“Ermənistan monoetnik bir ölkədir. Əhalisinin 99 faizini bir xalqın nümayəndələri təşkil edir. Onlar bu coğrafi ərazidə yerləşməyə başlayandan bölgədə yaşayan köklü xalqları sıxışdırmağa başlayıb və nəticədə belə bir dövlət qurublar”.
Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov bunu Musavat.com-a açıqlamasında deyib.

Ekspert əlavə edib ki, biz çoxmədəniyyətliliyin əsrlər boyu mövcud olduğu bir ölkəyik:
“Bizdə istər köklü olan yerli xalqlar, istərsə də sonradan məskunlaşan xalqlar heç vaxt ayrıseçkiliyə məruz qalmayıb. Bu baxımdan mən Ermənistan rəsmilərinin əvvəllər və indi verdiyi açıqlamalara təəccüb etmirəm. Bu, onların həm siyasəti, həm də milli xarakterləridir.
Əslində isə hər bir xalqın tarixən təşəkkül tapdığı ərazilərdə yaşamaq, həmin ərazinin təbii sərvətlərindən bəhrələnmək, öz ana dilindən, mədəni irsindən istifadə hüququ var.
Ermənistan beynəlxalq hüquqda əks olunan bu prinsipləri əməldə qəbul etməsə də, hüquq sistemində qəbul edir”.
S.Məmmədov Azərbaycanın dövlət başçısının mövqeyinə diqqət çəkib:
“Prezident İlham Əliyev tamamilə düz qeyd edib ki, “Azərbaycan əhalisi öz əzəli tarixi torpaqlarında yaşayır və yaşadıqları ölkələrdə ləyaqətli vətəndaşlar kimi yaşayırlar”.
Bəli, bizim xalq yaşadığı ölkəyə heç vaxt xəyanət etməyib, separatçılığa meyilli deyil, əksinə, yaşadıqları dövlətə sədaqət nümayiş etdiriblər. Hətta azərbaycanlılar vətəndaşı olmadığı ölkələrdə yaşayanda belə, həmin ölkəyə öz töhfələrini verirlər.
O ki qaldı beynəlxalq hüquqa, əlbəttə, azərbaycanlıların öz tarixi vətənlərinə dönüş hüququ var. Baxmayaraq ki, onlar 1998-ci ildə Azərbaycan vətəndaşlığını əldə ediblər”.
Azərbaycanlıların Qərbi Azərbaycana qayıdışını beynəlxalq hüququn da imkan tanımasına diqqət çəkən Sahib Məmmədov bunları söyləyib:
““Qaçqınların statusu haqqında” Konvensiyanın 1-ci maddəsinin C bölməsinin 3-cü bəndinə əsasən, Konvensiyanın müddəaları yeni vətəndaşlıq əldə edən və yeni vətəndaşı olduğu ölkənin himayəsindən istifadə edən şəxslərə şamil olunmur. Beləliklə, beynəlxalq hüququn yanaşması baxımından da hazırda Qərbi Azərbaycandan deportasiya olunan şəxslər və onların övladları BMT-nin “Qaçqınların statusu haqqında” Konvensiyasının və ona əlavə olunan protokolun müdafiəsi altına düşmür.
Bununla belə, Konvensiyanın 1-ci maddəsinin C bölməsinin 1-ci bəndinə əsasən, mənşə ölkəsinin vətəndaşlığını itirmiş şəxs sonradan könüllü olaraq onu yenidən əldə edə bilər.
Konvensiyanın bu müddəası onu ehtiva edir ki, hətta qaçqın statusunu itirmiş şəxsin sonradan mənşə ölkəsinə qayıtmaq və vətəndaşlığını bərpa etmək hüququ var. Bu, məhz hüquqdur və könüllü olmalıdır.
Yəni beynəlxalq hüququn nöqteyi-nəzərindən yanaşsaq, vaxtilə indiki Ermənistan ərazilərində yaşamış azərbaycanlılar və onların vərəsələri könüllü olaraq öz tarixi vətənlərinə qayıtmaq hüququna malikdir”.
Bəs könüllülük nədir? STM-in icraçı direktoru:
“Yəni nə Azərbaycan dövləti onları öz vətənlərinə qayıtmağa məcbur edə bilər, nə də mənşə ölkəsi olan Ermənistan onların qayıdışının qarşısını ala bilər. İstəyirlərsə, qayıda bilərlər”.
E.Paşasoy,
Musavat.com






