Bu ay Rusiya-Ukrayna savaşının 4 ili tamam olacaq. Bu müddət ərzində ön cəbhədə həlak olanlar arasında qeyri-rus etnoslarına mənsub şəxslərin sayının günbəgün artması daim diqqət mərkəzindədir. Xüsusilə, Rusiya vətəndaşı olan azərbaycanlıların bu müharibədə “canlı qüvvə” kimi istifadə olunması bizlər tərəfindən ciddi narahatlıq doğurur.
Təəssüfedici hal ondan ibarətdir ki, son aylarda Ukrayna cəbhəsində Rusiya tərəfindən döyüşlərdə iştirak edən soydaşlarımızın ölüm halları daha çox artıb. Hər kəsə məlumdur ki, bu savaş nöqtəsində döyüşən qeyri-rus millətləri müəyyən məbləğdə maliyyə qarşılığında “həyatları ilə çilingağac oynayırlar”...
Son olaraq, Dövlət Təhlükəsizliyi Xidmətinin Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda iştirak etmiş 4 Azərbaycan vətəndaşını məsuliyyətə cəlb etməsi bu məsələni bir daha aktullaşdırıb.
Ukrayna cəbhəsində döyüşən azərbaycanlıların qarşısını necə almaq olar?
AMİP liderinin köməkçisi, siyasi şərhçi Əli Orucov hesab edir ki, bu proses məqsədli xarakter daşıyır və Kremlin daxili siyasi hesablamaları ilə birbaşa bağlıdır.

O, Musavat.com-a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsində cəbhə xəttində döyüşlərin ən aktiv bölgələrinə qeyri-rusların göndərilməsi adi hala çevrilib:
“Ön xətdə əsasən etniklər döyüşür, ən böyük itkiləri də məhz onlar verir. Bunun əsas iki izahı var, birincisi, Rusiyada milli azlıqların sürətlə artımının qarşısının alınması, digəri isə rusların ciddi etirazlarının önlənməsi. Əgər rus millətindən olan itkilər çox olarsa, bu, Putin iqtidarına qarşı cəmiyyətdə narazılıqları körükləyər.
Etnik azlıqların isə Rusiya ictimai siyasi mühitində rolu minimuma endirilər. Məhz Azərbaycan kökənli Rusiya vətəndaşlarının da döyüşlərin getdiyi ön cəbhəyə göndərilməsi bu kontekstdən izah olunmalıdır. Bir sıra hallarda isə onları aldadırlar, yalan vədlər verilərək tora salınırlar. Yaxud da məcburən səfərbərliyə cəlb edilirlər.
Təəssüflər olsun ki, belə halların qarşısının alınmasında Bakının əlində hüquqi mexanizmlər demək olar yoxdur. Azərbaycan Rusiya iqtidarından tələb edə bilməz ki, sən döyüşə rusları göndər, Rusiya vətəndaşı olan soydaşlarımızı deyil. Bu, bir dövlətin başqa bir dövlətin daxili işinə qarışmaq anlamına gələr. Ancaq orada yaşayan soydaşlarımız ayıq-sayıq olmalı, qanuni mexanizmlərdən istifadə etməli, şirnikləndirici vasitələrdən çəkinməlidir. Könüllü olaraq döyüşə gedib həlak olmağın, sağlamlıqlarını itirməyin səhv seçim olduğunu dərk etməlidirlər. Azərbaycan vətəndaşlarının pul müqabilində vuruşan tərəflərin silahlı qüvvələrində iştirakı cinayət qanunvericiliyi ilə cinayətdir. Buna görə məsuliyyət nəzərdə tutulur.
DTX-nin son günlər həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində bir neçə nəfər həbs edilib, barələrində müvafiq hüquqi tədbirlər görülüb. Düşünürəm ki, xarici silahlı birləşmələrdə iştirak edən hər kəs etdiyi əməlin cavabını alacaq və almalıdır”.
Cavanşir ABBASLI
Musavat.com






