İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycanlıların Qumda təhsil alması qadağan olunmalıdır”

1744 18.11.2022 17:13 Media A A

Rəsul Mirhəşimli: “İlahiyyat İnstitutunun təhsil bazasını genişləndirərək ölkəmizdə dini təhsili təkmilləşdirməliyik”

Bir neçə gün əvvəl İran xüsusi xidmət orqanlarının casus şəbəkəsi ifşa edildi. Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda deyilir ki, həyata keçirilən tədbirlər nəticəsində müəyyən edilib ki, Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində işləyən Əsgərov Zahir Fəxrəddin oğlu İranın Qum şəhərində dini təhsil aldığı müddətdə maddi maraq müqabilində adıçəkilən ölkənin xüsusi xidmət orqanı nümayəndələri tərəfindən məxfi əməkdaşlığa cəlb edilib.

O, ötən dövr ərzində onların tapşırığı ilə Azərbaycanın suverenliyi və müdafiə qabiliyyətinin zərərinə istifadə etmək üçün xarici dövlətlərin ölkəmizdə fəaliyyət göstərən şirkət və nümayəndəlikləri, Xəzər dənizində Hərbi Dəniz Qüvvələrinin keçirdiyi təlimlərin yeri və vaxtı, neft platformalarına daşınan yüklər barədə məlumatlar toplayıb. Zahir Əsgərov sözügedən məlumatları mobil telefon vasitəsilə, eləcə də İranda həmin şəxslərlə görüşlər zamanı bilavasitə təqdim etməklə casusluq formasında dövlətə xəyanət edib.

Ümumiyyətlə,  bəzi ekspertlər təklif edir ki, Azərbaycandan İrana təhsil almaq qadağan olunmalıdır.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov da mediaya açıqlamasında deyib ki, bir çox hallarda tələbələr xaricdə təhsil aldıqları ölkənin dini-ideoloji təbliğatına məruz qalırlar: “Nəticədə, Azərbaycana qayıtdıqdan sonra həmin ölkənin ideologiyasını, dini təlimlərini təbliğ etməyə başlayırlar. Ona görə də azərbaycanlıların İrana gedərək din təhsili almasının qadağan olunması ilə bağlı mexanizmlər düşünülməlidir”.

Deputat bildirib ki, gənclərə ölkədə kifayət qədər yaxşı təhsil verən ali məktəb olduğunu və xaricdə din təhsili almağa ehtiyac olmadığını aşılamaq lazımdır: “Əvvəlki dövrlərdə, yəni Azərbaycan yeni müstəqillik əldə etdiyi vaxtlarda bir çox vətəndaşlarımız İrana gedərək orada dini təhsil alıb ölkəyə qayıdırdılar. İndi isə Azərbaycanda İlahiyyat İnstitutu var və bir neçə ildir ki, uğurlu fəaliyyət göstərir. Azərbaycan vətəndaşlarının dini təhsil almaq üçün xaricə getmələrinə zərurət yoxdur. Bizim tələbələr Azərbaycanda təhsil alaraq müəyyən bilik və savada yiyələnə bilərlər”.

Hay-küylü xəbər başlığı ilə oxucunu bir dəfə aldatmaq olar" - 30.06.2017,  Sputnik Azərbaycan

Rəsul Mirhəşimli 

İlahiyyatçı Rəsul Mirhəşimli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, 2015-ci ildə Milli Məclis “Dini etiqad azadlığı haqqında” qanununda dəyişikliklər edilməsi barədə qərar qəbul edib: “Həmin dəyişikliyə əsasən, İslam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər. Xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşlarına İslam dininə aid ayin və mərasimlər aparması qadağandır. Lakin bu məsələni təkcə xaricdə dini təhsilə məhdudiyyət qoyulmaqla tənzimləmək asan deyil. Böyük ehtimalla İranın xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunanlar təkcə bu ölkədə dini təhsil alanlarla məhdudlaşmır. Nəzəri baxımdan İranla biznes əlaqələri olanlar və tamamilə başqa sahənin insanları da əməkdaşlığa cəlb oluna bilərlər”.

İlahiyyatçı əlavə edib ki, İrana dini təhsil almağa gedənlər bunu rəsmi yollarla həyata keçirmir: “Müxtəlif yollarla bu ölkəyə gedir, orada dini təhsil alırlar. Qanun xaricdə dini təhsil almış vətəndaşlara dini ayinləri qadağan etdiyi üçün həmin adamlar Azərbaycanda din xadimi kimi də fəaliyyət göstərmirlər. Elə DTX-nın keçirdiyi son əməliyyat zamanı həbs olunan şəxs də Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində işləyib. Bu məsələ hər şeydən əvvəl vicdan məsələsidir. Bu ölkənin vətəndaşı olub, bu ölkənin çörəyini yeyən şəxs özünü bu qədər alçaldıb, başqa bir ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməz. Milli kimlik vətəndaşın öz ölkəsinə sevgisini, onun adət-ənənəsinə, Vətənə məhəbbət hissini ortaya qoyur. Milli kimliyini itirənlər isə hər cür aşağı işləri özlərinə yaraşdırırlar.  Hesab edirəm ki, Azərbaycanda İlahiyyat İnstitutunun təhsil bazasını genişləndirməklə öz ölkəmizdə dini təhsili daha da təkmilləşdirməyə nail olmaq mümkündür. Bu işi həyata keçirmək üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Elm və Təhsil Nazirliyi fəaliyyətlərini koordinasiya etməklə daha müsbət nəticələr əldə edə bilər”.

 Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Dini və milli tolerantlıq, millətlətarası münasibətlərin inkişaf etdirtilməsi" mövzusunda hazırlanıb. 

Hazırladı: Afaq Mirayiq

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR