas gündəliyini təşkil edir. Eyni zamanda Bakı Enerji Forumu enerji sektorunun əsas tədbiri statusu qazanmış Xəzər Neft və Qaz Konfransının ənənələrini davam etdirməklə yanaşı, gündəliyini yeni enerji seqmentləri ilə də genişləndirmişdir", - deyə məktubda vurğulanır.

Neft-qaz sərgisinin yekunu və Azərbaycan üçün siyasi əhəmiyyəti necə dəyərləndirilir? Gələn il bu tədbir Şuşada keçirilə bilərmi? Bu Şuşanın statusunun yüksəlməsi, bölgənin qalxınması və dünyaya açılması, iqtisadi əlaqələrin möhkəmlənməsi baxımından hansı töhfəni verərdi?

Oxu.az - İlham Şaban: Azərbaycan təkcə xam qazın satışı ilə  kifayətlənməyəcək

İlham Şaban

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı: “Tədbirdə xeyli ölkənin energetika nazirləri və hökumətdə enerji sektoruna məsul şəxslər iştirak edirlər.  Bu da ilk növbədə Azərbaycan qazına olan maraqdan irəli gəlir. Hətta qonşumuz Qazaxıstan enerji resurslarının Azərbaycan vasitəsi ilə dünya bazarlarına çıxarılması ilə yanaşı, qazın mayeləşdirilmiş şəkildə Bakıya çatdırılması məsələsini də nəzərində tutur. Forumda Moldova energetika naziri də Azərbaycana ümidli olduğunu dilə gətirdi. Serbiya energetika nazirinin çıxışından məlum oldu ki, TAP genişləndirildən sonra Azərbaycan qazını almaqda maraqlıdırlar, baxmayaraq ki, əsas təchizatçıları Rusiyadır və Avropada Kremllə xeyli isti münasibətləri var. Qaz idxalını Serbiya niyə artırmaq istəyir. Maraqlıdır ki, hazırda Serbiya elektrik enerjisindən istilik məqsədli istifadədə orta Avropa göstəricilərini 3 dəfə üstələyir. Ona görə də istəkləri əhali qrupu arasında qazlaşdırma səviyyəsini yüksəltməkdir ki, enerjidən daha qənaətlə istifadə edə bilsinlər.

Forumun yekunu olaraq dəyərləndirmə aparsaq, Bakı Enerji Forumu çərçivəsində Serbiya ilə əməkdaşlığa dair saziş imzalandı. Bundan əlavə, sabah (bu gün - red.) BP şirkəti ilə Azərbaycan hökuməti arasında Cəbrayıl günəş elektrik stansiyasının birgə işləməsinə dair saziş imzalanacaq. Maraqlı fakt odur ki, Dövlət Neft Şirkəti də artıq alternativ enerji layihələri ilə bağlı tərəfdaş kimi çıxış edəcək, bu işə öz töhfəsini verəcək. Ondan sonra Şərqi Avropa, Balkan ölkələri, Xəzərin o tayından Qazaxıstan, Cənub qonşumuz İran, Özbəkistanın neft-qaz şirkəti hamısı Bakıya gəlmişdi. 1994-cü ildən Bakıda keçirilən tədbirin yenidən öz məcrasına qayıtması çox yaxşı haldır. Bu sektor inkişaf edir, bu sektorun özünün maraqları var. Bütün maraqlar Azərbaycanda birləşdi, onlar öz maraqlarını bölüşdülər, hər bir tərəfi qane edəcək şəkildə bir biznes qurulması ortaya qoyuldu. Bu forumun əsas əhəmiyyəti tərəflər arasında ünsiyyətin qurulmasıdır".

İ. Şaban qeyd etdi ki, forumun Şuşada keçirilməsi gündəmdə deyil: “Ancaq Şuşada alternativ enerji ilə bağlı sessiya keçiriləcək. Çünki Şuşa təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də işğaldan azad etdiyimiz ərazilərin paytaxtı kimi qəbul edilir. Azərbaycan hökuməti də bu siyasəti keçən ildən açıqlayıb. Biz işğaldan azad etdiyimiz əraziləri ”yaşıl enerji" zonası kimi, yəni enerji istehsalı və istehlakında “yaşıl enerji” zonası kimi görürük".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR